Главная > Cəmiyyət / Manset > Almaniyada işə düzəlmək istədi, pulundan oldu - Açıqlama
Almaniyada işə düzəlmək istədi, pulundan oldu - Açıqlama5-07-2021, 10:58. Разместил: azadses |
Sumqayıt şəhər sakini Rasim Abıyev “Go Europe” şirkətinin rəhbəri İbrahimov Orxan Rafael oğlu tərəfindən dələduzluğa məruz qaldığını iddia edir. R. Abıyev “Qafqazinfo”ya müraciətində bildirib ki, o, bu ilin fevralın 28-də Polşa vizasıyla Almaniyada işə düzəlmək üçün sözügedən şəxsə 510 manat pul verib: “Prosesin mayın əvvəlinə kimi başa çatacağını deyirdi. Ancaq aprelin 14-də məlum oldu ki, o, ölkədən çıxıb və Polşaya gedib. Vatsap üzərindən yazdıqlarımızı da oxuyub cavab vermir. Sonra məlum oldu ki, 30-a yaxın şəxs də onun tərəfindən dələduzluğa məruz qalıb. Bununla bağlı Yasamal rayon 27-ci Polis Bölməsinə müraciət etdik. Bir neçə gün əvvəl iş Prokurorluğun icraatına verilib. İstəyirik ki, Orxan İbrahimov haqqında tez zamanda cinayət işi açılsın və o, ölkəyə deport olunub zərərçəkmişlərə vurduğu ziyanı ödəsin”. “Qafqazinfo” olaraq O. İbrahimovla əlaqə saxladıq. O saytımıza bildirdi ki, Polşada, Almaniyada işə düzətməklə bağlı Ukraynada yerləşən şirkətlərlə 2017-ci ildən əməkdaşlıq edib: “Onlarla yazışmalarım, ödənişlərini atdığım şəxslərin hamısının siyahısı var. Mən müştərilərdən ödənişi alıb xaricdəki şirkətə çatdırırdım. Bundan sonra xaricdəki şirkət sənəd göndərirdi. Həmin sənədin əsasında şəxs viza alır və getdikdən sonra orada işlə təmin olunur. 2020- ci ilin əvvəlinə qədər işlər yaxşı gedirdi. Pandemiyadan sonra müştərilərin viza müraciətinə "yox" cavabı almağa başladım. Mən də şəxsin adına müqavilədə müştərinin pulunun batmamasıyla bağlı bənd əlavə etmişəm. Burada əlbəttə ki, mənim də xeyrim var. 10 nəfərə rədd cavabı verildi, mən həmin şəxslərin ödədiyi pulu qaytardım. Daha sonra Ukraynada yerləşən daha bir şirkətdən təklif aldım. Dedi ki, müştəriləri Polşada işə düzəldə bilərlər. Köhnə şirkətlə yalnız müştərilərin verdiyi pulu geri qaytarmaq məsələsi qalmışdı”. O. İbrahimov vurğulayıb ki, hazırda ondan şikayət edən 18 müştəri var: “50 nəfərdən 20-sinin ödənişlərini qaytarmışam. Qalanlarını ödəyib çatdıra bilmədim. Polşaya gəldim ki, işləyim və onların da pulunu geri qaytarım. Ümumilikdə 20 minə yaxın borcum qalıb. Mənim ailəm, övladım Bakıdadır, heç yerə qaçmamışam. Narazı olan şəxslərə qrupda yazdım ki, işlərini həll edəcəyəm, səbrli olsunlar. Onlar mənə inanmadılar. Bildirdilər ki, guya ölkədən qaçmışam. Səbrli olsaydılar, çıxış yolunu tapacaqdım. Şirkət mənə təklif edir ki, yenidən müştərilərə iş icazəsi çıxaraq. Mən bunu müştərilərə bildirəndə onlar imtina etdilər. Onlara yazanda nalayiq ifadələrdən istifadə edirlər. Ona görə də cavab vermirəm. Şirkətə demişəm ki, bütün müraciətləri rədd edin, müştərilərin pulunu geri qaytarın ki, şəxslər yenidən yox cavabı alıb üstümə gəlməsinlər. Yaxın bir ay ərzində şikayət edənlərin pulunu geri qaytaracağam”. Günel Türksoy Вернуться назад |