Amerika bankı əməkdaşlarını milyonlarla dollar cərimələdi: “WhatsApp”da mesajlaşdıqları üçün
- 27-01-2023, 08:39
- Dünya
Amerikanın “Morgan Stanley” bankı öz əməkdaşlarını yüksək məbləğdə cərimələyib.
Əməkdaşlar “WhatsApp” və digər mesencerlərdə iş yazışmaları apardıqlarına görə, bir neçə min dollardan bir milyon dollara qədər məbləğdə cərimələr ödəyəcəklər.
Bu barədə “Financial Times” nəşrinə məlumatlı mənbələrdən məlumat daxil olub.
Mənbələrin bildirdiyinə görə, cərimələrin məbləği fərdi qaydada hesablanıb və bu zaman mesajların sayı, əməkdaşın tutduğu vəzifə və əvvəllər verilən cəzalar nəzərə alınıb.
Xatırladaq ki, “Morgan Stanley” bir il əvvəl öz əməkdaşlarının işgüzar yazışmalar üçün icazəsiz mesencerlərdən istifadə etmələrinə görə, Qiymətli Kağızlar və Birjalar Komissiyasına və Birja Ticarət Komissiyasına 200 milyon dollar ödəyib.
Qeyd edək ki, bir çox şirkətlərdə müəyyən müddətdən sonra məlumatı avtomatik silmək funksiyasına malik “WhatsApp” və “Signal” kimi mesencerlərdən iş məqsədləri üçün istifadə etmək qadağan olunub.