Главная > Dünya / Manset > Ukraynada nazirliklərə qarşı kütləvi kiberhücumlar var

Ukraynada nazirliklərə qarşı kütləvi kiberhücumlar var


16-02-2022, 14:21. Разместил: admin
“Ötən gecə Ukraynanın bir çox dövlət internet resurslarına və bankların saytlarına yenidən kiberhücumlar olub. Müdafiə Nazirliyinin və bir çox digər qurumların saytı DDoS hücumlara tab gətirməyərək fəaliyyətini dayandırıb”.

“Azadsəs.az” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz feysbuk səhifəsində bildirib.

O, xatırladıb ki, bir neçə gün öncə Xarici İşlər Nazirliyinin, Energetika Nazirliyinin resursları, Elektron Hökumət Portalı kiberhücum nəticəsində fəaliyyətini dayandırmışdı: “Ukraynanın İnformasiya Təhlükəsizliyi Mərkəzi bu ölkəyə qarşı kütləvi DDoS hücumların təşkil edildiyini və onun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparıldığını bildirib. Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi hücumların arxasında Rusiyanın dayandığını açıqlayıb”.

Osman Gündüz qeyd edib ki, ABŞ və NATO kiberhücumların qarşısının alınmasında Ukraynaya dəstək olacaqlarını açıqlayıblar: “Onlar kiberhücumların hansı fəsadlar yarada biləcəyi ilə bağlı Ukrayna rəsmiləri ilə birgə müzakirələr aparıblar. Bu cür hücumların ola biləcəyi haqqında da qabaqcadan onlar tərəfindən Ukrayna tərəfi məlumatlandırılmışdı. Hazırda NATO kiber ekspertləri Ukraynaya kiber müdafiə istiqamətində köməklik göstərirlər. NATO rəhbərliyi açıqlayıb ki, yaxın günlərdə NATO və Ukrayna arasında kiberəməkdaşlıq müqaviləsi imzalanacaq və Ukrayna NATO-nun kiber sahədə məlumat mübadiləsi platformasına daxil ediləcək”.
Вернуться назад