Главная > Cəmiyyət > Sərdar Cəlaloğludan Ramiz Mehdiyevlə bağlı ŞOK MÜSAHİBƏ: O, emissardır, təqaüdə çıxsa da...
Sərdar Cəlaloğludan Ramiz Mehdiyevlə bağlı ŞOK MÜSAHİBƏ: O, emissardır, təqaüdə çıxsa da...28-08-2020, 07:49. Разместил: azadses |
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb. AZSABAH.COM həmin müsahibəni təqdim edir: - Sərdar bəy, AMEA Prezidenti Ramiz Mehdiyev siz daxil olmaqla ona qarşı tənqidi fikir səsləndirənləri sərt tənqid edib. Buna səbəb nədir, niyə onun haqqında doğru deyilən fikirlərə qarşı aqressiv reaksiya verir? - Tənqidərini normal qiymətləndirirəm. Hazırda Ramiz Mehdiyev özünü müdafiə etmək məcburiyyətindədir və bunu da hamımız başa düşməliyik. Çünki Ramiz Mehdiyevə qarşı çox ciddi ittihamlar irəli sürülür. Elə mən də ittihamlar irəli sürmüşəm və hesab edirəm ki, doğru da etmişəm. Bu səbəbdən də özünü müdafiə etməyə çalışır. Mən onun haqqında kitab yazmışam, tənqidlər etmişəm, onun Azərbaycan xalqı və dövlətinə qarşı yanlış mövqedə olmasını bəyan etmişəm. Şəxsən mən onun özünü müdafiə etməsini normal qarşılayıram. Amma bu o demək deyil ki, Mehdiyev təmiz adamdır. - Sizi məhkəməyə vermək hüququnu özündə saxladığını bildirib... - Nə olacaq? Buyurub məhkəməyə versin. Versə, özü uduzacaq. Onun çıxışları, konkret atdığı addımlar, yazdığı məqalələr var. Məsələn, 2003-də televiziyada elan etdi ki, amerikalılar onlara deyib bizi həbs edin, o da həbs etdirib. Sən bəyəm amerikalıların göstərişi ilə bizi həbs etmisən? Əgər belədirsə, başqa bir dövlətin göstərişi ilə bizləri həbs etmək, vətəndaşının hüquqlarını məhdudlaşdırmaq ən böyük cinayətdir. Və ya deyirdi ki, biz total nəzarəti həyata keçirməliyik. Konstitusiyamız isə vətəndaşlara total nəzarəti həyata keçirməyə icazə vermir. Yəni öz məqalələri, kitabları və addımları əslində onun kim olduğunu ifşa edir. Odur ki, Mehdiyevin məhkəmə təhdidindən əsla qorxmuram. Buyurub versin məhkəməyə. - Niyə qəfildən hamı Mehdiyevin üzərinə getməli oldu. Karantində toy məclisi qurmağın hüquqi cəzası var. Cəza olduğu təqdirdə niyə belə qarşılıqlı ittihamlar başladı? - Əvvəla, biz və şəxsən mən Ramiz Mehdiyevə hücum etmirəm. Əksinə, Mehdiyevin özü 30 il xalqımızın ziyalılarına, siyasi partiyalara, mətbuata, QHT sektoruna hücum edərək darmadağın edib. Hətta Heydər Əliyevin zamanında mövcud olan təsisatları sonradan Mehdiyev hücum edərək dağıdıb. Bu təlimatı da Rusiyadan alıb. Ölkədə özəlləşdirmə adı altında Azərbaycan iqtisadiyyatına qarşı sobataj həyata keçirib. Azərbaycanda çoxlu neqativ hadisələr olub. Ramiz Mehdiyev ya bu hadisələrin müəllifidir, ya da bunları görsə də, vəzifəsinin öhdəsindən gəlməyərək qarşısını almayıb. Bu, həqiqətdir. Hər bir halda Ramiz Mehdiyev uzun illər bu ölkədə kadr siyasətinin başında dayanıb. İctimai münasibətlərin müəyyən olunmasında aparıcı şəxs Mehdiyev olub. Bunu da hamı bilir. Bir dəfə prezident hansısa tədbirdə çıxış edirdi, ən qarşıda da Mehdiyev tək oturmuşdu, nazirlər, rəsmi şəxslər isə arxa skamyada əyləşmişdi. Belə nümayiş etdirirdi ki, söz sahibi mənəm. Mehdiyevin belə işləri var və bunu gizlətmək yox, demək lazımdır. Bu mənada məni məhkəməyə verməsi çox yaxşı olardı. Mehdiyev hakimiyyətdə olduğu zaman onun əleyhinə kitab yazmışam. Kitabımda Mehdiyevin məqaləsini cümlə-cümlə təhlil edərək ifşa etmişəm. Xalqımız bilməlidir ki, bu gün korrupsiyaya görə həbs edilən məmurların 99 faizi məhz Mehdiyevin kadrlarıdır, onun tərəfindən irəli çəkiliblər. Zamanında bunları dövlət strukturlarında məhz Mehdiyev yerləşdirib. - Mehdiyev onu tənqid edənlərin adını çəkərkən sizi partiya sədri deyil, qəzet redaktoru kimi təqdim edib. Sizcə, bu təsadüfidirmi? - Ramiz Mehdiyev artıq qocalıb, yaddaşı yoxdur. Əvvəl elə bilib tarixçiyəm, sonra hüquqşünas olduğumu düşünüb. Ramiz Mehdiyev axı Azərbaycanın ictimai-siyasi həyatı ilə o qədər də dərindən maraqlanmır. Bilmir qarşısındakı adam kimdir. Elə bilir mən redaktoram. O qədər qəzet redaktorlarını, jurnalistləri siyasi iddialarla məhkəməyə verib ki, indi elə bilir mən də redaktoram. Yəni uzun müddət jurnalistlərə divan tutduğu üçün düşünüb ki, mənə qarşı da o konteksdə mübarizə aparsın. - Bəlkə bilərəkdən, sizi siyasətçi kimi qəbul etmədiyini göstərmək üçün adınızı redaktorlarla eyni sırada çəkib? - Bəyəm qəzet redaktoru olmaq pis, siyasi partiya sədri olmaqdan əskik işdir? Mehdiyev bununla nə demək, kimi aşağılamaq istəyir? Əvvəla, mən qəzet redaktoru yox, qəzet sahibiyəm. Yəqin Mehdiyev qəzet sahibi ilə redaktoru fərqləndirə bilmir. İkincisi də, məni redaktor və ya jurnalist kimi təqdim etməsi şərəfdir. Azərbaycanda ön cəbhədə jurnalistlərdir və onların dövlətimiz üçün müstəsna əhəmiyyəti var. Görünən odur ki, Mehdiyev öz işi ilə məşğul olmur. - Sizcə, niyə öz işi ilə məşğul olmur? - Çünki bu adam müstəqil deyil, emissardır. Hətta təqaüdə çıxsa belə, Rusiyanın tapşırıqlarını yerinə yetirməyə məcburdur. O qədər əlaqələri, münasibətləri var ki, artıq onun geriyə qayıtmaq yolu yoxdur. Baxın, AMEA-ya getdikdən sonra özü üçün icra strukturundakı kimi komanda formalaşdırmağa başlayıb. Xalqa zidd addımlar atır. Məsələn, Ziya Məmmədovun qardaşını, Əli Abbasovu AMEA-ya aparıb. Onların hamısı onun öz adamlarıdır. Bütün bunlar əslində onun xarakterini, idarəçilik təcrübəsini göstərir. Adam 50 il vəzifədə işləyib, amma bir normal kadrı irəli çəkməyib. İndi də AMEA-nı siyasi idarəetmə strukturuna döndərməyə çalışır. Həm də akademiyanın internet resursu bir qayda olaraq elmi məqalələr verməli, alimlərin kəşf və ixtirası haqqında məlumatar yaymalıdır. Mehdiyev ora gedəndən sonra akademiyanın saytını çevirib özünün şəxsi informasiya agentliyinə. Özünü müdafiə edən bəyanatlar verir. A kişi, bu resurs akademiyanındır, sənin şəxsi saytın deyil. Alimlərə səni siyasətdə nəyə görə ittiham etmələri maralı deyil. Sən orada yalnız elmlə bağlı məlumat verməlisən. Amma götürüb akademiyanın saytını özünün qalxanın kimi istifadə edirsən. - Bu fakt Mehdiyevin AMEA-dakı vəzifəsindən getməsi üçün əsas ola bilərmi? - Mənə elə gəlir ki, Mehdiyev həm akademiyada tutduğu vəzifədən getməlidir, həm də hakimiyyət onun uzun illər apardığı siyasətlə bağlı ciddi araşdırma aparmalıdır. Onun korrupsiyası, dövlət imkanlarından sui-istifadə etməsi, ziyanlı kadrları hakimiyyətə gətirilməsi, anti-konstitusion addımları ilə bağlı araşdırma aparmalı və Mehdiyev qanun qarşısında cəzasını almalıdır. Hesab edirəm ki, çoxlarının düşündüyündən fərqli olaraq Mehdiyev hazırda dəhşətli dərəcədə təhlükəli adam deyil. Çünki əlində ciddi repressiv aparat yoxdur. İndi deyir ki, səni verəcəyəm məhkəməyə, əvvəllər isə məhkəməyə göstəriş verirdi ki, filankəsi tut. İndi onun belə birbaşa göstəriş vermək imkanları yoxdur. Amma icra strukturlarının müxtəlif qollarında bunun təsiri altında olan şəxslər böyük ehtimalla var. Bu şəxslər araşdırılıb tapılmalı və neytrallaşdırılmalıdır. Onların hakimiyyətdə və vəzifələrdə təmsil olunması dövlətimiz üçün təhlükəlidir. - Sərdar bəy, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski təklif edib ki, rus ordusunda xanımlar da hərbi xidmətdən keçsin. Bu, təxminən sizin bir müddət əvvəl “Azərbaycanda qadınlar da hərbi xidmətə getsin” çağırışının təkrarıdır. Buna ehtiyac varmı? - Əvvəla, mən deməmişdim ki, xanımlar hərbi xidmətə getməlidir. Demişdim ki, qadınları ona görə müharibəyə, orduya aparmırlar ki, İslam dininə görə, bir xanım mərhəm adamın müşayiəti olmadan uzağa gedə bilməz. Adətən, İslamda xanımlar ərinin, qardaşının və ya atasının müşayiəti ilə uzağa gedə bilər. Bu baxımdan İslam dinini nəzərə alıb müsəlman ölkələrdə qadınları əsgərliyə aparmırlar. Hətta qadının yanında mərhəm kişi olmadan Həcc ziyarətinə getməsi qadağandır. Mən də deyirəm ki, əgər sən İslamın ənənəsini saymırsansa, həyat yoldaşını burada qoyub Dubaya gedirsənsə və orada da xalqımızın nüfuzuna zərər vurursansa, onda get əsgərliyini et. Onu demək istəyirdim ki, qadınlar milli və dini dəyərlərə hökmən hörmətlə yanaşmalıdırlar. Mən qadınların hərbi xidmətə aparılmasının tərəfdarı deyiləm, bunu da milli və dini dəyərlərimizə zidd hesab edirəm. Təbii ki, könüllülər istisna olmaqla. Başqa sözlə, dövlət dini və milli dəyərləri nəzərə alaraq sizi hərbi xidmətə aparmırsa, siz bu dəyərlərə hörmət etməyə və onlarla yaşamağa borclusunuz. Əks halda qeyri-islam ölkələrində olduğu kimi siz də hərbi xidmətə getməlisiniz. Sözsüz ki, mən qadınların əsgərliyə aparılmasının tərəfdarı deyiləm. Jirnovskiyə gəldikdə isə bu, anlaşılandır. Rusiyada əvvəla doğuş azdır, oğlan uşaqları daha az doğulur. Üstəlik gənclərin böyük hissəsi alkoqola meyl edir. Yəni getdikcə ordu qeyri-ruslardan təşkil olunur. Belə ordu ilə müharibə aparmaq getdikcə problemli olur. Jirinovski də çoxbilmişin biri olduğundan deyir ki, qadınların vasitəsilə ordunu gücləndirək. Вернуться назад |