Главная > Dünya > Nikolayevdə ukraynalılar su böhranı yaşayır - FOTO

Nikolayevdə ukraynalılar su böhranı yaşayır - FOTO


7-06-2022, 17:46. Разместил: admin
Rusiyanın Ukraynada apardığı müharibə daha bir böhrana səbəb olub.

“Report”un məlumatına görə, Ukraynanın cənubunda, cəbhənin həlledici bölgələrindən olan Nikolayevdə Rusiya ordusunun artilleriya atəşi nəticəsində su təchizatı sistemi dağılıb, sakinlər digər bölgələrdən gətirilən su növbələrinə məhkum qalıb. Eyni zamanda, Rusiya ordusunun qonşu Xersonu işğal etməsi nəticəsində əlavə su mənbəyinin tapılmasında çətinlik yaranıb.

Nikolayev Su Təsərrüfatı İdarəsinin Baş direktoru Boris Dudenko bildirib ki, Nikolayev şəhərinin Dnepr çayı vasitəsilə su təchizatını təmin edən boru kəməri aprelin 12-də aparılan döyüşlər zamanı zədələnib:



“Təəssüf ki, yarım milyon əhalisi olan şəhər, təxminən, 20-22 gün ərzində susuz qalıb. Müvafiq olaraq, bu müddətdə kanalizasiya sistemləri də işləməyib. Dəymiş zərər, təqribən, 20 milyon qrivna (1,1 mln manat - red.) səviyyəsində qiymətləndirilir. Əhaliyə, sistemə dəymiş ziyanı isə pul ilə ölçmək mümkün deyil. Çünki su həyatdır və onun yoxluğu həyatın olmaması deməkdir. Bu məsələni həll etmək üzərində çalışdıq və hazırda şəhərin mərkəzləşdirilmiş sisteminə su Yujnıy Buk çayından, daha dəqiq desək, Yujnıy Buk limanından daxil olur. Yujnıy Buk limanı çayın Qara dənizə töküldüyü yerdir. Külək dəniz istiqamətindən əsdikdə sistemlərimiz onun tərkibindəki duzu təmizləmək, suyu içməli hala gətirmək iqtidarında olmur. Bu səbəbdən qərara alınıb ki, əhalinin sanitar tələblərini qarşılamaq üçün bu sudan istifadə edilsin, daha sonra isə başqa su mənbələri axtarılsın. Elmi mərkəzlərlə də iş aparırıq. Onların köməyi ilə Nikolayev şəhərini içməli su ilə təchiz etmək üçün yeni mənbə tapmağa ümid edirik”.



Onun sözlərinə görə, suyu bakterioloji çirklənmədən kifayət qədər yaxşı təmizləmək mümkün olmur:

“Təmizlənmədən sonra su bakterioloji tələblərə cavab verir, amma kimyəvi analiz üzrə tələblərə cavab vermir. Bu səbəbdən, həmin sudan içmək yaxud yemək bişirmək üçün istifadə etmək olmaz, ondan yalnız sanitar məqsədlərlə istifadə etmək mümkündür. Su təchizatını təmin etmək üçün hazırda boruların zədələndiyi ərazilərə çıxışımız yoxdur. Həmin ərazilər hazırda “boz ərazi” adlandırdığımız fəal hərbi əməliyyatların aparıldığı bölgələrdə yerləşir. Əraziləri işğaldan azad edə bilsək, su təchizatı maksimum qısa zamanda bərpa ediləcək. Əks halda, Nikolayev şəhəri üçün alternativ su təchizatı mənbələri axtarmalı olacağıq. Bu isə çətin məsələdir, çünki Nikolayev şəhəri iki çayın hövzəsində yerləşsə də, əlimizdə olan texnologiyalar bu çayların suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan vermir”.



Hazırkı böhranla əlaqədar olaraq Nikolayev şəhərinin içməli su təchizatı ilə təminatında iştirak edən yerli deputat Ramil Ağabəyov şəhərin gündəlik tələbatının, təxminən, 40 min kub metr təşkil etdiyini bildirib.

“Nikolayevə gələn su xətti vurulduqdan sonra şəhəri, insanları su ilə təmin etmək üçün əlimizdən gələni etdik. Odessadan, Kiyevdən, Lvovdan və digər şəhərlərdən Nikolayevə maşınlarla su daşınması həyata keçirildi. Su şəhərin bütün rayonlarına çatdırılırdı. Düzdür, indi də bunu müşahidə edə bilərsiniz, amma hazırda vəziyyət əvvəlkinə nisbətən yaxşıdır. Çünki artıq şəhərə texniki su verilir və məişətdə istifadə edilən suya olan tələbatı azaldır. Şəhərin suya olan gündəlik tələbatı təqribən 40 min kub metr təşkil edir. Biz çörək zavodunu da, zooparkı da su ilə təmin edirdik. Su ilə təminat məsələsində bütün Ukrayna bizi dəstəklədi. Şəxsən mən özüm 3500 ton su gətirmişəm. Hazırda da bir çox rayonları su ilə təmin etməyə davam edirik. Amma bir daha təkrar edim ki, vəziyyət xeyli yaxşılaşıb. Hazırda əhalinin yalnız içməli su ilə təminatını həyata keçiririk”, - o əlavə edib.




Вернуться назад