Главная > Cəmiyyət / Manset > “Məhsul və xidmətlərimizi müştərilərimizin tələblərinə uyğun olaraq təqdim edirik”
“Məhsul və xidmətlərimizi müştərilərimizin tələblərinə uyğun olaraq təqdim edirik”16-02-2022, 17:44. Разместил: admin |
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın fəaliyyəti ilə bağlı müsahibə verib. Sözügedən müsahibəni təqdim edirik: - Özünüzü yeni ölkədə və yeni vəzifədə - AccessBank-ın İdarə Heyətinin sədri kimi necə hiss edirsiniz? - Azərbaycanda dəfələrlə qısamüddətli işgüzar səfərlərdə olmuşam. Amma bura uzunmüddətlik gəlmək həm imtiyaz, həm də böyük məsuliyyətdir. Qoşulduğum AccessBank komandası peşəkarlardan ibarətdir. Əməkdaşlarımız daima üzərlərində işləyir, ixtisaslarını artırırlar. AccessBank uzun müddətdir ki, mikrobiznes üçün maliyyə mənbəyi rolunda çıxış edir və bu bütün ölkənin iqtisadi inkişafı üçün olduqca mühüm rol oynayır. Bildiyiniz kimi, AccessBank Azərbaycan bazarında artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Bankımızda bu illər ərzində qurulmuş korporativ mədəniyyət əməkdaşlarımıza mikrosahibkarlığın dəstəklənməsinə məsuliyyət hissini aşılayıb və mən əminəm ki, məhz bu məsuliyyət hissi bizə növbəti 20 ildə də mükəmməl nəticələrə nail olmağa kömək edəcək. Beləliklə yeni ölkədə və yeni vəzifədə AccessBank komandası ilə birlikdə özümü enerji dolu və böyük planlara doğru irəliləməyə hazır hiss edirəm. - Dünya iqtisadiyyatı koronavirus pandemiyası dövründə yaşanan məhdudiyyətlərlə əlaqədar olaraq çətin dövrdən keçdi. İqtisadi fəallığın bərpasında maliyyə institutlarının rolunu necə görürsünüz? - Həqiqətən də ötən iki il kifayət qədər çətin keçdi. Pandemiyanın miqyasını və onun insanların həyatına və müxtəlif sahələrə təsirini təsəvvür belə edə bilməzdim. Buna baxmayaraq, kifayət qədər dözümlü olduğumuzu sübut etdik və pandemiyanın yaratdığı gündəlik çətinliklərin və məhdudiyyətlərin öhdəsindən gələ bildik. Regionumuzdakı maliyyə institutları pandemiya dövründə sahibkarlığa dəstək olmaqda, pandemiyadan sonra isə iqtisadiyyatın inkişafına təkan verməkdə böyük rol oynadılar. Maliyyə resurslarını müştərilərimiz və əhali üçün əlçatan etmək məqsədilə AccessBank ölkədəki digər banklarla birgə hətta tam qapanma dövründə fəaliyyətini davam etdirdi. Bundan əlavə, bankın kreditlər üzrə ödənişlərdə tətbiq etdiyi güzəştlər iqtisadiyyatın bərpasında əhəmiyyətli rol oynadı. Pandemiyanın təsirinə daha çox məruz qalmış müştərilərimizlə bu gün də sıx əməkdaşlıq edirik, çünki tam bərpa üçün onların hələ də zamana ehtiyacları var. - AccessBank artıq uzun illərdir ki, Azərbaycanın mikromaliyyə bazarında lider mövqeyini qorumaqdadır. Bankın cari vəziyyətini və yaxın gələcək üçün addımlarını necə görürsünüz? - Bəli, AccessBank Azərbaycanda mikromaliyyə sahəsində liderdir və hesab edirəm ki, liderliyimizin “resept”ini uzun illərdir mikro, kiçik və orta biznes (MKOB) seqmentində çalışan və onu çox gözəl tanıyan savadlı və istedadlı komandamız təşkil edir. Bundan əlavə, qeyd etmək lazımdır ki, AccessBank-ın bütün səhmdarları MKOB seqmentinin inkişafını fəal şəkildə dəstəkləyən beynəlxalq maliyyə institutlarıdır - Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və s.. Habelə, depozitlərini bankımızda yerləşdirən pərakəndə seqmentinin müştərilərinin də etimadını qazanmışıq. Bu yaxınlarda pandemiyanın başa çatmasında və bununla əlaqədar iqtisadiyyatın inkişaf templərinin sürətlənməsində AccessBank üçün də böyük artım perspektivlərini görürəm. İlk növbədə, Abşeron və regionlarda sahibkarlara dəstək olmaqla, bizə “doğma” olan mikromaliyyələşdirmə seqmentində inkişaf etmək niyyətindəyik. Səmimi qəlbdən inanıram ki, bu seqmenti bizdən yaxşı bilən yoxdur. Eyni zamanda pərakəndə bankçılıq istiqaməti üzrə də müştəri bazamızı inkişaf etdirmək niyyətindəyik. Bundan başqa, yaxın gələcək üçün olan planlarımıza həm bizim, həm də müştərilərimizin son illər faydasını gördüyümüz rəqəmsallaşma sahəsinin təkmilləşdirilməsi daxildir. Bu addımlar mövcud müştərilərə daha sürətli xidmət göstərməyimizə, eyni zamanda yeni, xüsusilə də gənc nəsil müştərilər cəlb etməyimizə imkan yaradacaq. - Azərbaycanda bank sektorunun gələcək inkişafına verə biləcəyiniz peşəkar töhfənizi necə görürsünüz? Yeni təyinatdan gözləntiləriniz nədir? - Gözləntilərə gəldikdə isə... İnanıram ki, Azərbaycanda bank sektoru ölkə iqtisadiyyatına verdiyi töhfəsini daha da artıracaq. Hazırda Azərbaycan əhalisinin bank xidmətlərindən istifadə səviyyəsi regionun bəzi ölkələri ilə müqayisədə daha aşağıdır. Lakin əminəm ki, yaxın gələcəkdə bütün maraqlı tərəflərin, eləcə də tənzimləyici orqanların və maliyyə institutlarının birgə əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox vətəndaş bankçılıqdan istifadə edəcək. Bu isə hamı üçün faydalı olacaq. Вернуться назад |