Главная > Dünya > Moskvadan azərbaycanlı və erməni ziyalıların görüşünə dair - Açıqlama

Moskvadan azərbaycanlı və erməni ziyalıların görüşünə dair - Açıqlama


31-12-2021, 12:33. Разместил: admin
“İrəvanla Ankara arasında münasibətlərin normallaşması regionda ümumi vəziyyətin yaxşılaşmasına töhfə verəcək”.

“Azadsəs.az” “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, Türkiyə-Ermənistan münasibətlərində baş verənləri dəyərləndirdiyi mətbuat konfransında Qarabağ ətrafında gedən proseslər kontekstində Cənubi Qafqazdakı vəziyyətə də toxunub.

Zaxarova Qarabağda hərbi münaqişə başa çatdıqdan sonra ötən həftə Moskvada erməni və azərbaycanlı icma nümayəndələri arasında keçirilən ilk görüşün nəticələri ilə bağlı sualı cavablandırıb.

Bildirib ki, belə tədbirlər əhəmiyyətlidir, oxşar təmaslar gələcəkdə də mütəmadi olaraq keçiriləcək.

“Biz inanırıq ki, erməni və azərbaycanlı icmalarının nümayəndələrinin Moskvada görüşü iki qonşu ölkənin elmi və istedadlı elitasının nümayəndələri arasında mehriban ünsiyyət üçün əlverişli mühit yaratmaq, Bakı və İrəvan arasında münasibətlərin ardıcıl normallaşdırılması məqsədinə nail olub.

İştirakçılar Azərbaycan və Ermənistan xalqları arasında etimadsızlıq səviyyəsinin azaldılmasında ziyalıların rolunu gördükləri ilə razılaşıblar. Digər məsələlərlə yanaşı, Azərbaycan tərəfindən erməni hərbçilərin qaytarılması, Ermənistan tərəfindən qalan mina xəritələrinin ötürülməsi və s. məsələlər müzakirə edilib.

Biz bu cür təşəbbüsləri dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Hesab edirik ki, mühüm razılaşmaların əldə olunmasına təkan verən və digər istiqamətlərdə irəliləyiş üçün atmosfer yaradan belə birləşdirici gündəm olduqca məqsədəuyğundur. Bu səbəbdən ümid edirik ki, gələcəkdə həm Azərbaycanda, həm də Ermənistanda bu cür təmasları müntəzəm olaraq davam etdirəcəyik”, - Rusiya XİN sözçüsü deyib.

Zaxarova onu da vurğulayıb ki, Rusiya, həqiqətən, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin inkişafında maraqlıdır:

“İrəvanla Ankara arasında münasibətlərin normallaşması regionda ümumi vəziyyətin yaxşılaşmasına, etimad və mehriban qonşuluq mühitinin yaradılmasına töhfə verir. Bu məsələyə tarixi prizmadan yanaşsaq, görünəcək ki, Rusiya, həqiqətən də, bu iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq istəyən bir ölkə olaraq bu sahədə xeyli işlər görüb.

Tərəflərin görüşü üçün xüsusi nümayəndələrin təyin edilməsi, fikrimizcə, münasibətlərin normallaşdırılması üçün qarşılıqlı istəyin inkişaf etdirilməsi məntiqli və əsaslı addımdır. Rusiya dəfələrlə vasitəçilik səylərini göstərməyə və bu həll prosesində rol oynamağa hazır olduğunu bəyan edib”.
Вернуться назад