Главная > Cəmiyyət > Xudayar Həsənli: “İlin ikinci yarısında Gürcüstan limanları ilə blokçeyn texnologiyası tətbiq ediləcək”
Xudayar Həsənli: “İlin ikinci yarısında Gürcüstan limanları ilə blokçeyn texnologiyası tətbiq ediləcək”27-02-2024, 13:04. Разместил: azadses |
Bu ilin ikinci yarısından Bakı Limanı ilə Gürcüstan limanları arasında blokçeyn texnologiyasının tətbiqi nəzərdə tutulur. “Report” xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin departament müdiri Xudayar Həsənli Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə deyib. O bildirib ki, bu, konteynerlərin sayının artmasına da kömək edəcək. “Orta Dəhlizin inkişafı üçün ilk növbədə infrastruktur imkanlarını təkmilləşdirməliyik. Əgər infrastruktur imkanları yoxdursa o zaman rəqəmsallaşma və aparılan digər təkmilləşdirmə işləri Çindən daha çox yükün cəlb edilməsinə kömək etməyəcək. Biz Bakı Limanı olaraq öz fəaliyyətimizi genişləndirəcəyik və konteyner daşımalarında imkanlarımızı artıracağıq”, - deyə departament müdiri vurğulayıb. Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur. 2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manat təşkil edir. Liman yük, neft və bərə terminallarından ibarətdir. 14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir. İkinci fazanın yekunlaşdırılmasından sonra Bakı Limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək. Вернуться назад |