Главная > Cəmiyyət > Biri bunu Şahbaz Quliyevə başa salsın...

Biri bunu Şahbaz Quliyevə başa salsın...


2-04-2022, 16:00. Разместил: admin
“Mənim işığımı, qazımı kəsirlər, niyə? Erməniyə güllə atmışam deyə?”.

Bu, 7 il erməni əsirliyində qalan Şahbaz Quliyevin dünən Bakıda keçirdiyi təkadamlıq etiraz aksiyasında səsləndirdiyi fikirlərdən sadəcə, biridir.

Sözsüz ki, hər bir insanın etiraz etmək haqqı var. Amma baxır sən nə dərəcədə haqlısan...

Açığı, Şahbaz Quliyevin erməni əsirliyində olmasını əlində bayraq tutaraq xüsusi imtiyaz tələb etməsi məni çox narahat etdi. Bu, demək olar ki, nömrəsiz maşın sürən, kobud qayda pozuntusuna yol verən bəzi veteranların hərəkətindən heç də fərqlənmir. Əgər dövlət Vətən uğrunda etdiyin fədakarlığa görə sənə xüsusi imtiyaz verirsə, həyat şəraitini yaxşılaşdırmaq üçün güzəştlər edirsə, bundan sui-istifadə yolverilməzdir.

Bu ölkənin saysız-hesabsız isimsiz qəhrəmanları var axı... Heç görmüsünüz, Xüsusi Təyinatlı Qüvvələrin hər hansı bir mənsubu efirə çıxıb etdiyi qəhrəmanlıqları ilə öyünsün? Yox, uzağı hansısa sənədli filmin çəkilişində iştirak edə bilərlər, o da adları çəkilmədən, xüsusi icazə əsasında...

Bildiyim qədəriylə Şahbaz Quliyevin də Vətən üçün belə bir fədakarlığı olmayıb.

Əvvala Şahbaz Quliyev başa düşməlidir ki, o, Azərbaycan Ordusunun sıralarında əməliyyat yerinə yetirərkən əsir düşməyib. Bu, onun sadəcə, 7 il öncə öz istəyi ilə erməni işğalında olan torpaqlara getməsindən irəli gəlib. Hər halda vaxtilə erməni işğalında olan torpaqlara gedirdisə, bu riski də gözə almalıydı. Buna görə də düşmən tərəfindən əsir götürülməsində günahı özündən başqa heç kimdə axtarmamalıdır.

Sözsüz ki, Şahbaz Quliyev Azərbaycan vətəndaşıdır. Və onun erməni əsirliyində qalması davamlı şəkildə beynəlxalq arenaların tribunlarında səsləndirilib, azad olunması tələb edilib. Nəhayət, 7 ildən sonra da Azərbaycan hökuməti tərəfindən azad edilərək Bakıya gətirilib. Fikrimcə, düşmən əsirliyində qalan bir insan üçün azad edilməkdən böyük xoşbəxtlik ola bilməz. Nəzərə almaq lazımdır ki, bu xoşbəxtlik heç də hamıya nəsib olmur. Çünki hələ birinci Qarabağ müharibəsi dönəmində itkin düşən və indiyədək hələ də xəbər alınmayan minlərlə soydaşımız, əsirlikdə qətlə yetirilən yüzlərlə azərbaycanlımız var.

Heç şübhəm yoxdur ki, bu 7 il Şahbaz Quliyev üçün çox ağır keçib. Hər gün işgəncələr görüb, döyülüb, söyülüb, bəlkə də hər gün işgəncələrdən xilas olunmaq üçün özünə ölüm də arzulayıb. Amma nəhayətində azad olunub, normal həyata qayıdıb, hətta evlənib də...

Amma etiraz aksiyasında deyir ki, “Bir balamı qoyub getmişəm”.

Şahbaz Quliyev, çox üzr istəyirəm, bir balanı qoyub hara getmisən? Hansı döyüş əməliyyatında iştirak etmisən? Hansı yüksəkliyin azad olunmasında xüsusi şücaət göstərmisən? Bəlkə etmisən, bizim xəbərimiz yoxdur?

Bir balasını qoyub gedənlər bilirsən kimdir? Vətən müharibəsində canından keçən hər iki şəhiddən biri. Nəinki bir balasını, hətta iki, üç övladını qoyub gedənlər və bir daha geri qayıtmayanlar da var.

Xüsusi imtiyaz tələb etmək üçün bu cümləni işlədərkən ən azı onların ruhundan utanmaq lazımdır. Lütfən, biri bunu Şahbaz Quliyevə başa salsın...
Вернуться назад