Главная > Dünya / Manset > Taras Kuzio: “Nə İran, nə də Rusiya Cənubi Qafqaz regionunda vəziyyəti normallaşdırmaqda maraqlı deyil”
Taras Kuzio: “Nə İran, nə də Rusiya Cənubi Qafqaz regionunda vəziyyəti normallaşdırmaqda maraqlı deyil”12-10-2021, 11:55. Разместил: azadses |
Tanınmış Qərb analitiki, Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan akademiyası”nın siyasi elmlər professoru, Con Hopkins Universiteti Xarici Siyasət İnstitutunun elmi əməkdaşı Taras Kuzio ABŞ-ın nüfuzlu mühafizəkar “The National Interest” jurnalında məqalə dərc edib. Məqalədə o, ABŞ-ı Cənubi Qafqazda və ümumilikdə Yaxın Şərqdə İran və Rusiyaya qarşı çəkisi olan İsraili, eləcə də Türkiyə, Azərbaycan və Pakistanı dəstəkləməyə çağırıb. Ekspert İranın Azərbaycana qarşı aqressiv hərbi ritorikasının güclənməsinə belə reaksiya verib. Bəs ABŞ rəhbərliyi hətta Azərbaycanı olmasa belə, məsələn Türkiyəni (Vaşinqtonla Ankara arasındakı o qədər də sadə olmayan münasibətləri nəzərə alsaq) dəstəkləməyə nə dərəcədə hazırdır? Halbuki Türkiyə ilə Azərbaycan arasında ittifaq bağlanıb, Şuşa Bəyannaməsi imzalanıb. Oxu.Az-a müsahibəsində professor Taras Kuzio ABŞ və Türkiyənin indiki demokratik idarəçiliyi arasında müəyyən gərginliyin olduğunu təsdiqləyib: “Ancaq eyni zamanda, ABŞ-da bir çox başqa siyasətçi, ilk növbədə Respublikaçılar Partiyasının nümayəndələri var (Məlumdur ki, ABŞ-ın respublikaçı Prezidenti Donald Trampın dövründə Ankaranın Vaşinqtonla münasibətləri o qədər də gərgin deyildi ki, bunu Türkiyə rəhbərliyinin nümayəndələri də qeyd edirlər - red.). ABŞ ümumilikdə İrana qarşı son dərəcə tənqidi köklənib. Vaşinqton Tehranın hər hansı məğlubiyyətə uğramasına sevinərdi”. “Eyni zamanda, Türkiyənin NATO ölkəsi olduğunu unutmamağa çağırıram. Vaşinqtonla Ankara arasında nə problem olursa-olsun, Türkiyəyə təhlükə yaranarsa, Alyans Türkiyə Cümhuriyyətini dəstəkləyəcək. Bu, tamamilə aydındır və heç bir şübhə doğurmur”, - deyə Taras Kuzio vurğulayıb. - “The National Interest” jurnalında yazdığınız məqalədə, məğlubiyyəti ilə barışmaq istəməyən və “yayındırıcı manevr”dən - İranla Azərbaycan arasındakı gərginlikdən yararlanaraq Qarabağ müharibəsinə yenidən başlamaq üçün istifadə edə biləcək Ermənistanı xatırlatmısınız. - Dərhal deyim ki, ermənilərin çoxu çətin ki, yeni müharibə istəyir. Ancaq bir çox siyasətçi keçənilki müharibədə məğlubiyyətlə barışmayıb. Bu hətta bir az erməni milli kimliyi məsələsidir. Onlar hesab edirlər ki, Şərqi Türkiyə də Ermənistanın bir hissəsidir. Ona görə də düşünürəm ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gecikdirəcək. Əgər sülh müqaviləsi yoxdursa, o zaman sərhədin rəsmi demarkasiyası olmayacaq; bu isə böyük problemdir. Eyni zamanda düşünürəm ki, nə İran, nə də Rusiya Cənubi Qafqaz regionunda vəziyyəti normallaşdırmaqda maraqlı deyillər. Bakının siyasəti, Azərbaycan-İran sərhədində nəzarəti ələ alması İİR-in xoşuna gəlmir. Rusiya isə yekun razılaşma istəmir, çünki onda sülhməramlı qüvvələrini Qarabağdan geri çəkmək məcburiyyətində qalacaq. Nair Əliyev Вернуться назад |