Главная > Cəmiyyət > Tələbə gənclər Gənclər Gününü silsilə tədbirlərlə qeyd etdi - FOTO

Tələbə gənclər Gənclər Gününü silsilə tədbirlərlə qeyd etdi - FOTO


2-02-2023, 19:35. Разместил: admin
Tələbə gənclər Gənclər Gününü silsilə tədbirlərlə qeyd etdi - FOTO
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən iri-kütləvi tədbirlər təşkil olunub. 26 il öncə əsası gəncliyə daim diqqət və qayğı ilə yanaşan Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu əlamətdar gün hər il təntənə ilə qeyd olunur. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən gənclərin hərtərəfli inkişafı və cəmiyyətdə fəal iştirakçılıqlarının təmin olunması məqsədilə gənclər siyasətinə xüsusi diqqət göstərilir. Müasir gənclər hərəkatının inkişafı üçün atılan addımlar, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin bariz nümunəsidir.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ATGTİ tərəfindən 2 fevral Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının "ReBrend" Forumu keçirilib. Rəsmi və qeyri-rəsmi hissədən ibarət olmaqla 120 nəfər tələbənin iştirak etdiyi Forumun keçirilməsində əsas məqsəd TGT-lərin uzunmüddətli PR strategiyasının müəyyən olunması, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaq idi. İlk olaraq ATGTİ-nin sədri Pərviz Mirələmli, Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Elnur Abdullayevin iştirakı ilə “Tələbə Gənclər Təşkilatlarının qarşısındakı hədəflər və gözləntilər” mövzusunda tələbələrlə panel görüş keçirilib. Rəsmi hissə müxtəlif nominasiyalar üzrə TGT-lərin, TGT sədrlərinin və aktiv üzvlərin mükafatlanması ilə yekunlaşıb. Qeyri-rəsmi hissədə yeni konsept və PR strategiyaları təqdim edilib, PR mütəxəssislərinin iştirakı panel görüş və interaktiv təlim sessiyası baş tutub.

İl ərzində ölkənin ictimai-sosial həyatına verdiyi töhfəyə və aktiv fəaliyyətinə görə “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülən Naxçıvan Dövlət Universiteti TGT-sinin sədri Əziz Qasımov Forum haqqında öz fikirlərini bölüşüb:

“Forumda Tələbə Gənclər Təşkilatlarının yeni çağırışlar fonunda daha aktiv fəaliyyət göstərməsi üçün bir neçə panel müzakirələr oldu. Düşünürəmki, bundan sonrakı mərhələlərdə öyrəndiklərimiz yerlərdə düzgün tətbiq olunacaq. Forum həmçinin Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin qiymətləndirilməsi baxımından da bizim üçün maraqlı idi. “İlin TGT-si” adı ilə təltif olunduğumuz üçün xoşbəxtik.”

Forumla yanaşı 2000 nəfər tələbə gəncin iştirakı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən "Gənclər Həftəsi" çərçivəsində şənlik təşkil olunub. “5 G - güclü, güvənli, gümrah, gülərüz gənclik” devizi ilə baş tutan şənliyin əsas məqsədi tələbələr üçün əyləncəli tədbir təşkil etmək, fərqlənmiş tələbələri mükafatlandırmaq, onların imtahan sessiyasından sonra əhval-ruhiyyələrini yüksəltmək idi.

Tələbələr üçün rahat mühit formalaşdırmaq, əyləncəli vaxt keçirməklə yanaşı bir-biriləri ilə şəbəkələşməsinə imkan yaratmaq kimi hədəfləri olan şənlik Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilovun açılış nitqi ilə başlayıb. Q.Xəlilov Ulu Öndər Heydər Əliyevin banisi olduğu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti haqqında iştirakçıları məlumatlandırıb. Daha sonra UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens çıxış edib, “İntern Academy 2022” layihəsinin məzunları təltif edilib və xatirə qrup fotosu çəkilib. Bu gün ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinə müstəsna töhfə vermiş tələbə gənclərin hər zaman diqqət mərkəzində olduğu vurğulanıb. Ulduz qonaqlar və istedadlı tələbələrin ifasında səslənmiş musiqilər də gənclərin gününü daha da maraqlı və əyləncəli edib.

Bu gün tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafının yeni, keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoymasını təmin edib, Müzəffər Ali Baş Komandanın qətiyyət və iradəsi sayəsində qalib xalqın nümayəndələri olmaq qürurunu yaşayan gənclərin məsuliyyət və vəzifələrini bir qədər də artırıb.







Вернуться назад