Главная > Cəmiyyət > Xəstəxanada vəfat edən qazinin ailəsinə müavinət verilə bilər?

Xəstəxanada vəfat edən qazinin ailəsinə müavinət verilə bilər?


12-03-2022, 15:40. Разместил: admin
“Vətən müharibəsi iştirakçısı olan qardaşım Habil Cahangirlinin səhhətində problemlər yaranmışdı. Müharibə bitdikdən sonra bir müddət Bakıda müalicə olundu, sonra Türkiyəyə apardıq və orada rəhmətə getdi. Lakin hələ də ona “şəhid” statusu verilməyib”.

Bu barədə “Azadsəs.az”a Azərbaycan Ordusunun baş leytenantı Habil Cahangirlinin qardaşı Ramil Cahangirli bildirib.

Onun sözlərinə görə, “şəhid” statusunun alınması üçün ailəsi tərəfindən məhkəməyə müraciət edilib: “Bir məhkəmə iclası keçirilib və may ayına təxirə salınıb. Aidiyyəti dövlət qurumları bu məsələyə etinasız yanaşırlar. Müdafiə Nazirliyindən məhkəmə iclasına gələn olmayıb”.

R. Cahangirli bildirib ki, müharibə veteranı statusunu almaq üçün də müraciət ediblər: "Bizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətindən bildirildi ki, bu status qardaşıma düşmür. Onunla bağlı müraciətimizə baş idarə imtina göndərib. Səbəb isə odur ki, bu status ancaq müharibədə sağ qalanlara verilir.

Hazırda H. Cahangirlinin ailəsinə dövlət 200 manat vəsait ödəyir. Bu məbləğlə iki uşaqlı ailə necə dolansın? Sadə vətəndaş da rəhmətə getsə, ailəsinə və uşaqlarına bu məbləğ verilir, onun veteranlığa aidiyyəti yoxdur. Qardaşım yoldan keçərkən başına daş düşməsindən vəfat etməyib və ya qəzada ölməyib, o vətən qəhrəmanıdır”.

Məsələ ilə bağlı “Qafqazinfo”ya danışan Qarabağ qazisi Rey Kərimoğlu bildirib ki, bu cür hallarda məhkəmə yolu ilə şəhidlik statusu alına bilər: “Bizim qanunvericilikdə hələ də boşluqlar var. Müharibədə yaralanmış, sonradan dünyasını dəyişmiş insanlar “şəhid” statusunu çətinliklə alırlar. Əslində bu məsələ qanunvericilikdə konkret öz əksini tapmalıdır. Məhkəmə yolu ilə statusu alandan sonra isə müvafiq ödəniş veriləcək. Veteran statusuna gəlincə isə, bu status müharibədə sağ qalmış insanlara verilir və 80 manat məbləğində Prezident təqaüdü ödənir”.

R. Kərimoğlu həmçinin qeyd edib ki, gələcəkdə ola bilər veteranlıq haqqında qanuna dəyişiklik edilsin və bu məsələ də həllini tapsın: “Hələ ki gündəlikdə belə bir məqam yoxdur”.
Qeyd edək ki, “Müharibə veteranı” adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə verilir.
Вернуться назад