Главная > Cəmiyyət > “Sülhməramlıların rəhbərlərinin Arayik Arutunyanla hansı məqsədlə və hansı statusla görüşməsi çox müəmmalıdır”
“Sülhməramlıların rəhbərlərinin Arayik Arutunyanla hansı məqsədlə və hansı statusla görüşməsi çox müəmmalıdır”16-11-2020, 09:52. Разместил: azadses |
Rusiya Prezidentinin xahişi ilə Kəlbəcərin tam azad edilməsi üçün verilmiş vaxtın Prezident İlham Əliyev tərəfindən 10 gün uzadılamasına razılıq verməsini doğru addım hesab edirəm. Bir daha təsdiq edirəm ki, bu 44 gün ərzində qazandığımız çox böyük Qələbədir və tariximizdə öz layiqli yerini tutacaq. Ancaq düşmənimizin nə qədər hiyləgər, yalançı olduğunu bildiyimizdən onların hər addımını izləməli və dərhal münasibətimizi bildirməliyik. Buna görə də bəyanat imzalandıqdan bu günə qədər baş verən bəzi hallara narazılığımı bildirib aydınlıq gətirilməsini və bəzi iradların bəyanatın səbəbkarı, tərəfdarı və qarantı olan Rusiya Federasiyası rəhbərliyinə rəsmi şəkildə bildirilməsini vacib sayıram: - Müqavilə imzalanandan bu günə qədər Rusiya sülhməramlı qüvvələrinin rəhbərlərinin qondarma qurumun rəhbəri Arayik Arutunyanla hansı məqsədlə və hansı statusla görüşməsi çox müəmmalıdır. Bu, gələcəkdə erməni tərəfinin bəzi hiylələrinə rəsmi don geyindirməsinə xidmət edəcək. Əgər bu görüşlər hələ də silahlı qüvvələrin A.Arutunyanın tabeçiliyində olduğuna görə Dağlıq Qarabağı tərk etmələri proseslərini sürətləndirmək üçündürsə, onda həmin rəhbərlər bunu rəsmi şəkildə elan etməlidirlər. Ən əsası bu görüşlər nə üçün qondarma qurumun bayrağı altında keçirilməsinə aydınlıq gətirilməlidir. - 10 gün vaxt əhalinin ərazini tərk etməsi üçün fiziki məhdudiyyətlərin olması ilə bağlıdırsa nə üçün həmin yollarda Dağlıq Qarabağdan kəsilmiş ağaclarla dolu onlarla maşınlar şütüyür və nə üçün sülhməramlı qüvvələr ağacların kəsilməsi, evlərin yandırılması kimi vandallığın qarşısını almırlar?! - Qarşı tərəf 10 gün vaxtı həm də həmin yolla silahlı qüvvələrin ərazini tərk etməsi üçün istəmişdi. Müqaviləyə əsasən də silahlı qüvvələr həmin əraziləri tərk etməlidirlər və yoldakı sıxlıq nəzərə alınaraq da bu vaxt verilmişdir. Əgər belədirsə, onda nə üçün qondarma qurumun silahlı qüvvələrinin rəhbəri general leytenant Mikayıl Arzumanyan bu gün saat 15.40-da Sputniik Armenia-da yayılmış müraciətində "Artsax"ın mövcud olduğunu, müharibənin nəticələrinə uyğun təhlillərdən sonra yenidən birləşməklə Artsaxın varlığını təmin edəcəklərini deyir? Bu müraciətdən birmənalı şəkildə görünür ki, düşmən verilmiş vaxtdan toparlanmaq, səhvləri təhlil edib yenidən müharibəni "Artsax"ın müstəqilliyini təmin edənədək davam etmək fikrindədir. Belə olan halda Azərbaycan tərəfi ərazimizdən bir dənə də silah-sursat çıxarılmasına imkan verməməlidir. Bu, çox ciddi məsələdir və razılaşmanın yerinə yetiriləcəyinə ciddi şübhələr yaradır. Ona görə bu məsələ də Rusiya hakimiyyəti qarşısında qaldırılmalı və erməni tərəfində olan bu şəxsin bəyanatına, xalqa müraciətinə aydınlıq gətirilməlidir. Başa düşürəm ki, erməni tərəfinin bir çox bəyanatları daxildəki gərginliyi azaltmaq məqsədi daşıyır və erməni "farmazon"luğunun təzahürüdür. Ancaq bunların hər birinə reksiya verilib aydınlıq gətirməsək çox çətinliklərlə üzləşəcəyik. Hər belə hal Rusiya rəsmiləri tərəfindən cavablandırılmalıdır. Aslan İsmayılov Hüquqşünas Вернуться назад |