Главная > Cəmiyyət > Baku.ws portalının 20 yaşı tamam olur

Baku.ws portalının 20 yaşı tamam olur


5-01-2024, 13:40. Разместил: azadses
Bu gün Baku.ws xəbər portalının 20 yaşı tamam olur.

"Report" xəbər verir ki, Azərbaycan və rus dillərində fəaliyyət göstərən sayt siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə oxucularına çatdırır.

Xəbər portalı mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir. Baku.ws saytı 2013-cü ildə "Netyy" – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk mükafatının "İlin ən yaxşı əyləncə saytı" kimi qalibi olub.

Portal 2018-ci ildən "Global Media Group"a daxildir.

Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan Baku.ws qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək bu statusunu bu günədək qoruyub saxlayıb.

Baku.ws-in baş redaktoru Azad Əliyev bildirib ki, saytın əsas məqsədi insanların informasiya ehtiyacını ödəməkdir:

"Təbii ki, ötən 20 il ərzində müəyyən dəyişikliklər də olub. Hazırda sosial media üzərindən daha çox izlənilirik. Bu gün Baku.ws-in sosial media səhifələri saytın oxucularından daha çox izləyici yığıb. Səhifələrimiz isə zamanın və oxucuların tələbinə uyğun fəaliyyət göstərir. Çalışırıq ki, xəbərləri oxucu və izləyicilərimizə doğru, eyni zamanda operativ formada çatdıraq".

Baş redaktor deyib ki, Baku.ws-i sosial mediada daha çox gənclər izləyir:

"Auditoriyamız rəngarəngdir və hər yaş qrupundan oxucularımız var. Ancaq yazılan rəylərə əsasən demək mümkündür ki, bizi daha çox gənclər izləyir. Bu il 20 yaşımız tamam olur. Hər zaman olduğu kimi bundan sonra da çalışacağıq ki, oxucu etibarını qorumaqla dəqiq və operativ xəbərləri izləyicilərimizə çatdıraq".

"Report" İnformasiya Agentliyinin kollektivi Baku.ws-də çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!
Вернуться назад