Главная > Cəmiyyət / Manset > Sudan çox, ot öldürür: Boğulanların xilası kimin əlindədir? – ARAŞDIRMA + FOTO
Sudan çox, ot öldürür: Boğulanların xilası kimin əlindədir? – ARAŞDIRMA + FOTO24-07-2022, 22:37. Разместил: admin |
Suda boğulma və ölüm halları son vaxtlar gündəmdən düşmür. Nardaranda, nəzarət olunmayan çimərlikdə iki bacının, Şamaxıda süni göldə iki yeniyetmənin, Beyləqanda hovuzda üç yaşlı qızın boğulması - cəmi iki günün statistikasıdır və təəssüf ki, rəqəmlər getdikcə artır, həyatlar yarıda sönür. Bəs görəsən, çimməyin qadağan olduğu ərazilərə nəzarət nə zaman gücləndiriləcək? Bədbəxt hadisələri necə önləmək olar? Mövzu ilə bağlı Oxu.Az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, qadağan olunmuş çimərliklərə nəzarət gücləndirilməlidir: “Hər il yay mövsümündə çimərliklərdə, kanallarda, göllərdə boğulma halları müşahidə olunur. Çimərlikdə təhlükəsizlik məsələsi kompleks yanaşma tələb edən tədbirlərdəndir. Çimərlikdə təhlükəsizliklə bağlı, yaxşı olar ki, ümumi bir konsepsiya olsun. Konsepsiya ilə nəzarətsiz qalan çimərliklərə də nəzarət gücləndiriləcək. Nəzarətsiz çimərliklərin sayının azalması ilə boğulmaların qarşısını ala bilərik”. E.Nurəliyev qeyd edib ki, könüllülərdən ibarət operativ qrup yaradılmalıdır: “Mövsüm vaxtı xilasedici qüvvələrin cəlb olunması üçün şəraitin yaradılması vacibdir. Həmin yerləri nəzarətə götürməklə boğulmanın qarşısını almaq olar. Ümumiyyətlə, təhlükəsizlik qaydalarına görə, sahilboyu hər 100 m məsafədən bir xilasedici olmalıdır. Çimərlik mövsümü başlayandan öncə əraziyə lazımi baxışlar keçirilməlidir. Çimərliyə planlı şəkildə gedilməlidir. Çimərlik seçərkən diqqətli olmalıyıq. İlk növbədə hava şəraiti nəzərə alınmalıdır. Bu qaydalara ona görə əməl etmək lazımdır ki, boğulma riski ilə üzləşməyəsən. Qadağan olunmuş çimərliyə getmək lazım deyil”. Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili qeyd edib ki, vətəndaşlar xilasedicilər olmayan çimərliklərdən istifadə etməməlidirlər: “Biz hər zaman vətəndaşlara müraciət edirik ki, nəzarət olunmayan ərazilərdən istifadə etməsinlər. Fövqəladə Hallar Nazirliyinin xidmət aparan xilasediciləri olan yerlərdən istifadə etsinlər”. A.Əlili əlavə edib ki, kanallarda suyun sürəti normadan artıq olur: “Bölgələrdə süni göl və kanallarda insan ölümləri ilə bağlı məlumatlarımız olur. Bildiririk ki, su kanallarından, süni göl və çaylardan istifadə etməsinlər. Kanal və süni göllərin kənarları və dibləri beton plitələrdən ibarət olur. Onların su ilə təması nəticəsində sürüşkən ot təbəqəsi əmələ gəlir. Həmin vaxt oraya düşən şəxs rahatlıqla çıxa bilmir. Sürüşür, müxtəlif zədələr alır. Eyni zamanda kanallarda suyun sürəti normadan artıq olur. Ora çimmək üçün nəzərdə tutulmayıb. Çünki müxtəlif aqreqatlardan da istifadə olunur”. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, boğulma dünyada 10 bədbəxt hadisə nəticəsində ölüm hallarına görə üçüncü ən geniş yayılmış səbəbdir. Sahildə yaşayan kişi və uşaqlar boğulma təhlükəsinə daha çox məruz qalırlar. Вернуться назад |