Главная > Cəmiyyət / Manset > Sığortaçı ilə yol polisi arasında qalan sürücü – PROBLEM

Sığortaçı ilə yol polisi arasında qalan sürücü – PROBLEM


5-06-2022, 18:53. Разместил: admin
Sığorta şirkətləri iddia edirlər ki, qəzaya görə ödənişin yubanması yol polisindən sənədlərin gec daxil olması ucbatından baş verir. Yol polisindən isə deyirlər ki, heç bir halda prosesin ləngiməsində maraqlı deyillər və belə bir fikrin formalaşmasının, təbliğinin qəti əleyhinədirlər.

Azərbaycanda avtomobili icbari və kasko sığorta etdirmək 10-15 il öncəyə nisbətən indi kütləvi xarakter daşıyır. Qanunvericiliyə edilən dəyişikliklər, tələblərin sərtləşdirilməsi, icbari sığortası olmayan avtomobil sahiblərinə qarşı cərimələrin avtomatik hesablanması sürücüləri daha məsuliyyətli davranmağa məcbur etdi. İndi hər kəs avtomobilini sığorta etdirir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Uzun-uzadı sənədləşmə, lazımsız get-gəl

Amma təəssüf ki, avtomobil sahiblərinin bu davranışı qarşılığında, bəzi sığorta şirkətləri adekvat münasibət sərgiləmirlər. Qəza hadisəsi baş verəndən sonra uzun-uzadı sənədləşmə, süründürməçilik, süni maneələrin tətbiqi sürücüləri get-gələ salır, dəymiş ziyana görə ödənişlər gecikir, böyük narazılıq yaranır. Mövzunun aktuallığını nəzərə alaraq sığorta şirkətlərinə, yol polisinə müraciət etdik. Sığorta hadisəsi yaşanan zaman dəyən ziyana görə ödənişlərin gecikməsinin səbəbini araşdırdıq.

7 iş günündən gec olmayaraq…

“PAŞA Sığorta” ASC-nin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin əməkdaşı Nəzrin Məmmədova “Kaspi” qəzetinə bildirdi ki, sığorta hadisəsi baş verərsə, müvafiq dövlət orqanı məlumatlandırılır və həmin qurumun hadisə barədə təqdim etdiyi müvafiq sənəd təqdim olunduqdan sonra sığorta ödənişi həyata keçirilir: “Qanuna əsasən, tələb olunan sənədlər sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişi verilməli, yaxud sığortalı şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Göründüyü kimi, sığorta ödənişinin həyata keçirilməsi yalnız sığortaçıdan deyil, eyni zamanda vətəndaşların və səlahiyyətli dövlət orqanlarının atdığı addımlar və təqdim etdiyi sənədlərdən asılı olur”.

Müştəri razılaşırsa...

“Qala Sığorta” ASC-nin Sığorta ödənişləri şöbəsinin müdiri Şahin Vəliyev qeyd etdi ki, dəymiş ziyana görə ödəniş prosesinin uzanması sığorta hadisəsinin, yəni baş vermiş qəzanın özü ilə əlaqədardır: “Ya müştəri ilə razılaşır, müəyyən olunmuş məbləğ ödənilir, ya da servisə yönəldilir. Ödənişlərin edilməsi real qiymətləndirmədən asılıdır. Məsələn, müştəri iddia edir ki, avtomobilə dəymiş ziyanın həcmi, sıradan çıxan detalların yenisi ilə əvəzlənməsi bu qədər vəsait təşkil edir. Bizim mütəxəssislər tərəfindən obyektiv araşdırma aparılır, real bazar qiyməti əsasında ödəniş təklif edilir. Müştəri razılaşırsa, məsələ elə yerindəcə həll olunur”.
Yol polisindən sənədlər gec daxil olursa...

Şöbə müdiri söylədi ki, yubanmalara səbəb olan amillərdən biri yol polisindən müvafiq arayışın gec alınmasına görədir: “Sürücülər arasında yaşanan mübahisəyə aydınlıq gətirilməsi üçün müvafiq sənədlər yol polisinə təqdim edilir. Yol polisinin sözügedən arayışı – “Forma-4” bizə daxil olandan 1 həftə sonra ödəniş olunmalıdır. Yəni yubanmalar, adətən yol polisindən sənədlərin gec daxil olması ucbatından baş verir. Yaxud elə hallar olur ki, qəza hadisəsinin iştirakçısı olan zərər vuran tərəf avtomobili idarə etmək hüququna malik olmadan idarə edir, sənədləri qaydasında olmur. Avtomobilin əsl sahibi tapılınca, sənədlər qaydasına salınıb şirkətə təqdim edilincə, vaxt keçir. Belə olanda ödənişlər gecikir. Ümumiyyətlə, sığorta şirkətinin bununla bağlı prosesi yubatması inandırıcı deyil”.

Fərdi araşdırma aparanda görürsən ki...

Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi Mübariz Ağayev mövzu ilə bağlı “Kaspi” qəzetinə söylədi ki, bəzi sığorta şirkətləri mühərrik həcmi az olan, əsasən də, taksi fəaliyyəti göstərən avtomobillərin, həmçinin sovetlər birliyi dövründə istismara buraxılan nəqliyyat vasitələrinin sığortalanmasında, həmçinin sığorta olunanlara vurulmuş ziyana görə vəsaitin ödənilməsində maraqlı deyillər: “Hər hansı sığorta hadisəsi, yəni qəza baş verən zaman sığorta olunan tərəf haqlı olaraq qanuni maraqlarını təmin etməyə çalışır, dəymiş ziyana görə vəsaitin ödənilməsini tələb edir. Belə hallarda sığorta şirkətləri obyektiv və ya subyektiv səbəblərdən məsələni gətirib yol polisi ilə əlaqələndirir, ödənişlərin gecikməsini “Forma-4” sənədinin gecikdirilməsinə bağlayırlar. Lakin fərdi araşdırma aparanda görürsən ki, məsələ heç də belə deyil. Ona görə də, obyektivlik naminə konkret faktlar ortaya qoyulmalıdır, detallı araşdırma aparılmasına dəstək olmaq lazımdır. Yol hərəkət hadisəsində iki tərəf var. Biri zərər vurandır, digəri zərər çəkən. Əgər tərəflər bir-birini başa düşür, razılaşırsa, cavabdeh və təqsirkar aydındırsa, tərəflər məsuliyyətini anlayırsa, məsələ yerindəcə həllini tapır. Bu zaman “Forma-4”-ə ehtiyac qalmır. Lakin bu, heç də həmişə belə olmur”.

Əsassız ittihamlar səsləndirilir

M.Ağayev vurğulayıb ki, “Forma-4” arayışının icbari sığorta bürosuna təqdim olunması məsələsi artıq elektronlaşdırılıb. Onun sözlərinə görə, təqsirkar şəxs müəyyən edildikdən 10 iş günü müddətində “Forma-4” icbari sığorta bürosunun mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün aidiyyəti üzrə təqdim olunur: “Bəzən hadisə zamanı hər iki tərəf özünü haqlı sayır, qarşısındakını təqsirli bilir, hadisəni mübahisələndirirlər. Obyektiv mənzərə, ədalət ortaya çıxana qədər əsassız ittihamlar səsləndirilir. Bütün hallarda ətraflı araşdırmanı polis aparır, haqlı və haqsız tərəfi müəyyən edir. Yol polisi heç bir halda prosesin ləngiməsində maraqlı tərəf deyil, belə bir fikrin formalaşmasının, təbliğinin qəti əleyhinədir”.

Qanunlar nə deyir?

Xatırladaq ki, “İcbari sığortalar haqqında” Qanunun “Zərərçəkənin hüquqları” adlı 24-cü Maddəsinin 1.6. bəndinə görə, zərərçəkən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət edə bilər. Onu da əlavə edək ki, sığorta şirkəti tərəfindən zərərçəkənin hüquqları pozulduqda, o, konkret olaraq Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə, İcbari Sığorta Bürosuna şikayət ünvanlaya bilər. Sözügedən qurumlara daxil olan vətəndaş şikayətləri dərhal araşdırılır və bu, vətəndaşı süründürməçiliyə məruz qoyan sığorta şirkətinin reytinqinə mənfi təsir edir, onlar cərimələnirlər.
Вернуться назад