Главная > Cəmiyyət > Ramiz Mehdiyevdən AMEA əməkdaşlarının bağ evləri ilə bağlı şok qərar: Geri alın
Ramiz Mehdiyevdən AMEA əməkdaşlarının bağ evləri ilə bağlı şok qərar: Geri alın23-02-2021, 08:07. Разместил: azadses |
Ramiz Mehdiyev AMEA-nın 500-dən çox əməkdaşına verilmiş bağ sahələrinin əllərindən alınması ilə bağlı göstəriş verib. AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi institutlara məktub göndərərək, bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib. Əməkdaşlara ötən gün bu barədə məlumat verilib. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli bildirib. Məlumatda qeyd olunur ki, onlar bağ sahələrinin əllərindən alınması tapşırığı birbaşa Ramiz Mehdiyevdən gəlib və AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov (Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlı olduqlarını bildirirlər. Eyni zamanda bu işdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifə icra edən akademik Qərib Məmmədov, İşlər idarəsinin müdirinin keçmiş müavini Sərdar Əliyev və “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin direktoru Vəliyəddin İbrahimov xüsusi rol oynayırlar. Oranı satacaqlarmı, villalarmı tikəcəklər, yoxsa hansısa keçmiş məmurun heyvandarlıq təsərrüfatı üçün örüşəmi çevirəcəklər, bəlli deyil. İstənilən halda əməkdaşlar bağlarının əlindən alınmasının qanunsuz göstəriş olduğu, uzağagedən məqsədlər güddüyü qənaətindədirlər. Onların fikrincə, Ramiz Mehdiyev və onun akademiyadakı dəstəsi hər addımda dövlətə, xalqa ziyan vurmağa çalışır. Məlumat üçün qeyd edim ki, AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə ayrılıb. İki bölgü üzrə Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə təkminən 523 sahə verilib, müqavilələr bağlanılıb. AMEA-nın balansında olan həmin ərazinin sahəsi ümumilikdə 1800 hektardan çoxdur. Müqaviləyə əsasən, ötən müddət ərzində AMEA əməkdaşlarının maaşından hər ay 15 manat çıxılıb. Yolların çəkilməsi üçün adambaşına 50 manat yığılıb. Sahələrin hasarlanması üçün hər bir əməkdaş təxminən 300-700 manat xərcləyib. Hətta 1000-1500 manat pul xərcləyən də var. Əməkdaşların əksəriyyəti bağ sahələrində ağac əkıb və ya əkin işləri görüblər. Pandemiya ilə mübarizə dövründə Bakı və Abşeron sakinlərinin paytaxtdan çıxmasına qadağa qoyulduğuna görə, yəni obyektiv səbəblər ucbatından bağçılıq təsərrüfatlarında daha çox işlər görmək mümkün olmayıb. Bağ sahələrinin hasarlanması, ağacların əkilməsi və s. işlərin görülməsi isə məhz AMEA Rəyasət Heyətinin İşlər İdarəsi, AMEA Azad Həmkarlar Təşkilatı tərəfindən təşviq edilib, təşəbbüs göstərilib. İndi isə Ramiz Mehdiyevin göstərişi əsasında bağ sahələri əllərindən alınır. Hüquqları pozulan AMEA əməkdaşları kütləvi şəkildə məhkəmələrə müraciət etməyə, ölkə rəhbərliyinə müraciət ünvanlamağa hazırlaşırlar. AMEA Azad Həmkarlar İttifaqı əməkdaşların hüquqlarının pozulmasına reaksiya verməyib. Вернуться назад |