Главная > Dünya / Manset > Zəngəzur dəhlizindəki şərtə qarşı Laçın koridoru: İlham Əliyevin mesajının mahiyyəti – ŞƏRH

Zəngəzur dəhlizindəki şərtə qarşı Laçın koridoru: İlham Əliyevin mesajının mahiyyəti – ŞƏRH


15-12-2021, 16:18. Разместил: admin
Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 14-də Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizi ilə Laçın dəhlizi arasında paralellər aparması müzakirələrə səbəb olub.

İlham Əliyev sitatını xatırladaq:

“Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir. Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir.

Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik.

Bu, məntiqlidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

10 noyabr bəyanatının 6-cı maddəsinə nəzər yetirək. Həmin müddəaya əsasən, Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən olunacaq.

Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Laçın şəhəri o dəhlizin ortasında qalır. Azərbaycan isə təklif edir ki, yeni bir dəhliz inşa edilsin. Bunun üçün üç il müddət nəzərdə tutulub.

Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın dəhlizi Laçın şəhərini əhatə etməyəcək.

Yəni Azərbaycan bununla Rusiya sülhməramlı kontingentinin Laçın şəhərindəki məsuliyyət zonasını qapamağa və onun alternativ dəhlizə dislokasiyasına nail olmaq istəyir.

İlham Əliyevin Laçın dəhlizi ilə Zəngəzur dəhlizi arasında analogiya aparması qətiyyən Azərbaycanın Laçın dəhlizini Ermənistana iqtisadi güzəşt kimi təqdim edən fikir kimi başa düşülə bilməz.

Bu, sadəcə şərtdir, İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizindəki “təftişedici” missiyasını həyata keçirməsinin qarşılığında ortalığa daha güclü tələb qoyur.Yəni “Zəngəzur dəhlizi olmasa, Laçın dəhlizinə də həsrət qalacaqsınız” anlamını daşıyan bir bəyanatdır. Üstəgəl o deməkdir ki, siz Zəngəzur koridorunda hər hansı müfəttişlik fəaliyyəti həyata keçirsəniz, bu zaman Laçın dəhlizi boyunca Azərbaycan alternativlər tətbiq edəcək.

Bunun üçün Bakının bir neçə variantı ola bilər:

1. Zəngəzur dəhlizində yoxlamalar olsa, Azərbaycan Laçın dəhlizində təhlükəsizlik tədbirlərini sırf hərbi modeldə həyata keçirəcək;

2. Ermənistan xoşməramlılıq nümayiş etdirsə, yəni Laçın koridorunu danışıqlarda status səviyyəsində müzakirəyə çıxarmasa, Azərbaycan bu dəhlizi Zəngəzur dəhlizindəki rejimə uyğunlaşdıracaq.

3. Burada da şərtli model ortaya qoyulur: Sən nəsə etsən, mən də daha artığını edəcəyəm.

İlham Əliyevin bəyanatının məhək daşında dayanan mesaj bundan ibarətdir, üstəgəl bu, həm də onun əlamətidir ki, Azərbaycan Laçın dəhlizinə nəzarəti bərpa edəcək.

Yəni, Azərbaycan Rusiya sülhməramlı kontingentinin Laçın koridorundan çıxarılması üçün müzakirələr aparır və bu məsələdə hansısa şifahi də olsa, razılıq əldə edilib.

Laçında gömrük onsuz da olacaq, çünki bura Ermənistanla sərhəddir. Nəhayətdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra gediş-gəliş də mümkün olacaq və nəticədə Azərbaycanın Laçında gömrük və sərhəd xidməti fəaliyyətə başlayacaq. İlham Əliyevin dediyini isə həmin xidmətlərdən əlavə ikinci bir postda yoxlamanı nəzərdə tuta bilən mesaj kimi dəyərləndirmək olar.
Вернуться назад