Главная > Cəmiyyət > Metro açılsa, yoluxma artacaq, amma... – Həkim
Metro açılsa, yoluxma artacaq, amma... – Həkim13-02-2021, 09:24. Разместил: azadses |
Fevralın 15-dən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında yerləşən orta məktəblərdə yuxarı sinif şagirdləri üçün də ənənəvi tədris bərpa olunur. Bəs iki həftəlik tədrisin yekunu necədir? Məktəblərin açılması yoluxma sayına necə təsir etdi? ''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a danışıb. “Məktəblərin açılması ilə ölkədə koronavirusa yoluxma sayda ciddi dəyişikliklər müşahidə olunmur. Düşünürəm ki, bu məsələyə obyektiv qiymət vermək üçün iki həftə yetərli deyil. Məlum inqubasiya dövrü var ki, onu gözəmək lazımdır. Hər halda, növbəti həftədə görəcəyik ki, məktəblərin açılmasının yoluxma sayına neqativ təsiri var, ya yox. Onu da qeyd etmək lazımdır ki, məktəblərin açılması məsələsində pozitiv tərəflər də çoxdur. Çünki məktəblərin uzun müddət bağlı qalması təhsili getdikcə stressə salırdı. Onlayn təhsil bütün tələbatları tam ödəyə bilmirdi. Bu səbəbdən təhsilin yeni rejimdə davam etmək məcburiyyəti var. Lakin bu proses mütləq şəkildə tələblərə uyğun aparılmalı, siniflərdə sosial məsafə gözlənilməli, gigiyenik qaydalara ciddi əməl etmək lazımdır”. İndi aktual olan suallardan biri də məktəblərin ardınca metroların açıla biləcəyi ilə bağlıdır. Artıq fevralın 15-dən etibarən tədrisin daha bir mərhələsi başlayır, eyni zamanda universitetlər də qismən ənənəvi dərsləri bərpa edirlər. Bununla da ictimai nəqliyyatda daha böyük sıxlıq yaşanacağı gözlənilir. Hazırda da ictimai nəqliyyatlarda sıxlıq yaşanır. İnsanlar avtobuslarda sıx vəziyyətdə, az qala nəfəs-nəfəsə dayanır ki, bu da virusa yoluxma riskini daha da artırmış olur. Nəqliyyat xəttinə metroları əvəz edən avtobuslar daxil edilsə də, göründüyü budur ki, problem həll olunmamış qalır. Bəs metrolar da açıla bilərmi? Metroların hələ də açılmamasının səbəbi nədir? Zülfüqar Yusifov məsələyə bu cür mövqe bildirib: “Bəli, bu gün avtobuslara çox sıxlıq yaşanır. Nəzərə alsaq ki, tezliklə yuxarı siniflərdə, eləcə də universitetlərdə üz-üzə tədris yenidən bərpa olunacaq, deməli ictimai nəqliyyatda sıxlıq daha da artacaq. Avtobuslar bütün bu tələbatı təbii ki, ödəyə bilməz. Bu baxımdan metronun açılması məqsədəuyğundur. Sadəcə metro ilə bağlı problem ondan ibarətdir ki, iddialara görə metro qapalı zona olduğundan orada virusun yayılma təhlükəsi daha çoxdur. Lakin avtobuslar da axı qapalı zonaya çevrilir və bir neçə saat avtovusda insanlarla bir yerdə olmaq kifayətdir ki, xəstəliyə yoluxasan. Belə çıxır ki, metrolarda daha çox ventilyasiya prosesinin adekvatlığına diqqət etmək lazımdır. Həmçinin hesab edirəm ki, metro vaqonlarının da tutumu nəzər alınmalıdır. Bəzi ölkələrdə belə bir təcrübə var ki, müəyyən limit dolduqdan sonra metroya giriş müvəqqəti ləngidilir. Yəni bu şəkildə mümkün qədər həyatın bərpa olunmasına çalışmalıyıq. Lakin qeyd etdiyim kimi, qaydalar, məhdudiyyətlər olmalıdır. Onlara əməl etməsək, bu gün əldə etdiyimiz uğurları da sərbəstliyi də yenidən təkrar itirə bilərik”. Вернуться назад |