Главная > Dünya / Manset > Türkiyə üçün prioritet layihə - "Akkuyu" AES
Türkiyə üçün prioritet layihə - "Akkuyu" AES15-05-2022, 22:24. Разместил: admin |
Türkiyə ilə Rusiya arasında “əsrin layihəsi” kimi qeyd olunan “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) inşası reallaşmaq üzrədir. Bu müjdəni türk xalqına çatdıran prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin ilk nüvə stansiyası gələn ilin sonuna qədər istifadəyə veriləcək. Bir çoxları hesab edirdi ki, Türkiyə Ukraynadakı müharibə səbəbindən Rusiya ilə bu razılaşmanı donduracaq. Və etiraf etmək lazımdır ki, bu istiqamətdə ona xeyli təzyiqlər də oldu. Lakin gözləntilərin əksinə olaraq, Türkiyə onun üçün zəruri olan bu layihəni dayandırmadı. Məsələ ondadır ki, stansiyanın inşası yekun mərhələdədir. Başqa bir fakt - layihəyə sərf olunan vəsaitin həcmi də tərəflər arasında yarıya bölünüb. Rusiya nağd pul, Türkiyə isə texnika, avadanlıq qismində layihədə pay sahibidir. Qərbi sakitləşdirmək üçün Ankara Rusiyadan savayı digər ölkələrlə də nüvə stansiyalarının inşasının nəzərdə tutulduğunu bəyan edib. Sinopda yaponlarla daha bir AES-in əsasını qoymaq üçün işlər yekunlaşmaq üzrədir. AES-lərin yerləşdiyi ərazilərə gəlincə, bu layihələr 2000-ci illərdən məlumdur. İlkin olaraq AES danışıqları Fransa-Yapon və Çin-Amerika konsorsiumu ilə aparılıb. Bütövlükdə Türkiyə hakimiyyəti “Akkuyu” AES-dən əlavə daha iki atom elektrik stansiyası tikmək niyyətindədir. “Akkuyu” Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. O ki qaldı Ankaranın nüvə dövlətinə çevriləcəyi barədə ittihamlara - rəsmi Ankara dəfələrlə bəyan edib ki, Türkiyənin iqtisadi müstəqilliyi və ölkənin rifahının yüksəlməsi tərəfdarı olan hər kəs nüvə enerjisindən dinc məqsədlər üçün istifadəni dəstəkləməlidir. Mövzu ilə bağlı Kaspi qəztinin yazısını təqdim edirik. Türkiyə 40 milyard dollardan çox gəlir götürəcək AES-in baş direktoru Anastasiya Zoteyeva bildirib ki, Türkiyə tərəfi “Akkuyu”nun elektrik enerjisi satışından 40 milyard dollardan çox gəlir əldə edəcək. "Türkiyə iqtisadiyyatının artımını və elektrik enerjisinə tələbatın artımını nəzərə alsaq, satışdan gələn gəlirin məbləği 40 milyard dolları keçə bilər", - deyən Zoteyeva əlavə edib ki, vergilərin və sosial ödənişlərin həcmi daha çox olacaq. Təxminən 20 milyard dollar dəyərində olan və Türkiyənin elektrik ehtiyacının 10 faizini qarşılayacaq bu dördbloklu meqalayihə tikinti mərhələsində 10 min insanı işlə təmin edib. İstismar mərhələsində isə AES-də 3.500 nəfər çalışacaq. Türkiyə Sinopda tikintisi planlaşdırılan nüvə obyektinin istifadəyə verilməsi ilə elektrik enerjisinə olan tələbatının 20 faizini təmin edəcək mərhələyə yaxınlaşacaq. "İnşa et, sahib ol, istismar et" Yeri gəlmişkən, Mersində - Aralıq dənizi sahilində inşa edilən stansiya Türkiyə tarixinə ilk AES kimi düşməklə yanaşı, dünya atom enerji tarixinə "inşa et-sahib ol-istismar et" (ingiliscə BOO, Build-Own-Operate) modeli ilə düşəcək ilk enerji obyekti olacaq. Bu formula uyğun olaraq Türkiyə hakimiyyət orqanları Rusiya tərəfinə AES inşası üçün meydança təqdim etməklə yanaşı, elektrik enerjisinin müəyyən hissəsini almaqla bağlı da təminat verib. Rusiya tərəfi isə stansiyanın layihələndirilməsi, inşası, istismarı və xidmətini həyata keçirəcək "Akkuyu nuklear" layihə şirkətini də qurub. Eyni zamanda bundan irəli gələcək bütün xərc və riskləri öz üzərinə götürüb. Yəni türk tərəfi sanksiyalara qoşulmaqla çox şeydən məhrum olacaqdı. AES-in tikinti sahəsinin infrastrukturu ilə bağlı bütün işlər Türkiyənin mövcud norma və qanunlarına uyğun, eləcə də hökumətin tövsiyələri əsasında həyata keçirilir. “Akkuyu” AES-in başqa bir əhəmiyyəti də odur ki, bu layihə Türkiyə-Rusiya münasibətlərinin sabit qalmasını təmin edəcək. Bu AES münasibətlərdə tamamilə yeni bir mərhələdir. Layihə həm də iki ölkə arasında əlaqələri geosiyasi və strateji baxımdan gücləndirmək, onların davamlılığını təmin etmək və hər iki tərəfə regionda xüsusi güc vermək əhəmiyyətinə malikdir. “Akkuyu” AES Türkiyənin iqlim dəyişikliyi ilə mübarizəsinə və Türkiyə iqtisadiyyatının canlanmasına da mühüm töhfə verəcək. Belə ki, bu gün dünyada iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayan nüvə enerjisinə artan tələbat var. “Metsamor”un bağlanması reallaşır Bir faktı da qeyd edək ki, “Akkuyu”nun reallaşması “Metsamor” AES-in təhlükəsini də gündəmə gətirib. Yalnız dünya ekspertlərinin deyil, Ermənistanın aparıcı ekspertlərinin də stansiyanın vəziyyəti ilə bağlı verdikləri proqnozlar ürəkaçan deyil. Erməni ekoloji təşkilat fəalları hesab edirlər ki, “Metsamor” olduqca təhlükəlidir. Xüsusilə Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərqlə Qərb arasında dəhliz rolunu oynayan bir regionun istər ekoloji, istərsə də siyasi-iqtisadi baxımdan təhlükəsizliyi Qərb dövlətlərini də narahat etməlidir. Cənubi Qafqaz regionu o qədər böyük olmasa da, burada bir neçə dövlətin ərazisi paylaşılır. Nəticədə, region dövlətlərindən birində baş verən hər hansı bir fəlakət bu və ya digər dərəcədə regionun digər ölkələrindən də yan keçməyəcək. “Metsamor”un köhnə olması, müasir AES-lərdən geridə qalmasını nəzərə alsaq, Ermənistanın 37 yaşlı reaktorunun regionu hansı miqyasda təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil, beynəlxalq aləmi də düşündürməlidir. Вернуться назад |