Prezident İlham Əliyev: “Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir”
- 11-03-2023, 13:46
- Dünya
“Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. Biz Azərbaycan ilə Çin arasında tarixi ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş münasibətlərə xüsusi əhəmiyyət veririk. Dövlətlərarası əlaqələrimizin gündən-günə yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması və yeni məzmun kəsb etməsi məmnunluq doğurur”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin ÇXR-in Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda deyilir:
“Daim genişlənən siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə uğurlu əməkdaşlığımız, “Kəmər və yol”, “Orta dəhliz” layihələri çərçivəsində tərəfdaşlığımız, Çin şirkətlərinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində fəal iştirakı sıx münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir”.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Çin əlaqələrinin bütün sahələrdə dərinləşdirilməsi, əməkdaşlığımızın genişləndirilməsi, regional iqtisadi tərəfdaşlıq üçün geniş perspektivlər açan infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylər bundan sonra da uğurla davam etdiriləcək.