Главная > Cəmiyyət / Manset > KOB subyektlərinin qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb - Fotolar

KOB subyektlərinin qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb - Fotolar


16-03-2022, 22:19. Разместил: admin
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ikinci qrant müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsinə başlanılıb.

“Azadsəs.az” xəbər verir ki, KOBİA məlumat yayıb.

Layihələr onlayn sənəd databazasının, tullantı sularından elektrik enerjisi istehsal edən qurğunun, “Ağıllı Data Analitika Platforması”nın yaradılması, tullantıların ağıllı yolla toplanması və emalı, qida məhsullarının satışı üçün mobil tətbiq və vahid anbar sistemi, qadın sahibkarlığın inkişafı, “əşyaların intellekti”, arıçılıq təsərrüfatlarının məhsuldarlığının artırılması üçün avadanlığın hazırlanması, yerli tekstil məhsullarının Avropa bazarına ixrac imkanlarının genişləndirilməsi, sosial sahibkarlığın inkişafı, KOB-ların uçot və hesabatlığını sadələşdirən proqram təminatı, Azərbaycan dilində audio\video faylları mətnə avtomatik çevirmə sistemi və startap ekosisteminin inkişafına dəstək istiqamətlərini əhatə edir.

Martın 16-da KOBİA-nın təşkilatçılığı ilə müsabiqə qalibləri ilə görüş keçirilib, onlarla layihələrinin maliyyələşdirilməsinə dair müqavilələr imzalanıb.

İkinci qrant müsabiqəsinin qaliblərini təbrik edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müsabiqənin KOB-ların layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə keçirildiyini və müsabiqəyə 200 layihənin təqdim olunduğunu bildirib.

Qeyd olunub ki, müxtəlif qurumların nümayəndələrinin təmsil olunduğu Ekspert Komissiyasının kollegial qərarına uyğun olaraq 13 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Bu layihələrin maliyyələşdirilməsinə təqribən 248 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Müvafiq vəsait yaxın günlərdə qalib KOB-ların bank hesablarına köçürüləcək. Birinci qrant müsabiqəsində qalib gəlmiş 15 KOB subyektinin layihəsi isə təqribən 280 min manat məbləğində maliyyələşdirilib.

Orxan Məmmədov qeyd edib ki, Agentlik maliyyələşdirilmiş layihələrin davamlı və KOB-lar üçün faydalı olmasında maraqlıdır. KOBİA tərəfindən layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunacaq. Şəffaflığın və hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılacaq və layihələrin icrası prosesi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaqdır.

Tədbir çərçivəsində həmçinin, birinci qrant müsabiqəsi çərçivəsində layihələri maliyyələşdirilmiş sahibkarların məhsul və xidmətlərindən ibarət kiçik sərgi təşkil olunub.
Qeyd: Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 2-ci qrant müsabiqəsinə sənəd qəbulu 15 noyabr - 14 dekabr 2021-ci il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16 dekabr 2021-ci il - 10 fevral 2022-ci tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı müvafiq meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.





Вернуться назад