Главная > Cəmiyyət > AMEA: “Şuşada işğalçıların dağıtdığı meşələrin yerini kolluq basıb” - FOTO
AMEA: “Şuşada işğalçıların dağıtdığı meşələrin yerini kolluq basıb” - FOTO16-09-2022, 14:00. Разместил: admin |
Şuşanın alçaq dağlıq və dağətəyi sahələrində vaxtı ilə işğalçıların dağıtdığı meşələrin yerində çəmənlərin və kserofit kolluqların inkişafı müşahidə edilib. Bu barədə AMEA Botanika İnstitutu məlumat yayıb. Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Şuşa və Füzuli rayonlarının ətraf ərazilərində Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva, Etnobotanika laboratoriyasının aparıcı elmi işçiləri Elman Yusifov və Nuri Mövsümovanın iştirakı ilə ilkin botaniki ekspedisiya həyata keçirilib. Ekspedisiyanın məqsədi 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış Şuşa və ətraf ərazilərin bioloji müxtəlifliyi, o cümlədən bitki örtüyünə işğalçılar tərəfindən vurulan zərərin qiymətləndirilməsi, mövcud floristik vəziyyətin monitorinqi, həmçinin Azərbaycanın “Qırmızı kitabı”nın III nəşrinə salınması nəzərdə tutulmuş növlərin axtarışı, arealının və limit faktorlarının müəyyənləşdirilməsi, populyasiyalar daxili fərdlərin inkişaf tendensiyalarının izlənilməsi olub. Ekspedisiya müddətində Şuşa şəhəri ətrafı, Cıdır düzü, Daşaltı və Topxana meşə əraziləri ANAMA əməkdaşlarının iştirakı ilə təftiş olunub. Ərazidə meşə bitkiçiliyi, meşə ətrafı çəmən bitkiçiliyi, qaya bitkiçiliyi tədqiq edilib. Regionun alçaq dağlıq və dağətəyi sahələrində vaxtı ilə işğalçılar tərəfindən dağıdılan meşələrin yerində çəmənlərin və kserofit kolluqların inkişafı müşahidə edilib. Tədqiq olunan ərazilərdən toplanılmış bitki nümunələrinin GPS məlumatları qeydə alınıb və yerindəcə herbariləşdirilib. Ərazidən vaxtı ilə toplanmış və indiyədək Botanika İnstitutunun herbari fondunda saxlanılan geofit bitkilərin yerləşdiyi yerlər müəyyənləşdirilib. Qeyd edək ki, hazırda işğaldan azad edilmiş torpaqlarda aqrar sahənin inkişafı ilə bağlı dövlət tərəfindən mühüm tədbirlər görülür. Qısa müddət ərzində Şuşa rayonu və ətraf ərazilərdə kənd təsərrüfatının aparıcı sahələrindən olan taxıl sahələrinin, həmçinin meşə təsərrüfatının yenidən bərpası məqsədilə fındıq plantasiyalarının salınması təqdirə layiqdir. Вернуться назад |