“Le Monde”: Fransa Azərbaycanla münasibətləri qaydaya salmağı arzu edir
Yazıda qeyd olunur ki, Azərbaycanla Ermənistan arasındakı müharibə Parislə Bakı arasındakı ikitərəfli münasibətlərdə çatlar yaradıb.
Fransız şirkətləri azad edilmiş Azərbaycan torpaqlarının bərpası layihələrində onların iştirakına icazə verilməyəcəyindən qorxurlar.
Məqalədə qeyd olunur ki, artıq buldozerlər Qarabağın mərkəzindəki Füzuli hava limanındakı uçuş zolağının üç kilometirlik hissəsini hamarlayıb.
Bir vaxtlar nəhəng döyüş meydanı olmuş ərazinin ətrafı minalar və partlamamış hərbi sursatlarla doludur.
“Prezidentimiz İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan öz ərazilərini geri qaytardı”, - Azərbaycan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyev deyir.
Onun sözlərinə görə, bu hava limanının inşası avqust ayının sonunadək başa çatacaq. Hava limanı Azərbaycanın incisi - Şuşa şəhərinə xidmət edəcək.
“Bu, Bakıdakı beynəlxalq aeroportdan sonra ölkənin ən böyük ikinci hava limanı olacaq” - Fərhan Quliyev vurğulayır.
“Le Monde” nəşri yazır ki, türk şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirak edirlər.
Müharibə Azərbaycanla Fransa arasındakı ikitərəfli münasibətlərin praktikasını pozdu.
Ankara Bakıya hərbi və diplomatik dəstək verdi, Paris isə İrəvana tərəf meyl etdi.
Bu gün Fransanın böyük şirkətləri Qarabağın yenidən qurulması üzrə möhtəşəm layihələrdən kənarda qalacaqlarından narahatdırlar.
“Fransa şirkətlərinin təklifləri daha cəzbedici olsa belə, yeni müqavilələrin imzalanacağını gözləməyə dəyməz. Bu, yalnız emosional reaksiya deyil, etibar məsələsidir. Siyasi vəziyyət dəyişsə, fransızlar orada qalacaqmı? Bu, təəssüf doğurur, çünki iki ölkə arasında əməkdaşlıq potensialı çox yüksəkdir. Belə bir hiss yaranır ki, iyirmi illik səylər heç nəyə gətirib çıxarmadı”, - Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə heyətinin sədri Teybə Quliyeva şikayətlənir.
“Bizim layihələrimiz bloklanır və ya çox yavaş irəliləyir” - Fransanın SUEZ şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Fransa Xarici Ticarət Şurasının Cənubi Qafqaz üzrə prezidenti Alen Karbonel bildirir.
“Le Monde” yazır ki, Paris, hiss etdirmədən Cənubi Qafqazdakı mövqeyini dəyişdirməyə çalışır və 27 yanvarda bölgəyə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuanı göndərib.
“İrəvana edilən istənilən səfərdən əvvəl Bakıda dayanmaq lazımdır” - “Le Monde”yə diplomatik mənbədən verilən məlumatda qeyd olunur.
Qəzet hesab edir ki, Fransa prezidenti Emmanuel Makron 2018-ci ilin oktyabrında İrəvanda Frankofoniya Təşkilatının sammitinə qatılmaqla səhvə yol verib.
Fransa və Azərbaycanın bir neçə siyasi mənbələrinin məlumatına əsasən, Fransa Respublikasının Xarici İşlər naziri Jan-İv Lö Drian önümüzdəki həftələrdə Bakıya səfər etməyə hazırlaşır.
Bu arada xatırladaq ki, fevralın sonunda səkkiz fransız deputatdan ibarət nümayəndə heyəti Bakıya səfər edib.
Onlardan biri - Frederik Düma hesab edir ki, Fransa ilə Azərbaycan arasında münasibətləri bərpa etmək lazımdır.
O, Fransa parlamentinin bəzi təşəbbüslərinin Azərbaycan ictimaiyyəti tərəfindən obyektiv səbəblərdən mənfi qarşılandığını etiraf edib.
Bu gün ictimaiyyət böyük tenderlərdə qalib gələn fransız şirkətlərini qəbul etmir, çünki Fransa düşmənlərimizi dəstəkləyir” - deyə hakimiyyətə yaxın azərbaycanlı iş adamı “Le Monde”yə bildirib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev qəzetlə söhbətində Fransa şirkətlərinin siyasi səbəblərdən əlverişsiz vəziyyətdə olduğunu təkzib edir, lakin Türkiyə kimi ölkələrə üstünlük verilməsinin mövcudluğunu da etiraf edir.