Главная > Cəmiyyət > BP şirkəti UNEC-in elmi-tədqiqat potensialının artırılmasına dəstək verib
BP şirkəti UNEC-in elmi-tədqiqat potensialının artırılmasına dəstək verib12-06-2023, 13:15. Разместил: azadses |
Bu gün BP şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi-tədqiqat potensialının gücləndirilməsinə dəstək məqsədli bir təhsil layihəsinin uğurla tamamlandığını elan edib. "Report"un məlumatına görə, layihə bir neçə komponenti əhatə edirdi və bu komponentlərin hamısı universitetin professor-müəllim heyətinin, tədqiqatçılarının, doktorant və magistrantlarının dünyanın aparıcı tədqiqat mərkəzləri ilə bir araya gələrək öz elmi fəaliyyətlərində daha böyük uğurlara nail olmalarına dəstək məqsədi daşıyırdı. Bu gün layihənin uğurla başa çatması münasibətilə UNEC-də keçirilən forumda çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu layihə UNEC-in beynəlxalq tədqiqat mərkəzləri və universitetlərlə etibarlı akademik tərəfdaş kimi sıx əməkdaşlıq etməsinə dəstəyimizin davamıdır. Ümid edirik ki, layihə bu universitetə beynəlxalq elmi təşəbbüslərə qoşulmaq, nüfuzlu və təcrübəli bir mənbə kimi dünyanın aparıcı elmi institutları ilə əməkdaşlıq etmək imkanları yaradacaq. Bundan öncə biz bu universitetin öz tədqiqat potensialını gücləndirmək səylərinə dəstək olaraq UNEC-ə üç laboratoriya bağışlamışıq. Fəxr edirik ki, bu laboratoriyalardan birinə - Qida Kimyası Laboratoriyasına, kimya üzrə Nobel mükafatı laureatı türk əsilli molekulyar bioloq Aziz Sancarın adı verilib. Bu dünya şöhrətli alim 2021-ci ildə özü şəxsən UNEC-ə gələrək BP-nin bağışladığı laboratoriyanın açılışını edib. Ümid edirik ki, bu layihələrimiz UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsinə və tədqiqat potensialının genişləndirilməsinə mühüm töhfə olacaq”. Layihə çərçivəsində BP UNEC-in Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinə tam avtomatik Drawell DTR8000 Raman spektrometri bağışlayıb. Bu cihaz nanohissəciklər və yeni materiallar, bioloji elmlər, material elmləri, tibbi analiz, kənd təsərrüfatı və qida texnologiyaları, suyun çirklənməsinin təhlili, ətraf mühit elmləri və digər aparıcı fənn sahələrdə tədqiqatlar aparmağa imkan yaradır. BP şirkəti UNEC-in beş aliminin Florensiyadakı Nello Carrara Tətbiqi Fizika İnstitutu və Verona Universiteti ilə əməkdaşlığını dəstəkləyərək onların tədqiqat və akademik araşdırmaları üçün səfərlərini maliyyələşdirib. Bu əməkdaşlıq nəticəsində beş yüksək keyfiyyətli tədqiqat işi hazırlanaraq WoS (Web of Science) və Scopus kimi beynəlxalq elmi məlumat bazalarında dərc olunmaq üçün təqdim edilib. BP şirkəti UNEC-in Türkiyənin Sakarya Universiteti ilə geniş tərəfdaşlıq qurmasına və onlarla birgə üç konfrans keçirməsinə dəstək verib. Bu konfranslarda 19 ölkəni təmsil edən 50-dən çox universitetin nümayəndələri iştirak ediblər. Tədbirlər kimya elmləri və texnologiyaları, humin turşuları, təbiət elmləri və mühəndislik ixtiraları kimi sahələri əhatə edib. UNEC tərəfindən icra olunan bu layihənin müddəti 13 ay, 2022-ci ilin yanvar ayından 2023-ci ilin fevral ayınadək idi. Layihənin ümumi dəyəri 170 min manat (100 min ABŞ dolları) olub və buraya tədqiqat avadanlıqları, UNEC-in alimlərinin tədqiqat səfərləri və üç birgə konfransın xərcləri daxil idi. Вернуться назад |