Главная > Cəmiyyət / Manset > Azərbaycanlı həkim buster doza ilə bağlı ən önəmli məqamı AÇIQLADI

Azərbaycanlı həkim buster doza ilə bağlı ən önəmli məqamı AÇIQLADI


9-10-2021, 16:43. Разместил: azadses
Son günlərdə dünya ölkələri ilə yanaşı Azərbaycanda da koronavirusa yoluxma sayında artım müşahidə edilir.

Bununla əlaqədar olaraq bəzi ölkələrdə əhalinin virusa yoluxmasının qarşısının alınması üçün üçüncü dozanın, buster dozanın tətbiqinə başlanılıb. Eyni zamanda artıq əksər ölkələrdə 18 yaşa qədər olan şəxslərə peyvəndlərin vurulması da gündəmdədir.

Bəs, Azərbaycanda buster dozanın tətbiqinə necə yanaşılır? Mütəxəssislərin həmin doza alan şəxslərlə almayan şəxslər arasında apardıqları müqayisələrin nəticələri bizə nə deyir?

Bu barədə Oxu.Az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru Nuran Abdullayev deyib ki, Azərbaycanda peyvəndlərlə və ümumiyyətlə 3-cü dəfə vurulan peyvənd dozası ilə bağlı mütəxəssislərin fikirləri ilə tanış olmağa çalışıram.

O bildirib ki, vacib məqamlardan biri elmi tədqiqatların nəticəsidir ki, bununla da insanlara hər şeyi konkret elmi nəticələrlə izah etmək olar:

“Belə ki, artıq İsraildə buster doza ilə bağlı ən önəmli elmi tədqiqat başa çatıb. Bu elmi tədqiqatla COVID-19 üzərində buster effektin rolu araşdırılıb. Araşdırmalarda İsrailin Səhiyyə Nazirliyinin məlumat bazasından 4,6 milyon nəfərlə bağlı 30 İyul 2021-ci ildən 5 oktyabr 2021-ci ilə qədər olan məlumatlar araşdırılıb. Burada virusa yoluxma, xəstəliyi ağır keçirmə və ölüm halları buster dozanı 12 gün əvvəl alan şəxslərlə onu ümumiyyətlə almayan şəxslər arasında müqayisə edilib. Tədqiqatın nəticələri onu göstərir ki, buster dozanı alan şəxslər arasında yoluxma digər qrupla müqayisədə təxminən 10 dəfə aşağı olub. Xəstəliyin ağır forması 60 yaşdan yuxarı buster dozanı alan şəxslər arasında bu dozanı almayanlarla müqayisədə 19 dəfə aşağı olub. Eyni müqayisə 40-60 yaşlı şəxslər arasında da buster dozanı alan şəxslərin xeyrinə olub, belə ki, bu yaş qrupunda da xəstəliyin ağır forması 20,7 dəfə aşağı olub.

Ölüm halları ilə bağlı olan nəticələr də insanlar üçün çox vacibdir. Belə ki, ölüm hallarına yalnız 60 yaşdan yuxarı şəxslər arasında rast gəlinib və buster dozanı alan 60 yaşdan yuxarı yaş qrupunda ölüm halları bu dozanı almayanlarla müqayisədə 14 dəfə aşağı olub. Daha vacib məqam ondan ibarətdir ki, bu doza BNT162b2 peyvəndi ilə aparılır və bunu qəbul edən şəxslərin böyük əksəriyyəti də daha öncədən Biontech/Pfizer peyvəndi vurdurub. “Sinovacla” bağlı, yəni daha öncə “Sinovac” vurdurub buster olaraq Biontech/Pfizer peyvəndi almaq konsepti ilə əlaqədar isə mənim istinad edəcəyim belə bir elmi tədqiqat nəticəsi yoxdur”.

Bu ilin may ayından etibarən rəsmi olaraq “Pfizer” peyvəndinin 12-15 yaş qrupunda olan uşaqlar arasında tətbiqinə rəsmi olaraq elmi əsaslı icazə verilib. Bu məsələyə də münasibət bildirən N.Abdullayev qeyd edib ki, “Pfizer” peyvəndinin bu günlərdə Azərbaycanda da tətbiq edilməsi elmi əsaslıdır və uşaqlara da təklif edilməsi alqışa layiqdir:

“Bilirik ki, pandemiya başlayandan bu günə kimi uşaqlar xəstəliyin xüsusi daşıyıcıları idi. Yəni onlar ilkin mərhələdə müəyyən formada virusu yüngül keçirsələr də, ancaq vacib olan iki təhlükəni daşıyırdılar. Birincisi, xüsusi risk qrupuna daxil olan şəxslərə virusu ötürərək onların xəstəliyi ağır keçirməsinə və hətta bəzilərində ölümlə nəticələnə bilməsinə səbəb olmaları, ikincisi, onların Long-COVID, yəni xəstəlikdən sağaldıqdan bir müddət sonra ağır simptomlara səbəb olmasıdır. Hazırda bu peyvəndin tətbiqi onu deməyə əsas verir ki, uşaqlar həm digər risk qrupuna daxil olan yaşlıları virusa yoluxmaqdan qoruyurlar. Həm də uşaqların özləri Long-COVID simptomlarından və onun riskindən azad olurlar. Bir elm adamı kimi deyə bilərəm ki, bu gün dünyada bunun tətbiqi həqiqətən də elmi arenada alqışlanandır və bir daha da vurğulayıram ki, elmi əsaslıdır”.

Kiçik bir elmi tədqiqatı da diqqətə çatdıran həkim bildirib ki, peyvəndlərin tətbiqindən sonra az faiz etibarilə yan təsirlərə və hətta müəyyən ağırlaşmalara rast gəlinir:

“Məhz bu da valideynlərdə müəyyən suallar ortaya çıxarır. Məsələn, ürək əzələsində ola biləcək iltihab barədə son elmi tədqiqatlar, xüsusən İsraildə olan tədqiqatlar onu deməyə əsas verir ki, peyvəndlənmənin 12-15 yaş qrupunda uşaqlar arasında tətbiqi mühümdür. Çünki onlar koronavirusa peyvəndsiz yoluxarsa, ürək əzələsində yaranacaq iltihabı prosesin ehtimalı yüksəkdir və ya peyvəndlər ürəkdə yaranacaq iltihab riskini altı dəfə azaldır. Bu önəmli bir faktdır. Bunun kimi bir neçə elmi tədqiqatlar var. Yəni elmi əsaslı şəkildə deyirəm ki, peyvəndsiz virusa yoluxarkən yaranacaq risklərin “Pfizer” peyvəndinin tətbiqindən sonra dəfələrlə azaltmaq mümkündür. Azərbaycanda peyvəndin tətbiqi zamanı vacib olan amillərdən biri də valideynlərin maksimum şəkildə maarifləndirilməsidir. Qeyd edim ki, peyvəndlərin uşaqlarda tətbiqi zamanı müəyyən günlərdə qollarda ağrılar, temperatur, baş ağrıları kimi hallara rast gəlinə bilər. Bu hallardan təşvişə düşmək lazım deyil və elmi əsaslı şəkildə həkimlərimiz valideynlərə peyvənddən sonra yarana biləcək həmin bu yüngül simptomları izah etməlidirlər. Tövsiyə edərdim ki, valideynlər sağlam övladlarının müasir elmin söylədiyi normalar çərçivəsində aktiv şəkildə peyvəndləmədə iştirakına icazə versinlər”.

Könül Cəfərli


Вернуться назад