Главная > Cəmiyyət > Göygöldə gənclər təşkilatları üçün “Yay təcrübə məktəbi” düşərgəsi yekunlaşıb - FOTO
Göygöldə gənclər təşkilatları üçün “Yay təcrübə məktəbi” düşərgəsi yekunlaşıb - FOTO24-08-2022, 12:21. Разместил: admin |
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün 17-22 avqust tarixlərində keçirilmiş altı günlük yay təcrübə məktəbi uğurla yekunlaşıb. 100 nəfər gəncin iştirak etdiyi düşərgənin əsas məqsədi gənclər təşkilatlarının rəhbər və fəal nümayəndələrini bir araya gətirməklə gənclər təşkilatları və dövlət qurumlarının nümayəndələri ilə birlikdə gənclərlə bağlı bir sıra məsələləri müzakirə etmək, həmçinin təhsil/qeyri-formal təhsil, karyera və məşğulluq, özünüinkişaf, liderlik mövzularında görüş və təlimlərin keçirilməsidir. Gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin, həmçinin fəal üzvlərinin şəbəkələşməsinin təmin edilməsi, aktual və zəruri istiqamətlərdə bilik və bacarıqlarının artırılması, o cümlədən gənclərlə iş sahəsində təcrübə mübadilələrinin və yeni təkliflərin verilməsi də əsas məqsədlər sırasına daxildir. Qeyd edək ki, proqram çərçivəsində ilk günlər iştirakçıların şəbəkələşməsi məqsədi ilə proqramın moderatoru Fəxri Məhəmmədzadə tərəfindən komanda quruculuğu oyunları, müxtəlif “vörkşop” və “enercayzer”lər keçirilib. Düşərgənin ikinci günü gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Göygöl rayonunun icra başçısı Elvin Paşayev və Milli Məclisin deputatı Pərvin Kərimzadə ilə iştirakçıların görüşü baş tutub, “Gənclərin inkişafında gənclər təşkilatlarının rolu” mövzusuna dair ətraflı müzakirələr aparılıb. Düşərgənin sonrakı günlərində Milli Məclisin deputatı Naqif Həmzəyev, GİKM-in baş direktoru Ramtiq Alızadə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin icraçı direktoru Aygün Əliyeva, NAYORA-nın sədr müavini Ülviyyə Axundova, İdarə Heyətinin üzvü Nigar Ələsgərova, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu və Göygöl rayon YAP sədri Vüqar İsayev, NAYORA-nın baş katibi Ramin Həbibzadə, İdarə Heyətinin üzvü Orduxan Qəhrəmanzadə və Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyinin sədri İlyas İsmayıllı kimi dəyərli qonaqların iştirakı ilə müxtəlif mövzular ətrafında görüşlər və MNTK üzvü Rəsul Quliyevin moderatorluğu ilə panel müzakirələri keçirilib. Qeyd edək ki, asudə vaxtın səmərəli dəyərləndirilməsi məqsədi ilə İdarə Heyətinin üzvü Azad Manaflının moderatorluğu ilə intellektual oyun keçirilib, Göygöl Gənclər Evi və Göygöl Milli parkına infotur edilib. Daha sonra gənclər təşkilatlarının sərgisi və infosessiya baş tutub, təşkilat nümayəndələri təmsil etdikləri qurumları digər təşkilatlara ətraflı tanıtmaq şansı əldə ediblər. Məlumat üçün vurğulayaq ki, son gün qala-gecəsində qalib komandalar müəyyən olunaraq kubok və medallar, aktivlik göstərən iştirakçılara isə hədiyyələr təqdim edilib. Вернуться назад |