Главная > Cəmiyyət > COVID-19 qanda yağların səviyyəsini artıra bilər

COVID-19 qanda yağların səviyyəsini artıra bilər


4-11-2024, 11:19. Разместил: azadses
Albert Eynşteyn Tibb Kollecinin alimləri keçirilmiş COVID-19 xəstəliyinin qanda lipidlərin (yağların) anormal səviyyəsi ilə müşahidə olunan dislipidemiya riskini artırdığını müəyyən ediblər.

“Report” xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Clinical Investigation” dərgisində dərc edilib.

Lipidlər bütün canlı hüceyrələrdə olan geniş yağlar və yağabənzər maddələr qrupudur. Onlar enerjinin saxlanması, hüceyrələrarası siqnalların ötürülməsi və hüceyrə membranlarının (qişalarının) yaradılması üçün zəruridir. Yağ mübadiləsinin necə işlədiyini yoxlamaq və ürək-damar xəstəlikləri riskini qiymətləndirmək məqsədilə həkimlər lipid profilinin müəyyən edilməsi üçün qan analizi verməyi təklif edirlər. Lipid profilinə adətən triqliseridlər, ümumi xolesterin və müxtəlif sıxlıqlı lipoproteinlər (YSLP və ASLP) daxildir.

200 min yetkin könüllünün iştirakı ilə aparılmış araşdırma çərçivəsində alimlər koronavirus infeksiyasının qanda lipidlərin tənzimlənməsinə necə təsir etdiyini izləyiblər. Pandemiyadan öncəki üç ildə (2017-2019-cu illər) elm adamları hər bir iştirakçının qan lipid profili haqqında məlumat toplayıblar. Daha sonra tədqiqatçılar 2020-2022-ci illərdə eyni qrupda dislipidemiya yayılmasını qiymətləndiriblər və əvvəllər lipid mübadiləsi pozğunluğu diaqnozu qoyulmuş şəxsləri (həmçinin hipolipidemik dərmanlar qəbul edən şəxsləri) təhlildən istisna ediblər.

Nəticələr göstərib ki, COVID-19, dislipidemiya riskini orta hesabla 29 % artırır. 65 yaşdan yuxarı insanlarda belə patologiyanın inkişaf ehtimalı daha yüksək olub. Risk qrupuna həmçinin diabet, piylənmə, ürək-damar xəstəlikləri, xronik obstruktiv ağciyər xəstəliyi və hipertoniyadan əziyyət çəkən şəxslər də düşüb.

Alimlərə görə, dislipidemiya ürək tutması və insultun əsas risk amillərindən biridir. Məsələ ondadır ki, bəzi yağabənzər maddələrin artıqlığı (və ya çatışmazlığı) aterosklerotik düyünün formalaşmasına yol açır. Yağ laxtasının böyüməsi və destabilizasiyası sonucunda tromb ortaya çıxır və damarlar spazm olur. Bu, qan dövranını əngəlləyir və damar fəlakəti üçün uyğun ortam yaradır.


Вернуться назад