Главная > Cəmiyyət / Manset > “Qiymət artımı təkcə Azərbaycanda baş vermir”
“Qiymət artımı təkcə Azərbaycanda baş vermir”20-01-2022, 14:40. Разместил: admin |
Azərbaycanda buğda və unun qiymətlərində, həmçinin, bir sıra ərzaq məhsullarında bahalaşma baş verib. Bir çoxlarını o sual düşündürür ki, qiymət artımından qaçmaq mümkün idimi? Və ya bu prosesdə hökumətin yürütdüyü siyasəti, sadə dillə desək, nə dərəcədə günahlandırmaq mümkündür? Reallıq budur ki, bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub: ümumi daxili məhsul 5,6% artıb (onun həcmi 92,8 mlrd. manat təşkil edib), qeyri-neft sektoru üzrə artım 7,2% olub, sənaye istehsalı 5.2%, qeyri-neft sənayesi isə 18,9% artıb, ölkənin strateji valyuta ehtiyatları 2,5 mlrd. dollara yaxın artaraq 53,2 mlrd. dolları ötüb və xarici dövlət borcunu 6 dəfədən çox üstələyib və s. Buna baxmayaraq, orta illik inflyasiya 6,7%, o cümlədən, ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil edib. İnflyasiyanın illik səviyyəsi isə 12% olub. Əfsuslar olsun ki, belə bir məqamda bəzi iqtisadçılar, xüsusilə iqtidarın əleyhdarları yaşanan qiymət artımında real səbəblərin üzərindən keçərək, hakimiyyəti günahkar çıxarmaq, daha qorxunc mənzərə yaratmaq xətti götürüblər. Bir yandan qiymət artımının əhaliyə təsirlərini azaltmaq üçün ölkə rəhbərinin imzaladığı sərəncamlar, hökumətin verdiyi qərarlar gözdən salınır, digər yandan heç bir mənbəyə istinad edilmədən çaşqınlıq yaradan anonslar verilir. Şayiələrlə zəngin, populist çıxışlar yenə ortadadır... Həqiqət isə ondan ibarətdir ki, qiymət artımı təkcə Azərbaycanda baş vermir və bu proses bütün dünyanı cənginə alıb. Qarşısı alınması mümkün olmayan bu gedişatdan əhalini qorumaq, sosial müdafiəni gücləndirmək, xüsusilə süni qiymət artımlarını önləmək addımlarını atmaq vacibdir ki, Azərbaycan hakimiyyətinin bu yöndə fəaliyyətsiz olduğunu söyləmək mümkün deyil. Əgər bunlar olmasaydı, hardasa tənqidlərə haqq qazandırmaq mümkün idi. Dünyanın bugünkü iqtisadi mənzərəsinə baxaq. Qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlar kimi çıxış edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına istinad etsək, təkcə ötən il dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Belə bir durumda dünyanın bir parçası olan Azərbaycana ayrıca yanaşmaq, kor-koranə formada qiymət artımı olmamalı idi-, demək doğru deyil. Hazırda ünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi o deməkdir ki, əksər ölkələrdə, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri artıb. Nəticə etibarilə qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları yaşanır. Başa vurduğumuz 2021-ci ildə inflyasiyanın xarici amillərinin əhəmiyyətli aktivləşməsi danılmaz faktdır və bu, Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasına əhəmiyyətli şəkildə təsir edib. Bundan başqa, dünya bazarlarında taxılın qiymətində baş verən artımları diqqətdən qaçırmaq olmaz. Statistikaya müraciət etsək, taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. Ötən ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər yüksəlib. Azərbaycanın əsas təchizatçı olan və ən ucuz buğda aldığımız Rusiyada da həm qiymətlər, həm də ixrac rüsumları artıb və hələ də davam edir. Baş verən bu proseslərə Azərbaycan hökuməti seyrçi qalmayıb. Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən tədbirlər həyata keçirilib ki, bu sırada daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırılmasını, buğdanın idxalı və satışının, buğda ununun, çörəyin istehsalı, eləcə də satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadılmasını, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrılmasını göstərmək mümkündür. Bütün bu kompleks tədbirlərə baxmayaraq, artımdan yan keçmək mükün olmadı. Sual edilə bilər ki, buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması davam edə bilərdimi? Yuxarıdakı amilləri nəzərə alsaq, əlbəttə ki, yox. Yaranmış bu durumda hökumət, ilk növbədə süni qiymət artımına imkan verməməlidir və diqqət etsək, məhz bu məqsədlə qabaqlayıcı tədbirlərə başlanılıb. Haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısının alınması, istehlak bazarına antiinhisar nəzarətinin gücləndirilməsi haqda tapşırıq verilib. Rəsmi məlumatlara əsasən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib. Hazırda respublikanın 68 şəhər və rayonu üzrə unun satışı, çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlər aparılır. Bununla yanaşı, bahalaşmanı nəzərə alaraq ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir. Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təklifləri Hökumətə təqdim etmələri tapşırılıb. Başqa bir önəmli məqam; Prezidentin tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ərzaq təhlükəsizliyi, həm də kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcək. Azad olunmuş mövcud ərazilərdə taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürməyin mümkünlüyü proqnozlaşdırılır. Şübhə yoxdur ki, son 15 il ərzində özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atan və ciddi nailiyyətlər qazanan Azərbaycan dövləti görülən tədbirlər nəticəsində mövcud əkin sahələrində ölkənin maksimum dərəcədə ərzaq buğdası ilə təminatına da nail olacaq. Paralel olaraq qiymət artımının əhaliyə, xüsusilə aztəminatlı təbəqəyə təsirlərini azaltmaq üçün Azərbaycan hakimiyyətinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı verdiyi növbəti qərarlar həyata vəsiqə qazanmaqdadır. Vergi, gömrük, eləcə də başqa sferalarda həyata keçirilən islahatlar nəticəsində yaranan əlavə maliyyə resursları cari ildə də əhalinin sosial rifahına yönəldilməkdədir və bu yöndə verilən qərarlar heç də sonuncu deyil. Ölkədə istər minimum əməkhaqqı, istərsə də minimum pensiya artırılıb. Əlilliyi olan şəxslərin, Vətən uğrunda şəhid olanların, sağlamlığını itirənlərin sosial müdafiəsinə xidmət edən yeni sənədlər imzalanıb. Prezident təqaüdlərini, tələbələrin təqaüdlərini, sosial müavinətləri, müəllimlərin əməkhaqqının artımını şərtləndirən sərəncamlar verilib. Ümumilikdə, cari il yeni başlamasına baxmayaraq, sosial rifahın yaxşılaşmasını hədəfləyən 10-larca qərar verilib, demək olar ki, bütün sahələrlə bağlı əməkhaqqı artımı qərarı icra olunmaqdadır. Bütün bunlar əhalinin qiymət artımından zərər görməməsi baxımından xüsusi önəm daşıyır. Beləliklə, dövlətin pandemiya dövründə, dünyada baş verən proseslər fonunda sosial tədbirləri axsamayıb və növbəti sosial paketin icrasının şahidiyik. Azərbaycanın müharibədən çıxmış ölkə olduğunu, eyni zamanda, düşmən tərəfindən viran qoyulmuş Qarabağda öz imkanları hesabına quruculuq işləri aparan dövlət olduğunu da yaddan çıxartmamalıyıq. Və dünyanı bürüyən iqtisadi problemlər fonunda Azərbaycanın iqtisadi inkişafını qoruması, ökədən asılı olmayan səbəblərdən yaşanan proseslərin təsirindən əhalini qorumaq üçün real tədbirlər görülməsi sadə məsələ kimi qəbul edilməməlidir. Atılan addımların, təxirəsalınmaz tədbirlərin kökündə Azərbaycan insanının sosial vəziyyətinin yüngülləşməsi faktoru dayanır və hökumət yaxın perspektivdə çətinliklərin həllini vəd edən tədbirlərin icrasına başlayıb. Вернуться назад |