Главная > Cəmiyyət / Manset > Sankt-Peterburqda Xocalı soyqırımı ilə bağlı anım tədbiri olub - FOTO

Sankt-Peterburqda Xocalı soyqırımı ilə bağlı anım tədbiri olub - FOTO


23-02-2023, 18:13. Разместил: admin
Sankt-Peterburqda Xocalı soyqırımı ilə bağlı anım tədbiri olub - FOTO
Rusiyanın Sankt-Peterburq şəhərində Xocalı soyqırımının 31-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Lensovet adına Mədəniyyət Sarayında baş tutan tədbir “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə azərbaycanlıların milli-mədəni muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilib.

Öncə Xocalı soyqırımı qurbanlarının və Türkiyədəki dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Tədbirdə “Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə azərbaycanlıların milli-mədəni muxtariyyəti” şəhər ictimai təşkilatının sədri Vaqif Məmişov, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və Türkiyənin Sankt-Peterburqdakı Baş konsulu Özgün Talu çıxış ediblər.

Xocalı soyqırımını Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri adlandıran natiqlər qeyd ediblər ki, məhz azərbaycanlı olduqlarına görə həmin müdhiş gecə aralarında 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 dinc sakin qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Misli görünməmiş amansızlıqla törədilmiş Xocalı soyqırımına görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyinin və Qarabağdakı erməni separatçılarının məsuliyyət daşıdığı vurğulanıb. Natiqlər dünya birliyini Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi və bu dəhşətli faciəni törədənlərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılması istiqamətində qətiyyətli addımlar atmağa çağırıblar. Nəzərə çatdırılıb ki, Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət!” layihəsi çərçivəsində hazırlanmış videoçarx təqdim olunub.

Anım tədbiri klassik musiqinin və şeirlərin səsləndirilməsi, Xocalı hadisələri ilə bağlı şahidlərin kədərli hekayələrinin oxunması ilə davam edib.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, döş nişanları və “Sonsuz dəhliz” filminin diskləri hədiyyə olunub.




Вернуться назад