Главная > Cəmiyyət / Manset > Nakauta düşən 47 %
Nakauta düşən 47 %28-07-2021, 08:41. Разместил: azadses |
Hələ çətin 90-cı illərdə yeganə təsəllimiz idmançılarımız idi. Cüdoçular, güləşçilər, boksçular, atıcılar və digər idman növlərində olan təmsilçilərimiz yenicə müstəqillik qazanmış, dünyanın bixəbər olduğu bir ölkəni layiqincə təmsil edir, müharibədən məğlub ayrılmış, iqtisadi və siyasi çətinliklər məngənəsində sıxılan bir xalqın üzünü güldürməyi bacarırdı. İllər ötdükcə nəinki biz özümüz, hətta bütün dünya Azərbaycanı idman ölkəsi kimi qəbul etməyə başladı. Kollektiv idman növlərində uğursuz olsaqda, fərdi yarışlarda, əsasən də əlbəyaxa döyüş növlərində kifayət qədər ürəkaçan nailiyyətlər əldə etməyi bacarırdıq. Genetik kodlarımıza həkk olunan türk dəliqanlılığı, qafqaz əzmkarlığı, müsəlman ruhu idman arenalarında uğurlarımızı şərtləndirən amillərdən idi. Elə yarışlar olurdu ki, ABŞ, Rusiya, Fransa, Yaponiya, Çin kimi idman sahəsində kifayət qədər inkişafa nail olmuş ölkələrin idmançıları belə Azərbaycan təmsilçiləri ilə qarşılaşmalarda çətinlik çəkirdilər. Sidney olimpiadasından başlanan uğurlarımız Afina, Pekin, London, Rio de Janeyro şəhərlərində də uğurla davam etdi. Davam etdi və deyəsən, bitdi. Ən azı bu illik bitdi. Bu il isə 2021-ci ildi. Viruslu, xəstəlikli, böhranlı və ümidsiz 2021-ci il. 1 il kecikən Tokio Yay Olimpia oyunları və 3 rəngli bayrağı Gündoğar ölkənin idman arenalarında dalğalandırmalı olan 44 idmançı. Yəqin ki, bu 44 idmançı məskunlaşdıqları Olimpia kəndində digər ölkələrin də bayraqları ilə tez-tez qarşılaşırlar. Bir qədər diqqətli olsalar, görərlər ki, dünya ölkələrinin əksəriyyətində bayraqlar 3 rənglidir. Bizdəki kimi. Bəs bizim 3 rəngli bayraqla, digər 3 rəngli bayraqların fərqi nədir? Bunu idmançılarımız bilirmi? Maksim Şemberov, İvan Tixonov, Zelim Kotsoyev, Uşangi Kokauri, Lorenso Sotomayor, Edi Reski Dviçayo Alfonso Dominges “üçrəngli bayrağınla məsud yaşa” deyərkən qanları cuşa gəlirmi? Ümumiyyətlə, bu insanlar həmin sözləri deyə bilirmi? Bəlkə də bu adları oxuyarkən mənim səhv yazdığımı, internet saytlarından hansısa xarici ölkənin idmançılarının adını bu yazıya “copy paste” etdiyimi düşünəcəksiz. Amma elə deyil. Bu əndrəbadi ad və soyada malik olan Azərbaycan idmançılarıdı. Hələ hamısı deyil. 44 idmançının 21 milliləşdirilmişlərdir. Hələ dağıstanlıları saymamışam. 21 idmançı olimpia yığmamızın 47 faizini (!) təşkil edir. Və bizim nazlı qəmzəli bayrağımız bunlara etibar edilib. Hər gün olimpia gündəliyinə baxarkən “filan idmançımız da mübarizəni dayandırdı” başlıqlı yazılar təəccüb doğurmur. Nə Sotomayoru, nə Kokaurini, nə Baştanı, nə də digərlərini qınamıram. Kişilər (xanımlar) pul qazanır. Pul yoxe, pullar. Pullar yoxe, milyonlar. Nə bilim bəlkə də milyardlar. Biz isə Bakıda oturub Tokiodan gələn xəbərlərdən xəstəlik tapırıq. Bu elə xəstəlikdir ki, çarəsi nə maskadadır, nə də qapanmada. Sadəcə qısa qapanma verən beyinlərin idmanımızı idarə etməsi xəstəliklərimizin əsas mənbəyidir. Yuxarıda 90-cı illərdə olan vəziyyəti təsadüfən yazmadım. Əgər o zaman uğur qazana bilirdiksə, bu gün biz olimpiada yarışlarında ilk onluğa iddia etməliydik. Ən azı məmmədlər, əhmədlər, namiqlər, fəridlər, elnurlar bizi təmsil etməli idi. Daha 47 faizi dünyanın 47 ölkəsindən 47 dağ aşıb, 47 çay keçib, 47 milyon xərcləyib “idmançı” gətirməzdik. Niyə idmançı yetişdirmək bacarığımız tükəndi? Bəlkə biznes obyektinə çevrilən olimpia mərkəzlərinə görə, bəlkə saatı 60 manata olan idman arenalarına görə? Görəsən, qoyun, inək otara-otara məşq edən idmançılarımızın qazandığı nəticəni lyüks idman zallarında məşq keçən idmançılar niyə əldə edə bilmir? Mən də bilmirəm, siz də. Amma bilənlər var. O, bilənlər bir də onu bilir ki, bu gün ölkədə gənclik narkomaniyanın zərbəsindən hələ də nakaut vəziyyətindədi. Hakimin sayı getdikcə artır. Amma bu gənclik ayılmır ki ayılmır. Elə idmanımızı idarə edənlər də. Вернуться назад |