Главная > Cəmiyyət > Gənclərlə bağlı yeni məşğulluq layihələrinə başlandı

Gənclərlə bağlı yeni məşğulluq layihələrinə başlandı


2-02-2022, 17:47. Разместил: azadses
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin aktiv məşğuluq tədbirlərinin hədəflərindən biri də gənclərin məşğulluğu, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsidir.

Nazirlikdən verilən məlumata görə, təkcə 2021-ci il ərzində Agentlik tərəfindən 20 363 gənc münasib işlə təmin edilib.

Özünüməşğulluq proqramının icrasında da gənclərin iştirakına xüsusi önəm verilir. Ötən il də 4 288 gənc özünüməşğulluq proqramına cəlb olunaraq, proqramın dəstəyi ilə öz kiçik biznes sahələrini yaradıb.

Agentliyin peşə hazırlığı kurslarına ötən il böyük əksəriyyəti gənclər olan 1 000 nəfər cəlb olunub, 2 minə yaxın gəncə isə peşəyönümü məsləhət xidmətləri göstərilib. Bu ildən agentlik beynəlxalq sertifikatlı mütəxəssis hazırlığı kurslarına başlayacaq ki, kurslara cəlb ediləcək şəxslərin böyük əksəriyyəti gənclər olacaq.

Gənclərin əmək bazarına inteqrasiyasına dəstək olan yeni proqramlardan biri də Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə icra etdiyi “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”dır. Proqram üzrə gənclərin bilik və bacarıqlarının artırılması, potensiallarının, ideyalarının reallaşdırılması üçün “Peşəkar Gənclik”, “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası”, “Biznesini Yarat Marafonu” layihələri çərçivəsində işlər aparılır.

Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə bu günlərdə yeni layihəyə - “Gənclərin biznes emalatxanası” layihəsinə də başlanıb. Layihənin məqsədi peşə təhsili alan sonuncu kurs tələbələrinin biznes təlimlərinə cəlb olunması və özünüməşğulluq proqramı çərçivəsində mikrobizneslərini qurmasıdır.

Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində “Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” (PROGRO) da hazırlanıb. Platformanın məqsədi gənclərin peşəkar inkişafla bağlı maarifləndirilməsi və onların gələcək iş həyatına hazırlığına dəstək verməkdir.

Dövlət Məşğulluq Agentliyinin nəzdində Karyera Mərkəzlərinin Koordinasiya Şurası yaradılıb. Karyera Mərkəzlərinin Koordinasiya Şurasının yaradılmasında məqsəd vahid standartların müəyyən edilməsi və tətbiqi, karyera mərkəzi olmayan ali təhsil müəssisələrində belə mərkəzlərin yaradılmasına dəstək göstərilməsi, metodiki bazanın, yerli müsbət təcrübələrin paylaşılması, xarici təcrübənin araşdırılması və tətbiqinə dəstək göstərməkdir.


Вернуться назад