Главная > Cəmiyyət > Nazirlikdən aşkarlanan pozuntularla bağlı - Açıqlama

Nazirlikdən aşkarlanan pozuntularla bağlı - Açıqlama


10-02-2022, 22:52. Разместил: admin
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlamaları ilə bağlı məsələyə aydınlıq gətirib.

“Azadsəs.az” xəbər verir ki, nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, yoxlamalar 2013-2018-ci illəri əhatə edir.

“Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu gün yaydığı hesabatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda həyata keçirilən nəzarət tədbirlərinin nəticələri də açıqlanıb.

Bununla bağlı media sorğularına cavab olaraq bildiririk ki, adıçəkilən qurumun nazirliklə bağlı həmin yoxlamaları 2013-cü ilin oktyabrından 2018-ci ilin aprel ayına qədərki dövrü əhatə edib.

Aşkar olunan nöqsan və qanunsuzluqlar da 2013-2018-ci illərə aiddir”, – o qeyd edib.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda 22 oktyabr 2013-cü ildən 21 aprel 2018-ci il tarixədək olan dövr üzrə aparılan nəzarət tədbiri ilə əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, müharibə veteranlarının və şəhid ailələrinin sanator-kurort müəssisələrinə göndərilməsi üçün köçürülmüş vəsaitin bir hissəsinin həmin müəssisələrin rəhbərləri tərəfindən ƏƏSMN-nin sabiq rəhbər işçilərinə qaytarılması, sosial obyektlərin və imtiyazlı şəxslərə fərdi yaşayış evlərinin tikintisində işlərin həcmlərinin artırılması yolu ilə podratçı təşkilatlara artıq vəsaitin ödənilməsi, Nazirliyin müvafiq qurumları tərəfindən tətbiq edilən böyük məbləğdə inzibati cərimələrin ödənilməsinin təmin edilməməsi, struktur bölmələr tərəfindən təyin olunmuş pensiya, sosial təminat və təqaüd işləri üzrə pensiya, təqaüd və müavinətlərin artıq hesablanması və ödənilməsi halları aşkar olunub.

Həmçinin, pensiya, müavinət və təqaüd alan şəxslərin vəfat etdiyi halda onların adlarına ödənişlərin uzun müddət davam etdirilməsi, xeyli sayda şəxsə eyni dövr üçün həm əlilliyə, həm də ailə başçısını itirməsinə görə müavinət və əmək pensiyalarının ödənilməsi, pensiya təyinatı aparılarkən iş stajının bilərəkdən artıq göstərilməsi, işsizlik müavinətlərinin hesablanması qaydalarının pozulması və müavinət təyin olunmuş həmin şəxslərin bundan xəbərsiz olmaları, çoxlu sayda vətəndaşa işsizlik müavinətinin verilməsi kimi nöqsanlar aşkar olunmaqla xeyli məbləğdə vəsaitin təyinatından yayındırıldığı müəyyən edilib.
Вернуться назад