Главная > Cəmiyyət / Manset > Azərbaycanda “Enerji menecment sisteminə dair tələblər” təsdiq edildi
Azərbaycanda “Enerji menecment sisteminə dair tələblər” təsdiq edildi19-08-2022, 14:36. Разместил: admin |
Nazirlər Kabineti “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” 9 iyul 2021-ci il tarixli qanunun tətbiq edilməsi barədə” ölkə prezidentinin 20 avqust 2021-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə “Enerji menecment sisteminə dair Tələblər”i təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi ilə birgə enerji menecment sisteminə dair beynəlxalq standartın (İSO 50001 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”) dövlət standartı kimi təsdiqi ilə bağlı müvafiq tədbirlər görməlidir. "Enerji menecment sisteminə dair tələblər” təsərrüfat subyektlərində enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan enerji menecment sisteminin tətbiqi ilə bağlı tələbləri müəyyən edir. Təsərrüfat subyektləri enerji effektivliyi üzrə aşağıdakı tədbirləri həyata keçirə bilər: - enerji resurslarından səmərəli istifadə sahəsində prioritet, məqsəd və hədəflərin müəyyən edilməsi; - enerji istehlakı vərdişlərinin yaxşılaşdırılmasına, enerjidən səmərəsiz istifadənin qarşısının alınmasına yönəldilmiş tədbirlərin müəyyənləşdirilməsi, təşviqi və bu sahədə işçilərin bilik və məlumatlılıq səviyyəsinin artırılması üçün təlimlərin təşkili; - enerji istehlak edən sistemlər, texnoloji proseslər və ya avadanlıqlar üzərində aparıla biləcək modifikasiyaların müəyyənləşdirilməsi və tətbiqi; - enerji istehlak edən avadanlıqların səmərəliliyinin monitorinqi, texniki xidmət və kalibrləmənin vaxtında həyata keçirilməsi; - enerji tələbatı və səmərəlilik artırıcı tətbiqlər üzrə planlaşdırmanın həyata keçirilməsi və buna uyğun xərc-fayda təhlilinin aparılması; - enerji istehlakı və xərclərinin monitorinqi, qiymətləndirilməsi və dövri hesabatların hazırlanması; - enerji istehlakının izlənməsi məqsədilə ölçmə vasitələri ilə təmin edilmə, quraşdırma və vaxtlı-vaxtında kalibrlənmənin aparılması; - enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı üzrə göstəricilərin monitorinqi və təkmilləşdirmə ilə bağlı təkliflərin hazırlanması; - istehlak edilən enerji resursunun əvəz edilməsi və bərpa olunan enerji növlərinin tətbiqi imkanlarının araşdırılması, ətraf mühitin qorunması, zərərli emissiyaların azaldılması və emissiya hədlərinin aşılmaması ilə bağlı tədbirlərin hazırlanması və həyata keçirilməsi; - enerji təchizatında kəsinti halları üçün alternativ planların hazırlanması. Enerji effektivliyi tədbirləri onları həyata keçirən təsərrüfat subyektlərinin ölçüsündən, fəaliyyət sahəsindən, təqdim etdiyi məhsul və xidmətlərdən, texnoloji proseslərin mürəkkəbliyi və onların qarşılıqlı əlaqəsindən, habelə işçi heyətin səriştəsindən asılı olaraq müxtəlif ola bilər. Вернуться назад |