Главная > Cəmiyyət > Karatindən çıxaracağımız dərs.
Karatindən çıxaracağımız dərs.25-04-2020, 17:04. Разместил: azadses |
Əhməd bəy Ağaoğlu xatirələrində yazır: “İndi anlayıram ki, insanın yetişməsi, möhkəmlənməsi üçün qara günlər ağ günlərdən daha mühüm imiş. Amma bir şərtlə: boş dayanmamalısan, başını aşağı salıb zülm və zillətə qatlaşmamalısan”. Əhməd bəyin bu sözlərini bütöv bir xalqa da şamil edə bilərik. Bir xalqın möhkəmlənməsi, mənəvi cəhətdən böyüməsi, vahid ideologiya ətrafında birləşməsi üçün ağrılı-acılı günlər yaşaması, qarşısına çıxan çətinliklərə sinə gərməsi çox vacibdir. Eyni ilə yaşadığımız bu günlər kimi. Artıq bir aydan çoxdur ki, Azərbaycan xalqı da bütün dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizə aparır. Doğrudur, tarix boyu ağlasığmaz fəlakətlərə, müharibələrə, soyqırımlara məruz qalan bir xalq üçün qısa bir karantin dövründə evdə oturmaq o qədər də çətin bir iş kimi görünməməlidir. Lakin dövrün tələblərini nəzərə alsaq, virusa qarşı apardığımız bu mübarizə də xalqımızın tarixinə qəhrəmanlıq səlnaməsi kimi yazılmalıdır. Bəli, bu karantin dövrü bizə mətanətli, əzmkar, iradəli və ən əsası gələcəyə ümidlə baxmağı öyrətdi. Bəlkə də bütün bunlar bir xalq kimi bizdə nə vaxtsa olub. Lakin uzun müddətdir rahat yaşamağı, bir-birimizə qarşı soyuq olmağı, ətrafımızda baş verən hadisələrə laqeyd yanaşmağı adət halına çevirən bizlərə karantin günləri yaxşı bir dərs oldu. Artıq bu dərsdən nəticə çıxarıb itirdiyimiz torpaqlar üçün mübarizəyə də qalxa bilərik və qalxmalıyıq. Bəlkə virusa qarşı apardığımız mübarizə bizi, əsrlərdi qanımıza susayan erməni adlı “virusa” qarşı da mübarizəyə sövq etdi. Məncə müharibə heç də bu gün yaşadığımız karantin günləri qədər çətin olmayacaq. İş yerləri bağlanmayacaq, heç kim küçəyə çıxmaq üçün hansısa nömrəyə mesaj göndərib icazə almayacaq, bir kimsə maska və əlcək geyinmək, evə çatan kimi əllərini spirtlə yumaq məcburiyyətində qalmayacaq, televiziya kanalları imkansız ailələrə yardım edənləri gecə-gündüz çəkib göstərməklə onsuz da ağır vəziyyətimizi daha da çətinləşdirməyəcək, uşaqlar dərslərini kiçik telefon ekranlarından və yaxud şüalı kompüter monitoru arxasından dinləməyəcək. Müharibə başlasa həyat indiki qədər çətin olmayacaq. Düzdür, mən heç zaman əsl müharibə görməmişəm. Bəlkə də bu yazdıqlarıma görə kimsə məni qınayar və müharibənin canlı şahidi olmayan birisinin bu cür düşünməsini düzgün hesab etməz. Amma mən ən azı “Aprel döyüşləri” zamanı həyatın indiki qədər çətin olmadığını gördüm. Həyat öz axarı ilə davam edirdi. Müharibə başlayarsa, yenə də belə olacaq. 2016-cı ilin aprel ayında hər kəs daha həvəsli, daha enerjili idi. Sanki cəbhədə qanlı-qadalı döyüşlər yox, nəsə xoş hadisələr cərəyan edirdi. Əslində bu bizə məhz elə bu cür təsir etməlidir. Tarixi döyüş meydanında, at üstündə yazılan bir xalq üçün evdə oturmaq qədər dəhşətli bir şey olmamalıdır. Müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpasının yeganə çıxış yoludur və bu koronavirus pandemiyasının insandan insana keçməsi qədər aydın və qətidir. Müharibənin hər anı ölümdür (Elə virusun yayılması da ölüm deməkdir). Ən yaxşı halda evin dağılar, yerindən-yurdundan didərgin düşərsən. Lakin döyüşərsən. Öz vətənin üçün, xalqın üçün döyüşərsən. Ön cəbhədə də, arxa cəbhədə də. Bu gün virusa qarşı mübarizədə arxa cəbhə evimiz, hərbi taktikamız səbrlə evdə oturmağımızdırsa, müharibə vaxtı öz gündəlik həyatımızla döyüşən əsgərlərə dəstək olar, lazım gəldikdə silaha sarılıb vuruşarıq. Bu gün iş yerlərinin bağlanması səbəbilə yüz minlərlə insan çətin durumdadı. Yardım almaq üçün növbələrə dayanırlar. Bizi bu çətinlikdən xalqımızın genefonduna hopan humanistlik, yardımsevərlik xilas edir. Nə qədər imkanlı şəxs öz vəsaiti hesabına maddi cəhətdən çıxılmaz duruma düşən ailələrə yardım edir. Sizcə, müharibə başlayarsa, belə bir vəziyyət yaranarmı? Xeyir, yaranmaz. Çünki müharibənin ən qızğın dövründə belə bərbər saç kəsəcək, taksi sürücüsü insanları ünvanlarına çatdıracaq, metro öz vaxtında xidmət göstərəcək, məktəblər, universitetlər açıq olacaq və s. Bir xalq olaraq çətin karantin günlərindən üzüağ çıxmağımıza az qalıb. Tarixin növbəti dərsini yekunlaşdırmaq üzrəyik. Qarşıda bizi imtahan gözləyir. Bu dəfə daha təcrübəli və daha iradəli şəkildə. Koronavirus bizə vətən torpağından qiymətli heç nəyin olmadığını bir daha anlatdı. Qorxulu heç nə yoxdur. Sadəcə cəsarətli olmalıyıq. Əgər bu gün biz övladlarımızı yarıac, yarıtox saxlayıb qoyulan tələblərə əməl ediriksə, bunu vətən torpağı üçün də edə bilərik. Müharibənin şərtləri karantin şərtləri qədər çətin deyil. Təkcə psixoloji bariyeri aşmaq kifayətdir. Bunu da son bir ayda öyrəndik, məncə. Orxan İsayev AJB-nin üzvü Вернуться назад |