Главная > Cəmiyyət / Manset > “Mövcud gərginlik regionda sülhə mane olmaq istəyən qüvvələrin işidir” - RƏY + FOTO
“Mövcud gərginlik regionda sülhə mane olmaq istəyən qüvvələrin işidir” - RƏY + FOTO13-09-2022, 18:13. Разместил: admin |
Ermənistan silahlı qüvvələri ötən gecə növbəti dəfə Azərbaycana qarşı Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində təxribata əl atıb. Diversiya qrupları dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçiriblər. Hazırda bu təxribatların, ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görülür. Politoloq Elçin Mirzəbəyli məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistanın siyasi xəttini yenə də təcavüzkar ritorika təşkil edir: “Ermənistanın son bir neçə ay ərzində nümayiş etdirdiyi davranışlar 10 Noyabr Bəyanatına, daha sonra imzalanan sənədlərə və Brüssel görüşündə götürdüyü öhdəliklərə qətiyyən cavab vermir. Ermənistan siyasi rəhbərliyinin sərgilədiyi davranışlar arasında bəzən təzadlar nəzərə çarpsa da, mahiyyət etibarilə bütün bunlar manipulyativ xarakter daşıyır və diqqətin yayınmasına xidmət edir. İndiki şəraitdə sülhün əldə olunması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması, şübhəsiz ki, regionda ən çox Ermənistana lazımdır, çünki ölkə özünün yürütdüyü siyasət nəticəsində dalana dirənib, mövcudluğu region dövlətlərindən -Azərbaycan və Türkiyədən - asılıdır”. Politoloq hesab edir ki, təcavüzkar siyasətini davam etdirən Ermənistanın ram edilməsinin yeganə yolu bu ölkəni sülhə məcbur etməkdir: “Beynəlxalq təcrübədə, əgər qonşu ölkələrdən biri digərinə təhlükə yaradırsa, təhlükəli vəziyyətlə üzləşən dövlətin sərhədləri yaxınlığında neytral bir zona yaradılır. Bu da indiki şəraitdə oxşar davranışların tətbiqinə zərurət yaradır. Ermənistan başa düşməlidir ki, Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin perspektivi yoxdur. Əgər düşmən ölkə eyni davranışlara davam edərsə, ona qarşı adekvat tədbirlər həyata keçiriləcək. Ermənistanın bir militarist dövlət kimi ram edilməsi bütün bölgə xalqlarının maraqlarına xidmət edir. Çünki bölgədə sülhü pozan, dövlətlərin təhlükəsizliyinə təhdid yaradan yeganə dövlət Ermənistandır”. Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov isə qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra baş verən proseslər Ermənistanın hələ də eyni siyasəti yürütdüyündən xəbər verir: “Biz 44 günlük müharibədə apardığımız döyüş taktikası ilə göstərdik ki, Ermənistandan fərqli olaraq mülki obyektləri hədəf almırıq. Kapitulyasiya aktından sonra Azərbaycanla Ermənistan arasında dəfələrlə görüş baş tutdu. Son Brüssel görüşündə sülh sazişinin masaya gətirilməsiylə bağlı fikirlərə tam ziddi olaraq Ermənistan yenidən özünün təxribatçı siyasətini nümayiş etdirir. 31 avqustdakı görüşdən sonra Azərbaycan Ermənistana beş ermənini təhvil verdi. Bu, Azərbaycanın humanist addım atmasından və sülh sazişinin imzalanması üçün etdiyi jestdən xəbər verdi. Amma Ermənistan cavab olaraq Azərbaycanın sərhədyanı rayonlarına atəş açdı, ərazilərimizi minalamağa cəhd göstərdi”. Ekspert diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində minalaması məsələsi müxtəlif formada gündəmə gətirilməyə çalışılsa da, buna hər hansı ciddi reaksiya göstərilməyib: “Beynəlxalq ictimaiyyət bu məsələdə Ermənistana qarşı bir addım atmadı. Hesab edirəm ki, mövcud gərginlik regionda sülhə mane olmaq, keçmiş münaqişənin mövcud olması fonunu yaratmaq istəyən qüvvələrin işidir. Əgər mina məsələsində Ermənistana sərt reaksiya olsaydı, məhdudiyyətlər qoyulsaydı, bu gün Ermənistan vaxt tapdıqca Azərbaycan ərazilərinə zərər vurmağa çalışmazdı. Beynəlxalq ictimaiyyətin prosesə biganə yanaşması Ermənistana güc verir. Lakin Azərbaycanın haqlı mövqeyini bölüşən dövlət və təşkilatlar da var. Biz Ermənistanın törətdiyi cinayətlərə qarşı beynəlxalq hüquqi müstəvidə maddi və mənəvi ziyanla bağlı iddialarımızı qoyacağıq. Proseslərlə bağlı Ermənistan tərəfin dünyada yaydığı dezinformasiyalar, təxribat xarakterli məlumatlar öz hədəfinə çatmayacaq. Azərbaycan regionda sülhün və sabitliyin, dayanıqlı inkişafın tərəfdarıdır. Həmişə olduğu kimi, düşmən itkilərinin sayını azaltmağa çalışır. Amma valideynlər övladlarının geri qayıtmadığını görəndə bu təxribatın əks-sədası İrəvan küçələrində görünəcək. Proses yekunda Azərbaycanla sülh sazişinin imzalanması və qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması, delimitasiya və demarkasiya proseslərinin həyata keçirilməsi ilə yekunlaşacaq”. Вернуться назад |