Главная > Cəmiyyət > Vaksinin qoruyuculuğu nə qədər davam edəcək? - İnfeksionist bütün gerçəkləri açdı
Vaksinin qoruyuculuğu nə qədər davam edəcək? - İnfeksionist bütün gerçəkləri açdı14-02-2021, 11:38. Разместил: azadses |
Onkoloji xəstələrin müalicə aldığı xüsusi dövrdə peyvənd olunmaları tövsiyə olunmur. O cümlədən immun sistemini aşağı salan xüsusi dərmanlar qəbul edən immunsupressiv xəstələrə, orqan transplantasiyası əməliyyatı keçirən və immun sistemi aşağı olan insanlara vaksinin necə təsir edəcəyi barədə yetəri qədər araşdırmalar yoxdur. Odur ki, bu risk qrupunun da vaksinasiyaya cəlb olunması nəzərdə tutulmayıb. Lakin 65 yaşdan yuxarı insanlar hansı xəstəliyin kəskin dönəmində deyilsə, hər biri peyvənd oluna bilər. Bu yaş qrupunun peyvənd olunması xüsusilə vacibdir. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri TƏBİB-in İşçi Qrupunun üzvü, infeksionist Vüsalə Yaşar deyib. Həkim bildirib ki, kəskin xəstəlikləri olan insanlar müalicədən sonra vaksinasiyaya cəlb olunmalıdır: “Xroniki xəstəliyi olan insanlar arasında peyvənd qorxusu olsa da, vaksinlə bağlı araşdırma aparan və bu barədə ətraflı məlumat əldə edən insanların böyük qrupu vaksinasiyada könüllü şəkildə iştirak edir. Ümumiyyətlə, peyvənd qorxusu yeni hal deyil. İllərlə valideynlər övladlarını vaksinasiyadan yayındırmağa çalışırdı. Unutmaq lazım deyil ki, vaksinlər bizi ölümcül xəstəliklərdən və ya xəstəliklərin ağırlaşmasından qoruyur. Əslində, vaksin dünyanın əsas elmi nailiyyətlərindən biridir. Çiçək xəstəliyinin kökü məhz vaksinasiya sayəsində kəsilib. Odur ki, bəzi xəstəliklərə qalib gəlməyin yolu vaksindən keçir. Əlimizdə olan vaksin isə inaktiv vaksindir, bədənimizə hər hansı virus deyil, qarşılaşa biləcəyimiz virusun zəiflədilmiş modelini yeridirlər. İmmunitet bu modelə qarşı müdafiə mexanizmi hazırlaya bildiyi üçün virusa yoluxanda bədən müqaviməti hazır vəziyyətdə olur. Peyvənd olunan insanlar özünü qorumağa, maska taxmağa, sosial məsafəni qorumağa davam etməlidir. 100 faizli qoruyucu peyvənd yoxdur. Vaksinasiyanın qoruyuculuğu 60-90% arasında dəyişir. Onun əsas mahiyyəti ondan ibarətdir ki, xəstəliyi daha yüngül keçirməyə kömək etsin. Burada orqanizmin ona verdiyi cavab önəmlidir. Bu, elə bir xəstəlikdir ki, hansı antitel titrinin nə qədər qoruyucu olduğunu belə hələ bilmirik. Bu antitellərin hansı rəqəmdən sonra qoruyucu olduğunu, bu qoruyuculuğun nə qədər davam edəcəyini dəqiq söyləmək mümkün deyil. Hələ ki, bu barədə araşdırmalar azdır. Ümid edirik ki, vaksinin qoruyuculuğu daha da artacaq. Yalnız əhalinin 70 faizini vaksinasiya etdikdən sonra xəstəliyin yoluxma zəncirini qıra biləcəyik. Ümumilikdə vaksinin qoruyuculuğunun 6 aydan az olacağını düşünmürük. Ən böyük istəyimiz odur ki, vaksinin qoruyuculuğu azı 2 il olsun”. Maarifləndirmənin əhəmiyyətindən söz açan Vüsalə Yaşar qeyd edib ki, xəstəliyin yaratdığı fəsadlar insanları daha çox narahat etməlidir: “Tərəzinin bir gözünə peyvəndin təsirlərini, digər gözünə isə xəstəliyin fəsadlarını qoysaq, görərik ki, ikincinin nəticələri daha ağırdır. Baş ağrısı və yüngül qızdırma kimi peyvəndin yaratdığı təsirlər maksimum 48 saat davam edir. Odur ki, vaksin ən doğru seçimdir”. Вернуться назад |