Главная > Cəmiyyət / Manset > “Biz hər zaman Azərbaycanımızla fəxr etməliyik” - Firdovsi Umudov

“Biz hər zaman Azərbaycanımızla fəxr etməliyik” - Firdovsi Umudov


23-03-2022, 13:35. Разместил: admin
İdman siyasəti Azərbaycan dövlətinin prioritet sahələrindən biridir. Həyatın bütün sahələrində dinamik inkişafa malik olan ölkəmizdə idmana maraq kütləvi hal alıb. Təsadüfi deyil ki, atletlərimiz ən nüfuzlu yarışlarda şanlı qələbələr qazanaraq bayrağımızı daim uca zirvələrə qaldırırlar. İdmançılarımızın qarşısında duran əsas vəzifə bundan sonra da dövlətimizin şöhrətini hər zaman yüksəklərdə saxlamaqdır.

“Azadsəs.az” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində güləş üzrə tanınmış mütəxəssis, “Şöhrət” ordenli, Əməkdar məşqçi, “Sərhədçi” klubunun prezidenti Firdovsi Umudov bildirib.

O, qeyd edib ki, bütün sahələrdə qabaqcıl ölkələrin sırasında olan Azərbaycan həmişə liderliyini qoruyur: “Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında böyük nailiyyətlər əldə etmiş ölkələrin reytinqlərinə baxdıqda, məhz inkişaf etmiş dövlətlərin nümayəndələrinin uğur qazanmasının şahidi oluruq. Azərbaycanın qüdrətini əks etdirən idman nailiyyətləri bu baxımdan bizim üçün çox qiymətlidir. Ölkəmizdə güclü idman infrastrukturunun yaradılması, təlim-məşq toplanışlarının, hazırlıq işlərinin yüksək səviyyədə qurulması, iqtisadi baza kimi amillər böyük əhəmiyyətə malikdir. Bu gün Azərbaycanın bütün regionlarında idmanla məşğul olmaq üçün çox gözəl şərait yaradılıb və bu iş böyük sürətlə davam etdirilir. Bütün sahələr üzrə həm kifayət qədər təcrübəli mütəxəssislər formalaşıb, həm də maddi texniki baza yüksək səviyyədədir. Dövlətimizin başçısı deyib ki, azad edilmiş torpaqlarda da idman inkişaf etməlidir. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır.

Ölkə başçısının Suqovuşan qəsəbəsinə səfəri çərçivəsində bu ərazilərdə idmanın inkişafı ilə bağlı tapşırıqlar verdi. Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qaldı. Suqovuşanda avarçəkmə üzrə təlim-məşq toplanışının rəsmi açılışı bu ərazilərin idman potensialının dirçəldilməsi istiqamətində atılan ilk addımlarımızdandır”.

F.Umudov bu günlərdə dövlət başçısının Avropa çempionatında uğurla çıxış edən gənc güləşçilərimizi qəbul etməsi ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güləşçilərimizi qəbul etməsi ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Dövlətimizin başçısının idmançılara “Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq”, - sözləri hər birimizdə böyük qürur hissi yaratdı”.
“Biz hər zaman Azərbaycanımızla, bayrağımızla, dövlətimizlə fəxr etməliyik. Ölkə başçısının idmançılara diqqət və qayğısı, Olimpiya Oyunlarına yola salma mərasimlərində, eləcə də böyük nailiyyətlərlə Vətənə qayıdan komandanı qəbul etməsi hər zaman böyük ruh yüksəkliyinə səbəb olub. Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək. İndi tarixi Zəfərimizin bəxş etdiyi bu əminlik idmançılarımıza daha böyük güc və stimul verir. Əminik ki, bundan sonra nəticələrimiz daha yüksək və parlaq olacaq”, - deyə F.Umudov əlavə edib.
Вернуться назад