Главная > Cəmiyyət / Manset > Azərbaycan İES üçün 180 milyon dollarlıq kredit almağı planlaşdırır

Azərbaycan İES üçün 180 milyon dollarlıq kredit almağı planlaşdırır


24-10-2022, 18:08. Разместил: admin
Azərbaycan hökuməti “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) modernizasiyası üçün 180 milyon ABŞ dolları civarında kredit almağı planlaşdırır.

Bu barədə “Report”a hökumətdəki mənbə məlumat verib.

Bildirilir ki, “Azərenerji” tərəfindən modernizasiya proqramı və təkliflər hazırlanıb hökumətə təqdim edilib.

Təkliflər 3 quruma göndərilib. Onlardan biri razılıq verib, ikincisi narazılıq edib, üçüncü qurum isə neytral qalıb. Bundan sonra isə layihə 3 dəfə işlənib və sonuncu versiya bəyənilib.

İlkin olaraq İES-in 6 və 7-ci bloklarının modernizasiyası nəzərdə tutulur. Bunun üçün isə 180 milyon ABŞ dollarına ehtiyac olduğu müəyyən edilib. İnvestisiya çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasında buxar turbinlərin quraşdırılması planlaşdırılır. İlkin hesablamalara görə, əgər bu reabilitasiya baş tutsa, Azərbaycan ildə 1,2 milyard kubmetr təbii qaza qənaət edə biləcək.

Xatırladaq ki, 2018-ci ilin iyulunda “Azərbaycan” İES-də baş vermiş qəzadan sonra həmin ilin sonlarında Prezident İlham Əliyev elektrik stansiyasındakı nöqsanların aradan qaldırılması və infrastrukturun təkmilləşdirilməsi, eləcə də ayrı-ayrı elektrik stansiyalarında, yarımstansiyalarda təmir-bərpa və başqa işlərin aparılması məqsədi ilə ümumilikdə 140 milyon manat ayırıb.

Azərbaycan İstilik Elektrik Stansiyası Mingəçevirdə hər biri 300 MVt gücündə olan 8 aqreqatdan ibarət olan istilik elektrik stansiyasıdır.
Вернуться назад