Главная > Dünya > Depardye Putini tənqid etdi, Kreml cavab verdi

Depardye Putini tənqid etdi, Kreml cavab verdi


2-04-2022, 12:30. Разместил: admin
Rusiya vətəndaşlığı olan məşhur fransalı aktyor Jerar Depardye Ukraynadakı müharibəyə görə Rusiya Prezidenti Vladimir Putini tənqid edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” və “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Depardye Rusiyanın Ukrayna ərazisinə hücumunu Putinin “ağılsız və yolverilməz dərəcədə həddini aşmaq” olaraq dəyərləndirib. Bununla yanaşı, fransalı aktyor qeyd edib ki, Rusiya xalqı öz rəhbərlərinin qəbuledilməz fəaliyyətlərinə görə məsuliyyət daşımır. O həmçinin bildirib ki, Parisdə aprelin əvvəlində keçiriləcək üç konsertin bilet satışından əldə olunan vəsaitləri müharibədən zərər görən ukraynalılara dəstək üçün verəcək.

Kreml isə öz növbəsində Depardyenin açıqlamasına münasibət bildirib və qeyd olunub ki, aktyor Ukraynada baş verənləri tam olaraq anlamır.

“O, Ukraynada 2014-cü ildə nə baş verdiyini anlamır, o, Minsk razılaşmaları, Donetsk və Luqanskın nə olduğunu bilmir. O bütün bunları daha yaxşı başa düşsün deyə, lazım gələrsə, bunları ona danışmağa və izah etməyə hazırıq”, - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Depardye 2013-cü ildə Rusiya vətəndaşlığı alıb. Belə ki, Fransa hökuməti 1 milyon avrodan yüksək gəlir üçün 75%-lik vergi tətbiq etdikdə, fransalı aktyor Rusiya vətəndaşlığı almaq qərarına gəlib. Bununla yanaşı, o, 2014-cü ildə Qroznıda mənzil əldə edib.


Вернуться назад