Главная > Cəmiyyət > Nazirlik: "Yeni Dövlət Proqramı sosial xidmətlər sistemində yeni inkişaf mərhələsinə keçidi şərtləndirir"
Nazirlik: "Yeni Dövlət Proqramı sosial xidmətlər sistemində yeni inkişaf mərhələsinə keçidi şərtləndirir"29-08-2023, 19:17. Разместил: azadses |
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” ölkəmizdə sosial xidmətlər sistemində yeni inkişaf mərhələsinə keçidi şərtləndirir. "Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, sərəncama əsasən nazirlik bu Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək. 2026-cı ilin sonunadək hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı kadr potensialının formalaşması, sosial xidmətlərin əhatəsinin genişlənməsi, ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi və əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artması yeni Dövlət Proqramının əsas hədəf göstəriciləridir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2026-cı ilin sonunadək sosial xidmət sistemi ilə bağlı qanunvericilik bazasının təkmilləşəcəyi, həssas əhali qruplarına göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətinin artacağı gözlənilir. Eləcə də müntəzəm həyata keçirilən profilaktik abilitasiya və reabilitasiya tədbirləri stasionar sosial xidmətə ehtiyacı olan şəxslərin sayının azalmasına imkan verəcək. Həmçinin Proqram üzrə görüləcək tədbirlər xidmət təklifinin artması ilə rəqabət mühitinin güclənməsinə səbəb olacaq. Bu da öz növbəsində sosial xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək. Dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayının ildən-ilə artırılması, innovativ texnologiyaların tətbiqi ilə sosial xidmət sahəsində vahid informasiya məkanının yaradılması da nəzərdə tutulur. Yeni Dövlət Proqramı ilə sosial xidmət sahəsində elektron xidmətlərin təkmilləşməsi və yeni e-xidmətlərin tətbiqi, sosial xidmət infrastrukturunun müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması, sosial xidmətlərin təşkilində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davam etdirilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və s. nəzərdə tutulur. Вернуться назад |