Главная > Cəmiyyət > Bir milyondan çox mobil nömrə ilə şəbəkəyə qoşulmuş 8 574 IMEI koda “klon” statusu verilib

Bir milyondan çox mobil nömrə ilə şəbəkəyə qoşulmuş 8 574 IMEI koda “klon” statusu verilib


25-05-2023, 11:38. Разместил: azadses
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.

Bununla bağlı “AzInTelecom” mütəmadi olaraq monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır.

Nəticədə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.

Görülən mübarizə tədbirləri çərçivəsində bu günə qədər 8 574 IMEI koda “klon” statusu verilib. Həmin IMEI kodlar son üç ayda 1094473 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 455 min dəfədən çox şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib.

Surətinin köçürülməsi şübhəsi olan 458 IMEI kod ilə bağlı vətəndaşlar tərəfindən poçt məntəqələrinə daxil olan müraciətlər araşdırılıb. 136 müraciət nömrə dəyişilməsi ilə bağlı olduğu üçün analitik qrup müsbət rəy verərək sistemdə təsdiqləyib. 319 müraciət əsassız olduğu üçün etiraz cavabı verilib, 3 müraciət üzrə araşdırma davam etdirilir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na görə, xaricdən Azərbaycana gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman da fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazın bazar qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.

Bəzən dövlət rüsumunu ödəməmək üçün daha əvvəl qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətinin yeni telefonlara köçürülməsi halları baş verir. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə rastlaşır.

Bu cür hallarla qarşılaşmamaq və aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar.

Bu məqsədlə telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu əldə etdikdən sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodunu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar.

Əgər cihazın IMEI nömrəsi köçürülübsə, ekranda “Cihazın istifadəsi məhdudlaşdırılıb. Surəti köçürülüb, yalnız müəyyən nömrələrlə istifadəsinə icazə verilib” mesajı görünəcək. Bu halda istifadəçilərə məsələnin həlli üçün “Azərpoçt” MMC-nin şöbələrinə müraciət etmələri tövsiyə olunur.


Вернуться назад