Главная > Cəmiyyət / Manset > Azərbaycanda istilik mövsümünün müddəti artırıla bilər - FOTO
Azərbaycanda istilik mövsümünün müddəti artırıla bilər - FOTO3-04-2023, 18:21. Разместил: admin |
“Azəristiliktəchizat” ASC Energetika Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətinin artırılması ilə bağlı danışıqlar aparır”. Bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib. “Mövcud qaydalara görə, istilik mövsümü noyabrın 15-dən aprelin 15-nə qədər davam edir. Əlbəttə, burada havanın temperaturu əsas rol oynayır. Hazırda normativ sənədlərdə dəyişikliklərin edilməsi üçün Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə araşdırmalar aparılır. Ola bilsin ki, istilik mövsümü 15 gün tez, yəni noyabrın 1-də başlasın, 15 gün gec, yəni mayın 1-də bitsin. Bununla bağlı bizə vətəndaşlardan və təhsil müəssisələrindən kifayət qədər müraciətlər var. Müraciətlərin mahiyyəti ondan ibarətdir ki, mövsüm noyabrın 1-də başlasın, mayın 1-də bitsin. İstənilən müraciəti diqqətdə saxlayırıq. Hökumət də tapşırıq verib ki, araşdırılsın və hazırda araşdırmalar davam edir. Araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə məlumat verəcəyik”, - deyə o qeyd edib. “Mövsümün müddətinin dəyişdirilməsi heç də asan məsələ deyil. Burada əlavə enerji resurslarından, vəsaitdən və əməkdaşdan söhbət gedir. Ona görə də bu, çox detallı araşdırma tələb edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi son 30 ildə iqlimdə baş vermiş dəyişikliklər, temperatur rejimləri, soyuq, yağışlı, şaxtalı, küləkli günlərin sayı və başqa bu kimi zəruri məlumatları hazırlayır”,- deyə İ.Mirzəliyev əlavə edib. Вернуться назад |