Главная > Cəmiyyət > Rövşən Nəcəf kollektivə təqdim olundu

Rövşən Nəcəf kollektivə təqdim olundu


10-02-2022, 19:47. Разместил: admin
Bu gün SOCAR TOWER-də Prezident İlham Əliyevin Sərəncamı ilə SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezidenti Rövşən Nəcəf kollektivə təqdim olunub.

“Azadsəs.az” xəbər verir ki, iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevi və yeni təyin olunmuş birinci vitse-prezident Rövşən Nəcəfi təyinatları münasibəti ilə təbrik edib.

M.Cabbarov Prezident İlham Əliyevin Sərəncamına əsasən Rövşən Nəcəfin həm də SOCAR prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq icra edəcəyini qeyd edib.

Müşahidə Şurasının sədri 16 ildən artıq SOCAR-a rəhbərlik etmiş Rövnəq Abdullayevin Azərbaycan neft-qaz sənayesinin inkişafına verdiyi töhfələrindən söz açaraq bildirib ki, bu müddət ərzində o, daim Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının icrası və Prezident İlham Əliyevin enerji siyasətinin yerinə yetirilməsi, SOCAR-ın yerli səviyyəli neft-qaz şirkətindən qlobal səviyyəli enerji şirkətinə çevrilməsi üçün çalışıb.

M.Cabbarov SOCAR-ın Azərbaycan iqtisadiyyatı üçün əvəzedilməz rolunu vurğulayaraq, şirkətin artıq öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu söyləyib.

Ötən il şirkətin diaqnostikası aparılıb, 2035-ci ilədək korporativ strategiyası qəbul edilib. Yeni inkişaf mərhələsində Prezidentin enerji keçidi, dünya iqtisadiyyatının sürətli transformasiyası fonunda verdiyi tövsiyə və tapşırıqlar, SOCAR-ın orta və uzunmüddətli maliyyə dayanıqlığının təmin olunması əsas götürüləcək.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev göstərilən etimada görə ölkə başçısına minnətdarlığını bildirib, neft sənayesində çalışdığı 33 il ərzində dövlətə və Prezidentin siyasətinə bağlı olduğunu, gələcək fəaliyyətində də bu prinsiplərə sadiq qalacağını, yeni vəzifəsində var gücü ilə çalışacağını deyib. R.Abdullayev Rövşən Nəcəfi təbrik edib, onun rəhbərliyi altında SOCAR-ın daha böyük nailiyyətlərə imza atacağına əmin olduğunu vurğulayıb.

Sonda çıxış edən Rövşən Nəcəf göstərilən etimada görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq edib, SOCAR-ın Azərbaycan iqtisadiyyatının flaqmanı, qlobal miqyaslı bir şirkət kimi öz mövqeyini qüvvətləndirməsi üçün var gücü ilə çalışacağını bildirib. SOCAR-ın təqaüd proqramı çərçivəsində xaricdə təhsil aldığını və bir müddət bu şirkətdə çalışdığını bildirən R.Nəcəf, SOCAR-ın ona doğma şirkət olduğunu, şirkətin rəhbər heyəti və çoxminli kollektivi ilə birlikdə qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə inandığını ifadə edib.
Вернуться назад