Главная > Cəmiyyət / Manset > Professor: “Bu, psixoloji məqamlar yarada bilər”

Professor: “Bu, psixoloji məqamlar yarada bilər”


6-02-2022, 16:28. Разместил: azadses
Əgər Avropa pandemiyanın sonuna yaxınlaşırsa, Azərbaycan da artıq koronavirus məhdudiyyətlərinin aradan qaldırılmasına başlaya bilər. Bu ayın 1-dən etibarən Danimarka bütün məhdudiyyətləri aradan qaldırdı. Orada “omikron” variantının yayılması yüksək səviyyədə olsa da, COVID-19 infeksiyası bu gün digər respirator infeksiyaların olduğu qədər təhlükə törədə bilər, artığını yox. Keçən həftə ərzində dünyada aşkar olunan yoluxmaların sayı 22 milyona yaxın idi. İnsanlar arasında ölüm göstəricisi isə 0,3 faizdir. Bu, qripin ölüm göstəricilərinə bərabərdir.

Publika.az xəbər verir ki, bu sözləri pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov deyib.

Professor bildirib ki, COVID-19 infeksiyası dünyada nə qədər sürətlə yayılsa və epidemioloji göstəricilər qazansa da, bizim üçün təhlükəli olmayacaq:

“Amerikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi karantin müddətinin 5 günə endirildiyini açıqladı. Əgər simptomatik deyilsə, vaksin olunmuş insanın izolyasiyasına ehtiyac qalmır. İnsanlarımızı bu məhdudiyyətlərdən uzaqlaşdırmaq lazımdır. Təbii ki, maska taxılması davam edəcək. Bu, təkcə koronavirusun deyil, eyni zamanda digər respirator infeksiyaların yayılmasının da qarşısını alır. Bizim üçün ən önəmli məqam bütün əhalinin vaksin olunması və effektiv vaksinlərin alınmasıdır.

“Sinovac”ın effektivliyi yaxşı öyrənilməyib, daha yaxşı olardı ki, “Pfizer”, “Moderna”, “Oxford”, “AstraZeneca” , “Johnson and Johnson” kimi önəmli vaksinlərə geniş yer verək. Bu vaksinlərdən gələn effektivlik cəmiyyətlər üçün kifayət qədər yüksəkdir.

Bu gün nano texnologiya xeyli inkişaf edib, target dərmanlar var. Hətta yoluxmuş insanda xəstəliyin gələcəkdə əmələ gəlməsinin qarşısını alan preparatlar mövcuddur. Bu da sevindirici haldır. Biz bu gün cəmiyyət olaraq koronavirus qarşısında aciz deyilik, düşünürəm ki, karantin qaydalarını tamamilə aradan qaldırmaq mümkündür, ən azı 1 ilə.

“Pfizer” ekspertləri elan etdi ki, 2024-cü ilin sonuna qədər dünyada COVID-19 bitməlidir və onlar karantin qaydalarının sərtləşdirilməsinin əleyhinədirlər. Təbii ki, bu, müəyyən mənada insan hüquqlarının məhdudlaşdırılması deməkdir. Bu da aktivliyin azalması ilə yanaşı, psixoloji məqamların yaranmasına səbəb ola bilir.

Hesab edirəm ki, cəmiyyətimizdə kütləvi immunitet formalaşıb, 5 milyona yaxın insan ikinci dozanı vurdurub. Həm vaksindən, həm də xəstəliyi keçirmiş insanlardan gələn immunitet var. İkisi bir-birini tamamlayaraq kollektiv immunitet yaradıb.

Bu yaxınlarda Milanda idim, 9-cu Beynəlxalq Ağciyər Sağlamlıq Konfransında iştirak edirdim. Konfrans COVID-19-a həsr olunmuşdu. Amerikadan, Almaniyadan, Belçikadan, Yunanıstan və İspaniyadan da nümayəndə var idi. Bu ölkə ekspertlərinin tamamilə sakit olduğunu gördüm. Dünyada artıq həyəcan təbili yoxdur, çünki xəstəlik ağır deyil. Artıq immun sistemimiz kifayət qədər qabiliyyətlidir, dəyişmiş və mutasiyaya uğramış formada gələn virusla mübarizə apara bilir”.


Вернуться назад