Главная > Cəmiyyət > Kombilər havaya və ciblərə ziyandır: Bəs mərkəzi istilik sistemləri necə təşkil edilməlidir?
Kombilər havaya və ciblərə ziyandır: Bəs mərkəzi istilik sistemləri necə təşkil edilməlidir?11-04-2022, 13:19. Разместил: admin |
Pərviz Heyrədov yazır... Qış mövsümünü qismən yola salsaq da istilik mövzusu hər zaman cəmiyyətin həssas yanaşdığı məsələlərdən olub. Səbəb isə birmənalı deyil, istər yaşayış binalarının sakinləri, istərsə də sosial və təsərrüfat obyektlərinin sahibləri vaxtaşırı istilik məsələsi ilə bağlı narazılıqlarını, etirazlarını bildirirlər. Yaşayış binalarında bəzən istiliyin olmaması, bəzən də zəif olması bir məsələnin müzakirəsini aktuallaşdırıb. Qeyd edilir ki, mərkəzləşdirilmiş istilik (istixana) sistemlərindən istifadə və fərdi qaydada kombi mexanizminin istifadəsinin dayandırılması yaşanan bu kimi problemləri köklü şəkildə həll edəcək. Əsas arqument də ondan ibarətdir ki, fərdi istilik sistemlərindən istifadə ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Hətta əlavə də olunur ki, yaşayış binalarında mərkəzi istixana sistemlərinin qurulması ilə bağlı bir neçə qurumla əməkdaşlıq təşəbbüsləri də irəli sürülüb. Mərkəzləşdirilmiş istilik sisteminin tətbiqi cəmiyyətin bu narazılığını aradan qaldıra və problemin həllinə nail ola biləcəkmi? Vətəndaşlara fərdi şəkildə əldə edilən istilik səmərəli başa gəlir, yoxsa mərkəzi qaydada? Başlayaq sonuncu sualdan... Xərc çəkib kombi sistemi quraraq evində fərdi şəkildə isti su və qış aylarında da istilik əldə edənlərin hər biri təsdiqləyə bilər ki, kombi vasitəsilə istilik heç də ucuz başa gəlmir. Buna görə ay ərzində qaza və elektrik enerjisinə görə kifayət qədər pul ödənilir. Təxminən, 65-85 manat arası... Təsadüfi deyil, Tarif (Qiymət) Şurası tərəfindən keçən ilin noyabr ayının 1-dən etibarən qaz istehlakına dair yeni qiymətlər, yəni 1200 kubmetrdən az istifadəyə görə 12 qəpik, 1200 kubmetrdən çoxa 20 qəpik, 2500 kubmetrdən artığa görə isə 25 qəpik müəyyən edildikdən sonra kombisi olanların əksəriyyəti 1200 kubmetr limiti qışın elə ilk ayındaca keçdilər. Belə ki, “Azəriqaz” İB rəhbərliyi də etiraf edib ki, ötən il abonentlərin bir hissəsi 1200 kubmetri keçməsə də, 80 faizdən çoxu 2500 kubmetrə qədər istifadə edib və hətta bir hissəsi 2500 kubmetri də aşıb. Çünki kombi hesabına istilik həqiqətən baha başa gəlir. Mərkəzləşdirilmiş qaydada isə tarif (1 kvadratmetr üçün 0,15 AZN) bundan dəfələrlə aşağıdır. Odur ki, binalara mərkəzi qaydada istilik verilərsə mənzil sahiblərinin sözügedən məqsəd üçün xərclədikləri vəsait dəfələrlə az təşkil edər. Bu sahədə iş düzgün qurularsa maya dəyəri daha ucuz qiymətə başa gəlir. Başqa sözlə, bəzi hesablamalara görə bir mənzildə istehlak olunan ümumi qaz həcmiylə çoxmərtəbəli yaşayış binasını istiliklə təmin etmək mümkündür. Lakin... Məlumdur ki, bu işə cavabdeh “Azəristiliktəchizat” ASC-dir. Qurumun 563 qazanxanası vardır ki, bunlar vasitəsilə 3871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin edilir.Daha doğrusu, təmin olunmalıdır. Ancaq adıçəkilən qurum dövlətin dotasiyası hesabına fəaliyyət göstərdiyindən və yaxud mövcud olduğundan, onunla “Azəriqaz” İB arasında borc məsələsi hər il qış ayları öncəsi müəyyən anlaşmazlığa səbəb olur. O səbəbdən ki, sonuncu göstərdiyi xidmətə görə əldə etdiyi yığım hesabına əməkdaşlarının maaşlarını güclə ödədiyindən digər xərclərin öhdəsindən gələ bilmir. Odur ki, dövlət büdcəsindən “Azəristiliktəchizat” ASC-yə 40 milyon manatdan çox subsidiya ayrılır ki, bu, ildən-ilə artırılır. Bununla da qurumun gəlirləriylə xərcləri arasında zərər nisbətən aradan götürülür. Sözügedən qurumun fəaliyyətinə görə zərərləri ildən-ildən artdığına görə, subsidiya məbləği də hər il yüksəldilir. İndi keçək ikinci sualın cavabına... Fərdi istilik sistemlərindən istifadə faktının ətraf mühiti çirkləndirməsi problemi nə qədər düzgün olsa da belə, bu, təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həll edə biləcəyi məsələ deyil. Ümumiyyətlə, fərdi qaydada təşkil olunan isitmə sisteminin mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz edilməsi təşəbbüsü hələ ki real deyil. Və bu, yaxın 5-10 ildə belə baş tutan məsələ sayılmır. Nəyə görə? Əvvəla, yuxarıda qeyd etdiyimə əsasən dövlətin buna müvafiq vəsaiti yoxdur. Dövlət ölkə əhalisini istiliklə təmin etmək üçün hər il subsidiya, yəni əvəzi gözlənilmədən milyonlarla vəsait ayırdığı halda, digər tərəfdən də əksəriyyətin məhz sırf fərdi istilik sistemlərindən istifadə etməsi nəticəsində enerji israfçılığı və itkisiylə də yüklənir. İkincisi, bunun üçün müvafiq həll mexanizmi yoxdur və ümumiyyətlə, belə bir mexanizmi yaratmaq hələ ki müşkül məsələdir. Üçüncüsü də, kombi avadanlıqları və biznesi ilə məşğul olan şəbəkənin də mənafeyi və maraqları bunda az “çəkindirici” rol oynamır ki, buna qarşı isə yalnız müvafiq dövlət proqramı siyasəti vasitəsilə çıxmaq mümkündür. Bəs çıxış yolu nədədir? Məlumdur ki, ölkədə qazlaşdırma yüksək səviyyədədir. Təxminən, 95 faizin üzərindədir... Lakin tələbat eyni səviyyədə dayanıb qalmayıb - durmadan artır. O cümlədən, elektrik enerjisi üzrə də... Odur ki, xüsusən əhalinin kommunal xidmətlərdən istifadəsi və əhaliyə göstərilən xidmət elə təşkil olunmalıdır ki, səmərəlilik yüksəlsin və əsas qayəyə çevrilsin. Bəli, kombilər təbiətə ziyan olduğu kimi, vətəndaşların cibləri üçün də sərfəli deyil. Mərkəzləşdirilmiş istilik sistemlərinin təşkili isə həm vətəndaşlar, həm də dövlət üçün səmərəli və məqsədəuyğun olsa da hökumətin büdcəsinə uyğun deyil. Ona görə də birinci yol “Azəristiliktəchizat”ı özəlləşdirməkdən keçir. Məsələ yalnız bundan sonra həllini tapmağa başlaya bilər. Вернуться назад |