Главная > Cəmiyyət > Şagirdlərin yeni üsulla COVID-19 testindən keçirilməsi təklif edilir

Şagirdlərin yeni üsulla COVID-19 testindən keçirilməsi təklif edilir


31-08-2020, 10:16. Разместил: azadses
Azərbaycanda ümumtəhsil müəssisələrində və bağçalarda uşaqlar arasında yeni üsulla COVID-19 testlərinin aparılması təklif edilib.
Bu təkliflə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev çıxış edib.
Tibb elmləri doktoru “Report”a açıqlamasında uşaqlar arasında yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar məktəblərdə pilot layihələr çərçivəsində tədqiqatlar aparılmasının zəruriliyini bildirib:
"Mən əvvəllər də dəfələrlə demişəm ki, bütün pandemiya dövründə təhsil müəssisələrini, məktəbləri bağlı saxlamaq koronavirusla effektiv mübarizə üsulu deyil. Bundan fərqli olaraq isə yumşalmaların elmə əsaslandırılmış şəkildə və tədricən reallaşdırılması virusa qarşı mübarizənin effektiv üsullarından biridir. Amma təbii ki, yumşalmalara getmək virusun bitməsi demək deyil və buna görə də ehtiyatı əldən verməmək lazımdır. Bu, valideynlərə, uşaqlara və cəmiyyətin bütün təbəqələrinə aiddir. Uşaqlarla xüsusi ehtiyatlı olmaq isə çox vacib məsələlərdəndir. Bunu bir daha bizə ən son elmi tədqiqatlar da göstərir. Burada hər kəsin bilməli olduğu vacib məqam ondan ibarətdir ki, uşaqlar da virusu böyüklər kimi yaya bilir. Amma təəssüflər olsun ki, hələlik heç bir ölkədə uşaqlar arasında virusa dəqiq yayılmanı müəyyənləşdirmək mümkün olmayıb. Bunu da ən dəqiq öyrənməyin yolu uşaqlar üçün müəyyən olunmuş anticisim testlərinə başlamaqdır. Artıq hazırda dünyanın bir sıra ölkələrində uşaqlar da anticisim testlərinə cəlb olunub. Bu test böyüklərdən fərqli olaraq uşaqlarda qandan götürülmür. Belə ki, uşaqlarda anticismlər Azərbaycan üçün yeni üsul sayılacaq ağız suyu vasitəsilə müəyyən edilməlidir. Nəticədə test uşağın bu virusu keçirib-keçirmədiyi barədə məlumat verir".
Azərbaycanlı alim vurğulayıb ki, böyüklər arasında aparılan seroloji testlər qədər önəmli olan anticism testlərinin aparılması üçün məktəb və bağçalarda pilot layihələr həyata keçirilməlidir:
"Çünki bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaqlar arasında virusun hansı şəkildə yayılması və yoluxma faizi müəyyənləşdirilməlidir. Ona görə də mütləqdir ki, fərqli metodik hissələrdən ibarət olan tədqiqatlar aparılmalıdır. Bu tədqiqatların nəticəsi isə təhsil müəssisələrində tədrisin fəaliyyəti barədə hansı qərarın verilməsinə elmi əsaslı imkan yaradacaq. Bu tədqiqatların aparılacağı təqdirdə nəticəsindən asılı olaraq məktəblərdə tədrisin noyabrda da davam etdirilməsi üçün müvafiq qərarlar veriləcək. Əks halda, bu tədqiqatlar aparılmadan məktəblərin fəaliyyətinin növbəti mərhələsi üçün veriləcək qərarların nəticəsi xoşagəlməz ola bilər".
N.Abdullayev bildirib ki, digər bir tədqiqat isə valideynlər tərəfindən uşaqlardan ev şəraitində yaxma testlərinin götürülməsindən ibarətdir: "Nəzərə alsaq ki, məktəblərin açılması payız fəslinə təsadüf edir. Bu zaman uşaqlar arasında müxtəlif soyuqdəymələr, qrip və qızdırmalar müşahidə olunacaq. Bu da valideynlərin ciddi narahatlığına səbəb olacaq. Çünki bu simptomlar da COVID-19 virusuna aid olan əlamətlərlə müəyyən formada eynilik təşkil edir. Belə olan halda, valideynlər müayinə və müalicə üçün övladlarını xəstəxana və poliklinikalara aparacaq. Bu da səhiyyə sisteminin yüklənməsinə gətirib çıxara bilər. Düşünürəm ki, valideynlərə ev şəraitində uşaqlardan müvafiq yaxmaların götürülməsi üçün xüsusi testlər təklif edilməlidir. Həmin yaxmalar sonra müvafiq laboratoriyalara göndərilməlidir. Bununla da valideyn uşağının COVID-19 virusuna yoluxub-yoluxmadığını bilməklə yanaşı virusun insanlar arasında yayılmasının da qarşısını almış olur. Digər tərəfdən, bu nəticələrlə virusun uşaqlar arasında nə qədər yayılmasına aydınlıq gətirilə bilər və təkrar yoluxmanın uşaqlar arasında hansı şəkildə olması haqda dəqiq məlumat əldə etmək olar. Bu da pandemiyaya nəzarəti tam əldə saxlamaq üçün əlverişli üsullardan biridir".


Вернуться назад