Главная > Dünya / Manset > Azərbaycan sərhədi “genişləndirir”, ermənilərin sülhməramlılara ümidi qalmır – TƏHLİL

Azərbaycan sərhədi “genişləndirir”, ermənilərin sülhməramlılara ümidi qalmır – TƏHLİL


12-08-2022, 15:22. Разместил: admin
Azərbaycanın keçirdiyi “Qisas” antiterror əməliyyatı, Gorus-Xankəndi yoluna (keçmiş Laçın dəhlizi) alternativ marşrutun tikintisinin yekunlaşması ermənilərin dalandakı hayqırtılarını çoxaldır.

Bu, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində yaşayan ermənilərin ümid bağlayacağı yerlərin ağzının “qıfıllanması” ilə əlaqəlidir.

İndi mülki ermənilər özlərinin taleyini Ermənistanın əllərinə buraxmaq istəmir, üstəgəl sülhməramlıların, daha dəqiqi, Rusiyanın saqqızını oğurlaya bilmək potensialından da məhrum olurlar.

Azərbaycan dövləti 10 Noyabr Bəyanatının imzalanmasından sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına daxil olan əraziləri hərbi infrastruktur, iqtisadi alətlər və kəşfiyyat imkanları ilə mühasirəyə alıb.

“Qisas” əməliyyatı həmin imkanların uğurla sınaqdan keçirilməsi idi və Rusiya haqqında formalaşmış “Moskva imkan verməz ki, Azərbaycan əməliyyat keçirsin” təsəvvürlərini darmadağın etdi.

İndi ermənilər daha aydın şəkildə dərk etməlidirlər ki, onlar ya Azərbaycan bayrağı altına keçib vətəndaşlıq üçün lazım olan kriteriyaları yerinə yetirməli olacaqlar, ya da ki taleləri havadan asılı qalacaq.

10 Noyabr Bəyanatı ermənilərin Rusiyaya bəslədiyi inamı havaya sovurmamışdı, ancaq “Qisas”dan sonra istər İrəvan, istərsə də, Qarabağdakı ermənilər anladılar ki, sülhməramlılar Azərbaycanın bundan sonrakı hər hansı antiterror əməliyyatlarını saxlaya biləcək qüvvə deyil.

Azərbaycanla Türkiyə birgə addımlar ataraq Rusiya sülhməramlılarının faktiki statusunu dəyişə bildilər, yəni Bakı-Ankara birliyi Rusiya qoşunlarının Azərbaycan ərazilərinə işğalçı kimi deyil, sülhyaratmanın bir missiyası olaraq gəlməsinə nail oldu.

Təbii ki, Azərbaycan hər addımı nəzarətdə saxladı, sülhməramlıların dəxlsiz və mandatdan kənar fəaliyyətlərini tənqid etdi, Rusiya hərbi-siyasi rəhbərliyi ilə mütəmadi əlaqələr saxlayaraq problemlərin aradan qalxması tələblərini səsləndirdi.

Bundan sonra Qarabağdakı Rusiya hərbçiləri özlərinə çəki-düzən verməyə başladılar və hazırda onlar fəaliyyətlərini Azərbaycanın hüquqi çağırış və tələbləri əsasında qururlar.

“Qisas”dan sonrakı panorama göstərdi ki:

- Azərbaycan həm Qərb, həm də Rusiya ilə münasibətlərdə artan əhəmiyyəti fonunda antiterror əməliyyatları və ya digər hərbi əməliyyatlarda qətiyyətli olduğunu sübut etdi;

- Azərbaycanın “Qisas” əməliyyatı həm Rusiya, həm də Qərbin qırmızı xətlərini yoxladı.

PROQNOZLAR:

1. Azərbaycan növbəti əməliyyatların ayaq səslərini eşitdirir, hər hansı təxribat baş qaldırsa, Bakı yenidən silahları işə salacaq;

2. Qərb insan hüquqları, Rusiya isə təhlükəsizlik məsələsini qabartsa da, bunlar çox xırda detallardır və onlar Bakının gələcək addımlarının qarşısına keçməyəcəklər;

3. Hazırda ən çox hərəkətlilik Azərbaycan-Ermənistan sərhədində müşahidə olunur və növbəti lokal əməliyyatların ünvanı bu region ola bilər.
Вернуться назад