Главная > Dünya / Manset > Məhəmməd Fərəcallah: “Türkiyə ən optimal vasitəçidir, ərəb dünyası isə kömək etmək iqtidarında deyil”

Məhəmməd Fərəcallah: “Türkiyə ən optimal vasitəçidir, ərəb dünyası isə kömək etmək iqtidarında deyil”


2-06-2022, 11:20. Разместил: admin
Ukrayna ilə Rusiya arasındakı siyasi və hərbi böhran artıq üç aydan çoxdur ki, davam edir. Müharibə aparan tərəflər arasında nazirlər və hərbi nümayəndələr səviyyəsində görüşlər keçirilsə də, konkret qərarların qəbul edilməsi mümkün olmayıb. İstər Ukrayna, istərsə də Rusiya Federasiyasının rəhbərliyi ilə əlaqədə olan Türkiyə mütəmadi olaraq öz vasitəçilik təklifini irəli sürür. Türkiyə Prezidenti dəfələrlə bəyan edib ki, Rusiya ilə Ukrayna arasındakı böhranın ən qısa zamanda sülhlə sona çatmasını istəyir.

Beynəlxalq siyasət üzrə ekspert, “Ukrayna ərəbcə” nəşrinin baş redaktoru, doktor Məhəmməd Fərəcallah Oxu.Az-a açıqlamasında Ukrayna-Rusiya münaqişəsinin həllində Türkiyəni ən optimal vasitəçi saydığını söyləyib:

“Hesab edirəm ki, hazırda ən optimal vasitəçi Türkiyədir. Vasitəçi güclü olmalı, ona bütün tərəflər hörmət etməli və o, öz səsini eşitdirməyi bacarmalıdır”.

Siyasi analitik hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə necə danışmağın lazım olduğunu çox gözəl bilir.

“Bu, bəzən hörmətlə, lakin bəzən də ultimativ formada edilir. Bunun birinci bariz nümunəsi Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozmağa cəhd edəndə vurulması idi. İkincisi isə Qarabağın azadlığı uğrunda gedən müharibədir. Rusiya Türkiyə ilə “Türk axını” qaz kəməri ilə bağlı danışıqlar aparırdı, Ankara isə Rusiya Federasiyasının müttəfiqi Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana siyasi dəstək verirdi. Türkiyə bir sıra məsələlərdə öz fikrinin olduğunu göstərməklə bərabər vasitəçi olmağa da hazırdır. Putin bu yanaşmadan həm qorxur, həm də hörmətlə yanaşır”.

Ekspert əmindir ki, əgər tərəflər nəyəsə razılaşarsa və sonra bir ölkə (açıq-aydın bu Rusiya ola bilər) razılaşmalardan yayınmaq istəsə, Türkiyə Cümhuriyyəti Qara dənizin əsas hərbi gücü kimi Ukraynayönümlü mövqeyə keçə və bununla da Rusiyanın kefinə soğan doğraya bilər.

Məhəmməd Fərəcallah Ankaranın Suriyada maraqlarının olduğunu da xatırladıb:

“Ərəb Dövlətləri Liqası Ukrayna və Rusiyanın xarici işlər nazirləri Dmitri Kuleba və Sergey Lavrova israrla deyil, məhz yumşaq şəkildə öz vasitəçilik xidmətlərini təklif edib. Amma bu, daha çox nəzakətli bir jest idi. Ərəb dünyası Səudiyyə Ərəbistanı istisna olmaqla, bu məsələlərin həllində heç bir köməklik göstərmək iqtidarında deyil.

Səudiyyə Ərəbistanı hadisələrin gedişatını, məsələn, neft hasilatının səviyyəsini artırmaqla dəyişə bilər. Amma Türkiyə və Səudiyyə Ərəbistanı yaxınlaşmağa başladı, Prezident Ərdoğan Ər-Riyada tarixi səfər etdi. Ona görə də Səudiyyə Ərəbistanı diplomatik protokolu pozmayacaq, çünki dost dövlət - Türkiyə artıq Kiyev və Moskva arasında danışıqlar üçün türk platformasını təklif edib”.
Вернуться назад