Главная > Cəmiyyət / Manset > Xəlilovların hekayəsi: Müharibəyə yollanandan 14 gün sonra anaları Gəncə terrorunun qurbanı oldu - FOTO

Xəlilovların hekayəsi: Müharibəyə yollanandan 14 gün sonra anaları Gəncə terrorunun qurbanı oldu - FOTO


12-10-2022, 18:43. Разместил: admin
Oktyabr ayı 2020-ci ildən bəri ermənilərin törətdiyi Gəncə terroru ilə yaddaşımızda qalıb. Cəbhədə məharət göstərə bilməyən düşmən yenə həmişə olduğu kimi dinc əhalini hədəfə aldı. İkinci böyük şəhərimiz olan Gəncəyə ardıcıl beş dəfə raket ataraq qarışıqlıq yaratmağa çalışdı. Ancaq buna nail ola bilmədi. Hücumlar nəticəsində 26 mülki şəxs həyatını itirdi. Həmin raketlərdən biri də Xəlilovlar ailəsinin evinə düşdü. Bu hadisədə evin xanımı Cəfərova Dürrə Hilal qızını aldığı ağır xəsarət səbəbindən xilas etmək mümkün olmadı.

Tərcümeyi-hal: Cəfərova Dürrə Hilal qızı 1967-cı il 17 apreldə Goranboy rayonunun Səfikürd kəndində doğulub. 1974-1984-cü illərdə Goranboy rayonunun Səfikurd kənd orta məktəbində təhsil alıb. 1984-cü ildə Gəncə Tibb Kollecinə daxil olub, 1988-ci ildə isə təhsilini başa vurub. 1988-ci ildə Xəlilov Rahib İbrahim oğlu ilə ailə həyatı qurub, 1989-cu ildə isə Gəncə şəhərinə köçüb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində tibb bacısı işləyib. 2020-ci il 11 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olub.



Oxu.Az şəhidin oğlu Vüsal Xəlilovla həmsöhbət olub. Vüsal Xəlilov hadisə vaxtı evdə ana-atasıyla birlikdə dayısının da olduğunu deyib. Özü, kiçik qardaşı və yeznəsi isə hərbi xidmətdə olublar. Vüsal həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində iştirak edib:

“Sentyabrın 27-si çağırış vərəqəsini gətirib anama vermişdilər. Mən də işdən çıxandan sonra dərhal səfərbərlik idarəsinə getdim. Elə həmin gün də evlə sağollaşıb xidmətə yollandım. Ailəliyəm, üç övladım var, Gəncədə yaşayıram, ancaq anamgillə kiçik qardaşım qalırdı. Qardaşım da, yeznəm də hərbçidirlər, biri gizir, digəri zabitdir. Onların hər ikisi müharibə vaxtı Qarabağda xidmətdə idi. Qardaşım “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı”, yeznəm isə “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Mən Gədəbəy ərazisində hərbi xidmətdə olmuşam. Bizi ora göndərdilər. Posta çıxanda erməniləri görürdük. Onlar bir dəfə Başkənd tərəfdən bizim ərazimizə girmək istəyirdilər, amma imkan vermədik”.

Vüsal sonuncu dəfə anası ilə oktyabrın 10-da danışıb. Atası onun ziyarətinə gələcəkmiş. Üstəlik həmin gün həyat yoldaşı və uşaqları da anasının yanında qalacaqlarmış, ancaq Dürrə xanım xəstələndiyi üçün onların gəlməsini istəməyib, birdən onlar da xəstələnər deyə uşaqların gəlməsinə icazə verməyib. Elə həmin gecə də düşmən Gəncəyə dördüncü raketini atıb:

“Sonuncu dəfə anamla oktyabrın 10-u danışmışdım. Oktyabrın 11-i atam mənim yanıma gəlməliydi, mən ondan uşaqların birini də özü ilə gətirməsini istəmişdim. Amma anam xəstələndiyi üçün uşaqları onlara gəlməyə qoymayıb ki, birdən onlar da xəstələnər. Əgər xəstə olmasaydı, uşaqlar da evdə olsaydı, olacaqları təsəvvür edə bilmirəm. Anamın itkisinə dözə bilmirik, uşaqlara da bir şey olsa, nə edərdik?! Elə bil anam bütün dərd-səri özü ilə götürdü ki, heç kimə heç nə olmasın. Mən səhər tezdən atamı gözləyirdim, bir də gördüm saat 5 radələrində zəng gəldi ki, bəs evimizin yanına raket düşüb, evimiz dağılıb”.

Bunu eşidən Vüsal ilk olaraq inanmayıb. Çünki artıq dördüncü dəfə idi ki, Gəncəyə raket atılırdı. Bu hal onda bir qədər vərdiş yaradıbmış, daha raket atılmasını adi qəbul edirmiş, ta ki evlərinə çatanadək:

“Evə gələndə gördüm ki, anam rəhmətə gedib. Atamla dayım isə xəsarət almışdılar. Raket həm evimizi, həm də mənim avtomobilimi yararsız hala salmışdı. Elə həmin vaxt bir həftəlik məzuniyyət götürdüm. Sonra təkrar xidmət yerinə qayıtdım. Ancaq bir tərəfdə atamın vəziyyəti pisləşmişdi, özünə gələ bilmirdi, digər tərəfdə durmadan Gəncəyə raket atılırdı, ailəm, bacımgil - hamısı pis halda idi, kimsə onlara dəstək olmalıydı. Ona görə də ailə vəziyyətinə uyğun olaraq müraciət etdim, mənə qayıtmağa icazə verdilər və 33 gün xidmətdən sonra qayıtdım. Amma qardaşımla yeznəm sonadək Qarabağda döyüşdülər”.

Vüsal Xəlilov evlərini özlərində olan vəsaitlə müəyyən qədər təmir etdirdiklərini, ancaq hələ də müəyyən çatışmazlıqlarının olduğunu deyib:

“Hadisədən bir xeyli keçəndən sonra bizə kompensasiya ödənildi. Sadəcə göstərilən yardım dağıntıların həcmində deyildi. Məsələn, maşınım üçün verilən pul onun bazar qiymətindən çox aşağı idi, ev üçün verilən ödəniş də elə çox deyildi. Bir pəncərəsi sınana da, bizim kimi bütün evi dağılana da eyni ödəniş edildi, fikrimcə, bu, düzgün deyil. Mən qətiyyən pul davası, söhbəti edən insan deyiləm, heç həmin vaxt məsələni qabartmadım da, kaş anam sağ olardı, heç mənə qəpik də lazım deyildi. Amma bu hadisə bizə çox ziyan vurdu. Qardaşım hazırda Kəlbəcərdə hospitaldadır. Müharibə vaxtı çox stres yaşadı, psixoloji sarsıntı keçirdi, ona görə də hazırda müalicə alır. Yeznəm də Gəncədə xidmət göstərir, onun da mənəvi problemləri var, atamın da vəziyyəti yaxşı deyil”.
Вернуться назад